“...Yuxusu çin olmayacaq” - Prezidentin köməkçisi

yuxusu-cin-olmayacaq
Oxunma sayı: 1834

"Təəssüflər olsun ki, Serj Sarkisyan yenə öz ampulasındadır. Adətinə uyğun olaraq danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır".

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov ötən gün İlham Əliyev və Serj Sarkisyan görüşünün yekunları ilə bağlı tvitter hesabında yazıb:

"Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanardı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir. 

Lakin o bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”.