Zabratı çapıb-talayanlar tutuldu

zabrati-capib-talayanlar-tutuldu
Oxunma sayı: 651

Oktyabrın 31-nə keçən gecə S. Vurğun küçəsində yaşayan Azər Babayevə məxsus, yaşadığı ünvanda yerləşən mağazadan dəmir barmaqlıqları sındırma yolu ilə ərzaq malları oğurlanıb. Sabunçu RPİ CAŞ və 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar Məhərrəm Rzayev və Şahin Mahmudov dekabrın 4-də yaxalanıblar.

Araşdırmalar zamanı məlum olub ki, Ş. Mahmudov və M. Rzayev Qaraçuxur qəsəbə sakini Azər Qurbanovla birgə rayon ərazisində daha bir neçə oğurluq əməli törədiblər. Onlar iyunun 19-na keçən gecə 1 may küçəsində yerləşən, İsmayıl Məmmədova məxsus marketdən pəncərədən keçmə yolu ilə 200 manat və danışıq kartları, avqustun 21-nə keçən gecə I Zabrat qəsəbəsində yerəşən 4 saylı Qaz İstismar Sahəsinin smart kart ödəniş şöbəsindən pəncərənin dəmir barmaqlığını sındırma yolu ilə 1864 manat, noutbuk, data kart və möhür, sentyabrın 2-nə keçən gecə Şuşa şəhərciyində yaşayan Niyaz Məmmədova məxsus, həmin ünvanda yerləşən mağazadan qapını sındırma yolu ilə ərzaq malları, sentyabrın 7-nə keçən gecə Ramana qəsəbəsi 45-ci məhəllədə yerləşən, Cəsarət Süleymanova məxsus mağazadan qapının qıfılını sındırma yolu ilə 300 manat və tütün məmulatları, sentyabrın 11-nə keçən gecə isə Şuşa şəhərciyində yerləşən, Rövşən Abdullayevə məxsus mağazadan geyim və ərzaq malları oğurlayıblar.

Bundan başqa, noyabrın 7-nə keçən gecə I Zabrat qəsəbəsində yerləşən, Namiq İbrahimova məxsus mağazanı və noyabrın 10-da Nizami küçəsində yaşayan Ceyran Yarəhmədovanın evini qarət ediblər. Əməliyyat tədbirləri nəticəsində oğurluqlarda şübhəli bilinən üçüncü şəxs - Azər Qurbanov dekabrın 6-da tutulub.

Dekabrın 4-də Bakı şəhər sakini Mürvət Həsənli Xəzər RPİ 3-cü PB-yə ərizə ilə müraciət edərək bildirib ki, 2011-ci ilin dekabr ayından 2012-ci ilin noyabr ayına qədər ona məxsus Zirə qəsəbəsində yerləşən fermadan 8000 ədəd toyuq oğurlanıb. Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran şəhər sakinləri Cavanşir Kərimov, Mühəddin Cəbiyev və Zakir Sadıxov dekabrın 5-də yaxalanıblar. Xəzər RPİ 3-cü PB-nin Lənkəran ŞRPŞ və Astara RPŞ ilə birgə davam etdirdiyi əməliyyat tədbirləri nəticəsində M. Həsənliyə məxsus fermadan oğurluq etməkdə şübhəli bilinən daha 3 nəfər – Lənkəran rayon sakini Əbülfəz Cəbiyev, Astara rayon sakinləri Fərasət Süleymanov və Elvin Məmmədov dekabrın 6-da tutulublar.

***

Noyabrın 15-nə keçən gecə N. Nərimanov küçəsində Akif Həsənova məxsus «VAZ-2106» markalı avtomobil qaçırılmış və saat 02:30 radələrində R.Rza küçəsində divara vurulmuş vəziyyətdə tapılıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Maqsud Kərimov, Elvin Əmrahov, Elnur Meylamov və Samir Əlizadə dekabrın 6-da yaxalanıblar.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rəfail İbrahimov tutulub.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olanlar - Pərviz Məmmədov və Mətləb Gülüşov tutulub.