Zakir Həsənov hərbi salam verməyi bacarmır?- - Foto

zakir-hesenov-herbi-salam-vermeyi-bacarmir-
Oxunma sayı: 11342


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ölkəmizə səfər edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özellə Fəxri Xiyabanı ziyarət edərkən verdiyi hərbi salam qalmaqala səbəb olub. Sosial şəbəkədə hər kəs bu hərbi salamı tənqid edib. Müdafiə naziri hərbi salamı belə düzgün verə bilməməkdə qınanıb. Z.Həsənovun hərbi salamı düzgün verib-vermədiyini dəqiqləşdirmək üçün hərbi ekspert Üzeyir Cəfərovla danışdıq.

Ü.Cəfərov bildirdi ki,  bu hadisəyə heç də təəccüblənmir: “Mən təəccüblənmirəm.  Həm də başqa bir məsələyə toxunmaq istəyirəm. Bu barədə sosial şəbəkədə və bir neçə mətbuat orqanında yazı da yazmışam. Bu yaxınlarda ölkə başçısı xaricdə səfərdə olan zaman ölkənin müdafi naziri, baş qərargah rəisi və digərləri sərhədyanı bölgələrdə səfərdə oldular. Bu, tamamilə səhvdir. Ölkə başçısı xaricdə səfərdə olarkən müdafiə nazirinin sərhəd bölgəsinə səfəri yolverilməzdir. Sərhəd bölgəsində bir güllə atılsaydı, istənilməyən hadisə baş versəydi, ölkə başsız qala bilərdi. Kimlərsə deyə bilər ki, müharibə getmir. Amma kim təminat verə bilər ki, belə bir hadisə heç vaxt ola bilməz”.

Ü.Cəfərov təəssüflə bildirdi ki, general rütbəsini daşıyan şəxslər xarici qonaqları qəbul edərkən ehtiyatsızlığa yol verirlər: “Bunlardan biri də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özeli qəbul edərkən baş verib. Müdafiə naziri bu kimi səhvlərə yol verməməlidir. O, bütün hərbçilərə örnək olmalıdır. Adicə fotolara baxanda belə çox şeyi görmək olur. 

Misal üçün, fəxri qarovul qarşısında Necdet Özellə Zakir Həsənovun sayğı duruşuna baxın. Zakir Həsənov sanki yorulub, əlləri boşalıb. Bu qədər jurnalistin, kameraların qarşısında belə bir boşluğa yol verməsi düzgün deyil. Mən bunu boşluq olaraq qiymətləndirirəm. Çünki başqa ad verə bilmirəm. Nazirin verdiyi hərbi salam isə tamamilə səhvdir. Müdafiə nazirinin adi bir hərbi salamı düzgün verməməsi mən çox üzür”.

Ü.Cəfərov qeyd etdi ki, bu kimi hallar ölkənin  nüfuzuna zərbə vura bilər: “Qonaqların qarşılanması və yola salınması zamanı adicə protokol qaydalarının pozulması belə bizim üçün çox mənfi haldır. Bizi sevməyənlər, ən əsası da ermənilər bu kimi hadisələrdən çox yaxşı istifadə edirlər. Mən istəməzdim ki, hörmətli generallarımızı sərt tənqid edim. Amma generallarımız düşünməlidirlər ki, onlar Azərbaycanı təmsil edirlər”.

musavat.com