Zamiqdən səs-küylü şou... - Fotolar + Video

zamiqden-ses-kuylu-sou
Oxunma sayı: 4599

Ötən gün müğənni Zamiq Hüseynov Heydər Əliyev Sarayında günlərdir gözlədiyi solo konsertini verib.  “Qafqazinfo” xəbər verir ki, tədbirin təşkilində 70-ə yaxın işçi heyəti çalışdığı səs-küylü şouda anşlaq yaşanıb. 

15 ildir ki, səhnədə olan sənətçi konsertini “Varmı” mahnısı ilə açıb. O, daha sonra gələn qonaqları salamlayaraq çox həyəcanlı olduğunu qeyd edib: “Vaxtilə bu möhtəşəm sarayın yanından keçərkən düşünürdüm ki, görəsən, nə zamansa bu sarayda heç olmasa iki-üç mahnı oxuya biləcəm? Nəhayət, bu xoşbəxt gün yetişdi”.

Zamiq 16 musiqiçi, 4 bek-vokal,  22 rəqqasın olduğu gecədə  21 mahnını canlı olaraq səsləndirib. O, səhnədə “Sən olmasan”, “Bəyaz mələyim”, “Bu gün bizim günümüz”, “Kaman” kimi hitlərini ifa edib. 

Bundan əlavə, ölkənin məşhur səs rejissorları Yaşar Baxış, Bəxtiyar Həsənov və Oleq Naumov da layihədə yer alıb. Həmçinin, ifaçının geyimlərini məşhur model Afaq İsmayılzadə, stili üzərində isə Elnur Həsənov çalışıb. 

Konsertdə xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artistlər İlqar Muradov, Röya Ayxan, Teymur Əmrah, məşhur aparıcı Nərgiz Cəlilova da iştirak edib, onlar sənətçinin ifaları zamanı rəqs edərək əyləniblər. 

Zamiq səhnədə müğənni Elnarə Xəlilova barədə maraqlı açıqlama verib.  O, sənətçi ilə aparıcı olduğu dövrdə başına gələn əhvalatdan söz açıb:

“Elnarə ilə veriliş aparırdıq. Yeni bir maşın almışdım. Elnarə 2-3 gün olardı ki, maşını ilə qəza etmişdi. Bir neçə gün sonra mənə dedi ki, maşını mənə verə bilərsən? Mən də dedim ki, qurbandır. Amma çölə çıxıb köməkçimə dedim ki, 15 dəqiqə sonra mənə zəng elə, de ki, vacib işim var,. Elnarə maşını istəyir, vermək istəmirəm. Sən demə mikrofonum açıq qalıb, danışdıqlarımın hamısını studiyada hər kəs eşidib.  Elnarə də... Bir ay utandığımdan onunla aparıcılıq etdiyim verilişə gedə bilmədim”. 

Z. Hüseynovun bu çıxışı zalda əyləşənlərin gülüşünə və alqışına səbəb olub.  Bundan əlavə, gecədə zalda əyləşən tamaşaçıların, xalq artisti Zülfiyyə Xanbabayeva, əməkar artist Röya Ayxan və Nərgiz Cəlilovanın rəqsi də diqqət çəkib. Qeyd olunub ki, Saray səhnəsində ilk dəfə belə hadisə baş verib, tamaşaçılar sənətçi ilə birgə oxuyub, rəqs edib.