Yüz min turist arasında sorğu keçiriləcək

yuz-min-turist-arasinda-sorgu-kecirilecek
Oxunma sayı: 709

“Azərbaycana gələn xarici ölkə vətəndaşları arasında sorğu keçiriləcək”.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, Büro turizm sektoru ilə bağlı detallı statistika hazırlamaq istəyir:

"Bu məqsədlə çox böyük bir layihəyə başlayırıq. İstəyirik ki, Dövlət Sərhəd Xidməti ilə birgə sərhəd keçid məntəqələrində anket sorğusu keçirək. Hələlik ilkin olaraq Azərbaycana gələn 100 min xarici ölkə vətəndaşına anket paylamağı planlaşdırırıq.

O anketlər həmin şəxslərin pasportlarına giriş möhürü vurularkən təqdim olunacaq. Amma anketlərin doldurulması məcburi olmayacaq. Bunlar sadəcə onlayn sayta keçid üçün təklif anketləri olacaq. Onlardan xahiş ediləcək ki, sayta girib oradakı suallara cavab versinlər. Təbii ki, böyük ehtimalla 100 min nəfərin hamısı sayta girib suallara cavab verməyəcək. Amma istənilən halda düşünürük ki, bir neçə min insan bu fürsəti dəyərləndirəcək. Sonda verilən cavablar əsasında turistlərin hansı ölkədən və nə məqsədlə gəldiklərini, onların sosial vəziyyətini, ailəli və ay subay gəldiklərini, eləcə də burada görmək istədiklərini öyrənəcəyik. Biz, məsələn, bilməliyik ki, turistlərlə bağlı infrastruktur yaradılanda nəyə üstünlük verilsin? Onları daha çox neçə ulduzlu otellər maraqlandırır? Onlar otellərdə, yoxsa hostellərdə qalmaq istəyirlər? Onları daha çox hansı əyləncələr, xidmətlər və s. maraqlandırır? Biz bütün mənzərəni tam aydın təsəvvür etməliyik ki, görülə biləcək işlər də o istiqamətə yönəldilsin".