Zakir Həsənov hərbi andiçmə mərasimində iştirak edib - Foto

zakir-hesenov-herbi-andicme-merasiminde-istirak-edib
Oxunma sayı: 2311

Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

“Qafqazinfo” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti N nömrəli hərbi hissədə təşkil olunan tədbirdə iştirak edib.

Şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə müdafiə nazirinə məruzə olunduqdan sonra hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, şəxsi heyət Dövlət himnini ifa edib və tədbir açıq elan olunub. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul etdikdən sonra Z. Həsənov Azərbaycan Ordusunda yeni xidmətə başlayan şəxsi heyəti bu gün münasibətilə təbrik edib və tövsiyələrini çatdırıb.

Nazir qeyd edib ki, bu andan etibarən onlar da Azərbaycan Ordusunun əsgərləridir və Vətənə, dövlətə, Ali Baş Komandana, hərbi anda sadiq olaraq bütün şəxsi heyət kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə hər an hazır olmalıdırlar.

Mərasim bayram naharı və konsert proqramı ilə davam edib.