Yuliya Timoşenkoya daha bir cəza verildi

yuliya-timosenkoya-daha-bir-ceza-verildi-
Oxunma sayı: 637

Timoşenkonun saxlandığı Lukyanovsk həbsxanasında 12 saat davam edən məhkəmə iclasında hakim belə qərar verib. Timoşenkonun vəkili Serqey Vlasenkonun bildirdiyinə görə, məhkəmə bu qərarı Yuliya Timoşenkonun azadlıqda olacağı təqdirdə, istintaqa mane ola biləcəyi ilə əsaslandırıb.

Bu dəfəki qərarda Yuliya Timoşenkonun "Ukraynanın vahid energetika sistemləri" korporasiyasının rəhbəri qismində fəaliyyətindən gedir. İstintaqın versiyasına görə, bu vəzifədə olduğu 15 il ərzində Timoşenko korporasiyanın Ukrayna Müdafiə Nazirliyinə olan bir neçə milyonluq borcunu silib.

Timoşenko artıq 7 il müddətinə həbs cəzası alıb. Peçörsk məhkəməsi onu 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalayarkən vəzifə səlahiyyətlərini aşmaqda günahkar bilib. Timoşenkoya həmçinin azadlığa çıxandan sonra 3 il ərzində müəyyən dövlət vəzifələrini tutmaq qadağası və Ukrayna Neft-Qaz Şirkətinə 200 milyon dollara yaxın təzminat öhdəliyi qoyulub. Timoşenkonun vəkilləri apellyasiya ərizəsi ilə müraciət ediblər.

Ukraynanın sabiq baş nazirinin həbsxanada səhhəti ilə bağlı problemlərinin olduğu bildirilir. Timoşenkonun qızı Yevgeniya Karr-Timoşenko Fransanın Marsel şəhərində konfransda çıxış edərkən, Kiyev həbsxanasında anası ilə pis rəftar edildiyini və onun işgəncələrə məruz qaldığını bildirib: "Hazırda anamın vəziyyəti çox ağırdır. O, heç bir tibbi yardım almır. Dörd aydır həkiminə onu görməyə icazə vermirlər ki, qan testi götürsün. Bu, Avropa Konvensiyasına görə işgəncə kimi təsnif edilir, bu işgəncə indi davam edir".

"Avropa Xalq Partiyası"nın konfransında Yuliya Timoşenko çıxış etməli olsa da, o, həbsdə olduğu üçün qızı Yevgeniya onun əvəzinə çıxış edib. Timoşenkonun boş kürsüsünə isə portreti qoyulub. Yevgeniya iddia edir ki, anasına verilmiş 7 il həbs cəzası onun gələn il keçiriləcək parlament seçkisində iştirakının qarşısını almaq cəhdidir. "İndi həbsxanada dəmir barmaqlıqlar arxasında olsa da, anam öz əleyhdarlarından daha azaddır, çünki o, Ukraynanın demokratik gələcəyinə və Avropa seçiminə inanır" - Yevgeniya Karr-Timoşenko belə deyib (anspress.az).