Zakir Həsənov Vasif Talıbovla təlimi izlədi - Fotolar

zakir-hesenov-vasif-talibovla-telimi-izledi
Oxunma sayı: 1188

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında Sazişə əsasən iyunun 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimləri başlanıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, iyunun 15-də - Milli Qurtuluş Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri, general-mayor Ərcan İlhan birgə əməliyyat taktiki təlimi izləyiblər.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.

Əməliyyat taktiki təlimin planı ilə tanış olduqdan sonra bildirilib ki, təlimin keçirilməsində məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətləri arasında əməliyyatların birgə icra edilməsində uzlaşmış fəaliyyətə nail olunması, qoşunların idarə edilməsində vahid proseduraların işlənib hazırlanması və Əlahiddə Ümumqoşun Ordu ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılmasından ibarətdir.

Təlimə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri ilə yanaşı, Əlahiddə Sərhəd Diviziyasının, Əlahiddə Əməliyyat Briqadasının və Mülki Müdafiə Alayının bölmələrinin ümumilikdə 5 minə yaxın şəxsi heyəti, 250-dən artıq zirehli və 500-ə yaxın avtomobil texnikası cəlb edilib.

Üç mərhələdə keçirilən təlimin birinci mərhələsində Əlahiddə Ümumqoşun Ordunun, digər güc strukturlarının və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək düşmənin dayandırılması və əks-zərbə əməliyyatı planlaşdırılması aparılıb.

İkinci mərhələdə əks zərbənin endirilməsi, düşmənin darmadağın edilməsi və itirilmiş vəziyyətin əlverişli hədlər üzrə bərpa edilməsi, üçüncü mərhələdə isə əks-hücumu davam etdirərək, düşmən ehtiyatlarının məhv edilməsinin başa çatdırılması və əlverişli ərazi sahələrinin nəzarət altına alınması tapşırıqları icra olunub.

Təlimin gedişində təmir-təxliyə, maddi-texniki və tibbi təminat tapşırıqları da uğurla yerinə yetirilib.