“Zapravka”dan 552 manat oğurlayanlara 18 il həbs cəzası

zapravkadan-552-manat-ogurlayanlara-18-il-hebs-cezasi
Oxunma sayı: 2073

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1995-ci il təvəllüdlü Niyaməddin Mustafayev və 1997-ci il təvəllüdlü Sərxan Mayıllıya cəza verilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə dövlət ittihamçısı Sabir Abdinov çıxış edərək S. Mayıllı və N.Mustafayevin hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

S. Mayıllı bildirib ki, pula ehtiyacı olduğu üçün "zapravka"dan oğurluq etmək fikrini o verib: "Peşmanam". 

N. Mustafayev isə atasının da həbsdə olduğunu deyib və bunun nəzərə alınmasını istəyib. 

Məhkəmə kollegiyasının hökmü ilə təqsirləndirilənlər şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, hadisə 2017-ci il dekabrın 18-də baş verib. Onlar maska taxaraq yanacaqdoldurma məntəqəsinə daxil olublar və oranın işçisi, İsmayıllı rayon sakini Mehman Cabbarovu hədələyib 552 manatını alıblar.

Murad Əhməd