Zakir Həsənov Gəncə hadisələri ilə bağlı hərbi hissələrə tapşırıq verdi

zakir-hesenov-gence-hadiseleri-ile-bagli-herbi-hisselere-tapsiriq-verdi
Oxunma sayı: 2705

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

“Qafqazinfo” Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, nazirin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirləri ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Müdafiə naziri vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Z.Həsənov Gəncə şəhərində törədilən təxribat nəzərə alınmaqla hərbi hissələrdə mühafizənin gücləndirilməsinin, gündəlik xidməti fəaliyyətin yüksək səviyyədə təşkilinin, xüsusilə də ön xətt bölmələrində sayıqlığın daha da artırılmasının vacibliyini qeyd edib.

O, cəbhədəki mövcud vəziyyəti təhlil edərək döyüş və mənəvi-psixoloji hazırlığın, nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də düşmən tərəfinin mümkün təxribatlarının qarşısının dərhal alınması məqsədilə müvafiq tədbirlərin görülməsi barədə cavabdeh şəxslərə konkret göstərişlər verib.