Zahid Oruc namizəd olacaq?

Zahid Oruc namizəd olacaq?
Oxunma sayı: 4027

Millət vəkili  Zahid Oruc aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edib etməyəcəyi ilə bağlı danışıb. 

O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, prezident seçkilərində iştirak edib etməmək qarşıdakı dövrün xarakterindən, tələblərindən və komandanın içərisindəki prinsiplərdən asılı olacaq: “Prezident seçkilərində namizəd olmaq təkcə birincilik məqamı uğrunda mübarizə aparmaq anlamına gəlməməlidir. Hər kəs bəzən partiyalı, bəzən fərdi sürətdə öz namizədliyi ilə çıxış edərkən müxtəlif baxışlarını, ideyalarını cəmiyyətə çatdırmaq və təqdimatını həyata keçirmək niyyətində olur.  Bu normal hadisədir. Dünya təcrübəsində də özünü geniş bir şəkildə göstərib. 

Mən hər kəsə bəlli olduğu kimi, məlum bir siyasi kursu təmsil edirəm. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan ideyaları daşıyıram. Bununla bərabər müxtəlif məsələlərə baxışda hansısa fərqli mövqeləri gündəmə gətirməyə çalışıram. Prezident seçkilərinə münasibətdə də fəaliyyətimiz  vahid komandanın içərisindəki prinsiplərlə müəyyənləşir. Ölkənin daxilindəki vəziyyətə baxanda da görəcəksiniz ki, hansısa müxalif partiyalar iki-üç namizədlə çıxış edə bilir və sonda da biri digəri ilə uzlaşmağa çalışır. Eyni zamanda namizədliyini digərinin xeyrinə geri götürür. Bu Avropa məkanında da belədir. 

Ən önməlisi 2013- cü ildə seçkilərdə iştirak edərkən məqsədimiz ideyalarımızın hər hansı bir siyasi qərarlara təsir göstərməsi idi. O zaman  da deyirdim ki, biz Aristotel deyilik, Pifaqorla da yol yoldaşı olmamışıq. Onların düşüncələri minilləri keçib dövrümüzə gəlib. Deməli, ideyalar qalıcıdır.  Dövlət də ideyalarla idarə olunur. Bir parlament  üzvü kimi mövqelərimiz hansısa işlərə təsir edibsə bu bizi məmnun edib. Sonrakı dövrdə də müşahidə edirdim ki, hansısa təkliflərimiz  cəmiyyət və dövlətin müvafiq qurumları vasitəsilə məqbul  qarşılanıb”.

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi