Yuri Yakovlev Bank VTB-nin İdarə Heyətinin sədri təyin olundu

yuri-yakovlev-bank-vtb-nin-idare-heyetinin-sedri-teyin-olundu
Oxunma sayı: 831


Yeni rəhbər öz vəzifələrinin icrasına 2014-cü ilin iyul ayından Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiyadan keçdikdən sonra başlayıb.

Yuri Yakovlev VTB Qrupunda 2006-cı ildən işləyir, 2011-ci ildən Nyu-Dehli şəhərində VTB bankın filialına başçılıq edib.

VTB prezidenti - İdarə Heyəti sədrinin birinci müavini Vasiliy Titov deyib: “Yuriy Dmitriyeviç maliyyə sektorunda zəngin təcrübəyə malikdir. O, qarşıya qoyulmuş məsələlərin həllindən uğurla gəlmiş, Bank VTB-nin Hindistandakı fililalının işinin səmərəliliyini təmin etmişdir. Biz əminik ki, onun rəhbərliyi altında Bank VTB (Azərbaycan) biznesin fəal inkişafını davam etdirəcək, əsas maliyyə göstəriciləri üzrə müsbət dinamikaya nail olacaqdır”.

Arayış üçün:

Yakovlev Yuri Dmitriyeviç 1957-ci ildə anadan olub. Ali təhsillidir (Rusiya Federasiyası XİN-in Diplomatiya akademiyasının məzunudur) və iqtisadiyyat üzrə elmləri namizədi elmi dərəcəsinə sahibdir. Beynəlxalq ticari-iqtisadi münasibətlər sahəsində nüfuzlu mütəxəssisdir. Y.Yakovlev əmək fəaliyyətinə 1978-ci ildə başlamışdır. 1980-ci ildən 2003-cü ilədək o, SSRİ Mədəniyyət Nazirliyində, RF-nin Xarici-iqtisadi əlaqələr nazirliyində, həmçinin RF-nin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə çalışmışdır. Cənubi Asiya ölkələrində bir sıra iri həcmli beynəlxalq investisiya layihələrinin hazırlanması və gerçəkləşməsində iştirak etmişdir. Eyni zamanda Y. Yakovlev kredit təşkilatlarında böyük iş təcrübəsinə malikdir. Belə ki, 2003-cü ildən və 2006-cı ildə VTB-yə keçənədək o, İnvestisiya Kommersiya Bankı “Russkiy İnvestisionniy Alyans” MMC-də Xarici ticarət əməliyyatları və müxbir münasibətlər idarəsinin rəisi və sonradan İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 6 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.