Yusiflə Annanın toyu nəyə hesablanıb?

yusifle-annanin-toyu-neye-hesablanib
Oxunma sayı: 3669

Azər Qismət

Azərbaycanlı müğənni tenor Yusif Eyvazovun Rusiyanın tanınmış opera müğənnisi Anna Netrebko ilə toyu oldu. Cütlüyün nikahı Vyananın dəbdəbəli “Hofburq” sarayında baş tutdu. Daha sonra onlar yaxınları ilə birlikdə toy mərasimlərinin keçiriləcəyi Lixtenşteyn sarayına getdilər. Ola bilsin, bu bizim üçün adi toy mərasimlərindən biri kimi yadda qalsın. Lakin unutmayaq ki, dünyanın məşhur telekanalları və qəzetləri nigah mərasimini geniş işıqlandırdılar.

44 yaşlı Anna Netrebko ilə 38 yaşlı Yusif Eyvazovun ötən ilin avqustunda nişanlanması xəbərini eşidəndə sevindim. Və bizim azərbaycanlımızın xarici vətəndaşla, özü də dünya səviyyəli şəxslə ailə qurmasına psevdo vətənpərvərlik nümayiş etdirmədim. Çünki belə bir məşhur qadınla evliliyin nəyi pisdir ki? Ümumiyyətlə, onun tərəfdarıyam ki, əgər bizim kişilərin xaricilərlə evlənmək fikri varsa, evlənsinlər. Amma heç olmasa məşhur bir adamla ailə qursunlar. Daha hansısa kəndin donuz otaranının qızı ilə evlənməsinlər, yaxud onun tələsinə düşüb oralarda ilişib qalmasınlar. Sonra burdakı qohumları deməsin ki, “rus qızı oğlumuzu caduladı”. Belə misallar çoxdur və hər gün eşidirik. Deyilə bilər ki, burda ürək-könül əsas məsələdir, əksər hallarda belə olmur. Bu təkcə kişilərə aid deyil.

Qadınlarımızın da məşhur adamlarla ailə qurması pis olmazdı. Əlbəttə, mən də istərdim ki, qanımıza qan qarışmasın, təmizqanlı olaq, millətimizi qoruyaq. Lakin qarışıb və çoxdandır ki, təmiz qanlılıqdan çıxmışıq. Bunun qarşısını almaq daha mümkün deyil. Xaricilərə ərə gedirsinizsə, heç olmasa ölkəmizin gələcəyinə görə əlinizdən gələni əsirgəməyin. Necə ki, Yelena Bonner-Əlixanyan “Nobel” mükafatı laureatı Andrey Saxarova ərə gedib ölkəsi üçün nəsə etdi. Kişini necə tovlamışdısa, o, SSRİ Ali Sovetinin qurultayında tez-tez kürsüyə çıxıb “Qarabağ ermənilərindir” deməkdən yorulmurdu. Düzdür, Rusiyanın sarı mətbuatı yazırdı ki, Yelena Əlixanyan hərdən onu evdə döyür, bu başqa mövzudur. Əsas odur ki, Saxarovu nəyəsə məcbur edirdi.

Hələ SSRİ dönəmində sovet aviakonstruktoru Oleq Antonov erməniləri kütləvi şəkildə öz sahəsinə aid olan işə yerləşdirirdi. Və onlara rəğbət bəsləməsinin bir səbəbi vardı. Çünki arvadı Yelizaveta Şahatuni erməni idi. Oleq Antonovun əlaqələri sayəsində Yelizaveta SSRİ-də yeganə qadın aviakonstruktor oldu, Ermənistandan olan gəncləri həmin sahəyə cəlb etdi. Deməli, vəzifəli şəxsə ərə getməklə bir erməni qadını vətəni Ermənistan üçün nə qədər əhəmiyyətli iş gördü.

Yaxud, Ripsime Canpoladyan-Piatrovskayanı götürək. Yəqin, məşhur familiyadan anladınız ki, o, kimə ərə gedib. Əlbəttə ki, dünyanın məşhur muzeylər siyahısına düşən “Ermitaj”ın direktoru olmuş Boris Piatrovskiyə. Ripsime həm də muzeyin indiki direktoru Mixail Piatrovskinin anasıdır.

Dünyanın kömpüter nəhəngi Stiv Cobsun da həmişə ermənilərə rəğbəti olub. O, ABŞ-dakı ermənilərlə tez-tez təmasda olar, onların dəvətinə məmnuniyyətlə razılıq verərmiş. Deyə bilmərəm ki, rəhbərlik etdiyi şirkətdə neçə erməni çalışıb. Bəlkə də onlarla. Bəs, onun erməni sevgisi nədən qaynaqlanıb? Çünki Stiv Cobsa tərbiyə verən qadın Klara Akopyan olub. Yəqin ki, hər gün ona erməni nağılları danışarmış, millətini vəsf edərmiş.

Erməni qadınlarının tarixən məşhur adamlara ərə getməsi və ölkələri üçün xeyirli işlər görməli çoxdan məlumdur. Dərindən baxanda bu yaxşı cəhətdir. Belə hal isə bizim xoşumuza gəlmir. Hansı səbəbdən gəlmir, anlamıram. Hansısa azərbaycanlı qadın qarşısına xarici vətəndaşa ərə getməyi məqsəd qoyubsa, onsuz da bunu edəcək. Dediyim odur ki, heç olmasa məşhur adama, yaxud, super güclərin yuxarı vəzifəlisinin biri ilə ailə qursun. Ermənilər bütün vasitələrdən istifadə edirlər ki, ölkələrinə xeyir versinlər. Onlar hətta öz dırnaqarası mənbələrində Cahan Şahın arvadı Mümtaz Mahalı erməni hesab edirlər. Bildirirlər ki, Cahan Şah dünyanın möhtəşəm arxitektura əsəri sayılan Tac-Mahalı onun şərəfinə tikib. Artıq getdikcə bunu dünya ictimaiyyətinin gözünə üfürməyi bacarırlar.

Ermənilər artıq Uels şahzadəsi olmuş Diananın ana tərəfdən ulu nənəsinin erməni olmasını da dünyanın gözünə üfürürlər. Hər yerdə yazırlar ki, onun nənəsi Eliza Kevar erməni olub. “Kevar”ı “Kevorkyan” kimi təqdim edirlər. Hər şey bir tərəfə guya Şeyx Şamilin ən sevimli arvadı Anna Uluxanova da erməni olub. Onu Şuanat adı ilə təqdim edirlər.

İndi aydın olurmu ki, Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri konqresmen Kris Smit hansı səbəbdən ermənilərə rəğbət bəsləyir? Kris həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və ABŞ-dakı erməni lobbisinin təsiri altında olub. Nyu-Cersi ştatının Konqresdə təmsilçisi, 62 yaşlı bu adamın ya anası ermənidir, ya da nənəsi. Kökünü axtarsaq, gedib oralara çıxacaq. Və bunun kökü neçə yüz əvvəldən qoyulub.