Zaqatalada dəhşətli qəza

zaqatalada-dehsetli-qeza
Oxunma sayı: 1854


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iki nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayonu Göyəm kənd sakini, 1987-ci il təvəllüdlü Nuriyev İlkin Şərif oğlu idarə etdiyi “VAZ 21099” markalı, 57 BN 839 dövlət qeydiyyat nişanlı avtomobillə və Şəki rayon sakini, 1985-ci il təvəllüdlü Mustafayev Mehman Malik oğlu idarə etdiyi “Opel” markalı 90 XJ 279 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən hər iki avtomobilin sürücüsü ötmə hərəkətini düzgün seçməyib.

 

Bu səbəbdən avtomobillər yan-yana toqquşduqdan sonra sürücülər idarə etdikləri avtomobillərin hərəkət istiqamətini itirib. İlkin Nuriyevin idarə etdiyi “VAZ 21099”  markalı avtomobil  toqquşmadan sonra yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Mehman Mustafayevin idarə etdiyi  “Opel” markalı avtomobil isə yolun kənarına aşıb.

 

Baş vermiş qəza nəticəsində VAZ 21099” markalı avtomobilin sürücüsü İlkin Nuriyev hadisə yerində ölüb. İlkin Nuriyevin sərnişini, rayonun Çobankol kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Eldar Əkbər oğlu isə qəza nəticəsində aldığı ağır bədən xəsarətlərindən Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılan zaman ölüb.

 

“Opel” markalı avtomobilin sürücüsü Mehman Mustafayev qəza nəticəsində xəsarət almasa da onun sərnişinləri - Beylaqan rayon sakini, 1990-cı il təvəllüdlü Talıbov Nəsimi Nizami oğlu və Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Klinçiyev Aleksey Alekseyeviç aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala MRX-na yerləşdiriliblər.

 

Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan Nəsimi Talıbova və Aleksey Klinçiyeva ilkin yardım göstərilib, vəziyyətləri orta-stabil hesab edilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.