Zakir Həsənov, “Qarabağ” və Razmik Petrosyan

zakir-hesenov-qarabag-ve-razmik-petrosyan
Oxunma sayı: 4577


21-ci əsrin 13-cü ilini yola salmağa az qalıb. Hamı özünəməxsus tərzdə bu ilin özəlliklərini sadalayacaq. Mənim üçün isə ilin də, ayın da, günün də, saatın da əhəmiyyət kəsb etməsinin bircə səbəbi ola bilər. Ötən il, ay, gün, saat bizi Qarabağa nə qədər yaxınlaşdırdı? Və ümumiyyətlə, yaxınlaşdırdımı?

Bu baxımdan ötən il mənim üçün üç əlaməti ilə seçildi.

Birinci önəmli fakt.

Bir ildən artıq davam edən araşdırmadan sonra viran qalmış Ağdamda Milli qəhrəman Allahverdi Bağırovun məzarının salamat qalmasının sirrini öyrəndim. Sən demə, o məzarı Razmik adlı bir erməni qoruyub və hətta onun üzərinə gül də aparırmış. Bu araşdırmanı yəqin ki, gələn il diqqətinizə çatdıracam. Çünki dəqiqləşdiriləsi xırda nüanslar var.

Sizə qəribə gələr ki, nəyə lazımdır axı bunu araşdırmaq?

Amma düşünün, biz əgər Dağlıq Qarabağ ermənilərinə yüksək muxtariyyət vermək və onlarla birgə yaşamaq istəyiriksə, bu, lazımdır. Fikirlərimi bəyənməyə bilərsiz, amma unutmayın ki, bu gün ermənilərlə birgə yaşamağı məhz biz təklif edirik, onlar yox. Deməli, Allahverdi Bağırovun məzarı bizim gələcək taleyimizdə önəmli bir bağlayıcı ola bilər.

İkinci önəmli fakt.

Ağdamın “Qarabağ” futbol klubu bu il Avropada çox mühüm bir cizgi cızdı. Diplomatların cıza bilmədiyi bir cizgi. Məncə, ötən il “Qarabağ” Qarabağı Avropada Azərbaycanınkı olaraq çox lazımlı şəkildə təbliğ edə bildi. Qarabağın bu cizgisini çoxları görməyə və ya görüb özünü görməməzliyə vura bilər. Amma həqiqət odur ki, “Qarabağ”ın azərbaycanlı olmayan legionerləri Qarabağ üçün Qarabağsız azərbaycanlılardan daha çox vətənpərvərlik etdi. Çünki Ağdamın “Qarabağ”ı Avropaya nə qədər çox çıxsa, Qarabağ Azərbaycana bir o qədər çox bağlanar. Və bu il “Qarabağ” Azərbaycan üçün məhz bu xidməti göstərdi.

Üçüncü önəmli fakt.

Azərbaycan əsgərinin, zabitinin, hərbçisinin arzuladığı baş verdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı Qarabağa doğru gedən yolundakı əngəllərdən birini aradan qaldırdı.

Bu yazının yazılması ərəfəsində Zakir Həsənovun müdafiə naziri kimi fəaliyyətinin iki ayı tamam oldu. Onun kadr islahatları və sairə yenilikləri barədə danışmaq istəmirəm. Çünki bu islahatların nəticələri bir qədər sonra özünü göstərəcək. Bu gün isə bildiyim iki reallığı demək istəyirəm: Birinci, artıq Qarabağa hamımızdan yaxın olan, yəni cəbhə xəttində xidmət edən əsgər və zabitlərin hesabına təmir-tikinti işləri aparılmır. Deməli, əsgərdən pul yığılmır. Deməli, zabit halal əmək haqqını kazarmanın təmirinə sərf etmir. İkinci, əsgər və kiçik komandir heyəti nazirliyin rəhbərliyi səviyyəsində dinlənilə biləcəyindən əmindir. Buna görə də özündən aşağıdakını incitmək halları yavaş-yavaş aradan qalxmağa doğru gedir. İndi əsgərdə də, kiçik komandir heyətində də ən yuxarıdakına inam formalaşmağa başlayıb. Qarabağa hamımızdan daha yaxında olanların durumunda olan bu dəyişiklik isə bizi də Qarabağa bir az yaxınlaşdırır.

Mən istədim nəhs ili pozitiv notlarla tamamlayım. Amma neqativlər də var. Və yəqin ki, neqativlər olmasaydı, Qarabağa gedən yolumuz belə uzanmazdı...