Zarafat dolu inanclarımız...

zarafat-dolu-inanclarimiz
Oxunma sayı: 2767

Azər Qismət

Hərdən mənə elə gəlir ki, bizim inanclarımız valideynlərin öz uşaqlarının öhdəsindən gələ bilmədiyi üçün yaradılmış süni qorxutma vasitəsidir.

Bizim əvvəlki ailələrimiz çoxuşaqlı olub. Birinin 7, hətta birinin 12 uşağı olduğundan hərdən adlarını da səhv salarmışlar. Uşaqlara öyüd-nəsihət vermək üçün evlərin xanımların səbri hayanda idi. Oturub ayrı-ayrı nəsihət verməyə illərlə vaxt gedərdi, həm də bir azdan evə gəlib şeşələnəcək kişinin ayaqlarını tasda yumağa, başının bitini təmizləməyə də vaxt ayırmaq lazım idi. Ona görə də uşaqların nəyisə etməməsi üçün süni qorxutmalardan istifadə edilib. Faydasını görənlər bunu nəsildən-nəslə ötürüb bu günümüzə qədər gətirib çıxarıblar.

Təsəvvür edirəm ki, ailənin uşaqlarından biri qaça-qaça gəlib paltarı arxda yuyan anasına deyib ki, məsələn “Sədulla yenə qazanın dibini yeyir”.

Sədulla pis oğlan deyildi. İnsafən, deyilənə yüyürür, yaralı barmağa tənzif bağlamağı bacardığına görə evin digər uşaqlarından seçilirdi. Amma qonaqların yanında yeməyini qurtarandan sonra qazanın dibini qaşıyıb yeməsi ev yiyələrini utandırırdı. Hər dəfə də kişi arvadına deyərmiş ki, “verdiyin tərbiyə bundan artıq olmayacaq ki?!”.

Bu hadisədən sonra Sədulla dəfələrlə danlanmış, hətta atası onu ayağından asmış, bir dəfə pəyəyə bağlamış, hətta tövlənin axurunda yatırtmışdı. Lakin bütün bu ilk cəza tədbirlərindən sonra Sədulla əksinə acığa düşüb adətinə xilaf çıxmayıb. Bu dəfə qonaqların yanında qazanın dibini qaşıqla deyil, balta ilə qaşımışdı. Və ata-ana anlayıb ki, Sədullanı nə döymək, nə də danlamaqla tərbiyələndirmək mümkün olmayacaq. Belə olan surətdə incə damarını tutublar. Bir dəfə Sədulla dostlarına deyibmiş ki, toyunda dəhşət isti olacaq. Dostu bunu Sədullanın valideynlərinin yanında danışandan sonra onlar oğullarını yanlarına çağırıblar.

-Sədulla, qazanın dibini yeyənin toyunda yağış yağar.

Və bundan sonra Sədulla bir daha qazanın dibini yeməyib.

Küləyin səngiməsi üçün ələyin göyə tutulması da sırf təsadüfən baş verib. İndi yaşlı nənələrimiz külək olanda ələyi o istiqamətə tuturlar. Neçə əsrlər bundan əvvəl bu vilayətdə bir külək qalxıb ki, dağı-daşı oynadıb. Hamı Allaha yalvarıb müqəddəs sözlər pıçıldayıb. Birdən pəncərədən baxıb görüblər ki, cavan oğlan qonşuya ələk aparır. Külək onu necə əsdiribsə ələk

göyə qalxıb. Elə bu anda külək kəsilib. Ertəsi gün kəndin çayxanasında qonşuya ələk aparan gənc oğlan yada düşüb. O da vurğulanıb ki, oğlanın ələyi göyə qaldırmasından sonra külək kəsilib. Daha bunun təsadüf olmasını düşünən olmayıb. Və o gündən külək başlayanda hamı ələyini götürüb göyə qaldırıb.

Bir inancın tarixi isə balaca Məmmədhüseyn və gecə vaxtı dırnaq tutmağın yasaq olunması ilə bağlıdır. Məmmədhüseyn kəndin uşaqları arasında özünün pintiliyi ilə seçilirmiş. Adamlar onunla yemək yeməkdən çəkinər, nimçələrini götürüb masanı dəyişərmişlər. Çünki dırnaqları uzun olduğundan həmişə içinə nəsə dolarmış. Günlərin birində kəndin ağsaqqalı uşağın ata-anasına deyib ki, “oğlunuzun dırnağını aldırın, adamların ürəyi bulanır”. Valideynlər qayçını götürüb kəndin canına düşüblər ki, Məmmədhüseyni tapıb dırnağını alsınlar. Uşaq çöldə-bayırda, dağda-kəsəkdə o qədər gəzib şor-əppək yeyərmiş ki, axşamın qaranlığında evə şil-küt gələrmiş. Nəhayət, gecələrin birində qapıdan içəri girən uşağı qamarlayıb dırnağını tutmağa çalışıblar. Uşaq qışqırsa da, əl-qol atıb təzədən çöl-biyabana qaçmağa çalışsa da, buna imkan verməyiblər. Onun dırnağı necə illər tutulmadığından çox qalınlaşıb və xarçıltı səsi qonşuların yatmağına mane olub. Dırnaqalma mərasimi həftədə bir dəfə gecələr təkrarlanarmış. Axırda yerinə qor dolub yata bilməyən qonşulardan biri hasara çıxıb qışqırıb ki, “ a bala, a millət, a başınıza dönüm, gecə vaxtı dırnaq tutmazlar, günahdır”. Və o gündən heç kim gecələr dırnaq tutmayıb, qonşu da mışıl-mışıl yatıb.

Adamın asqırıb tək səbir gətirməsi ilə işlərin tərsə-məzhəb olması Ümbülnisə qarı ilə bağlıdır. Günlərin birində Ümbülnisənin “burun otu”nu oğurlayıblar. Yazıq arvad beyninin açılması üçün hərdən onu iyləyib asqırarmış. Qonşu Fatmanisənin onun burun otunda gözü qaldığından nəvəsi Şahquluya deyir ki, “Ümbülnisə yatanda içəri girib burun otunu oğurlayarsan”. Şahqulu pəncərədən içəri girəndə görüb ki, Ümbülnisə xoruldayır. Ətrafa göz gəzdirib burun otunu axtarıb. Sən demə, qarı burunotunun üstündə yatıbmış. Şahqulu qərara gəlir ki, əlindəki çubuqla arvadı dümsükləsin, o yana çevriləndə sakitcə burun otunu götürər. Beləliklə, arvadı dümsükləyir. O da yanpörtü çevriləndə burun otu burnuna dağılır. Yuxuda ikən yalnız bircə dəfə asqırır. Qarı öz səsinə ayılaraq görür ki, Şahqulu onun burun otusunu götürmək üzrədir. Tez çubuğu alıb onun belinə çəkir. Şahqulu güclə canını qurtarıb hadisəni nənəsi Fatmanisəyə danışır. Onu da deyir ki, Ümbüilnisə tək səbir gətirəndən sonra ayıldı və

məni bu günə qoydu. O gündən folklorumuza yeni inanc daxil olub. Tək səbir gətirəndə adamın işləri düz gətirmir.

Hər bir inancın öz qəziyyəsi var. Bircə onu bilirəm ki, bunlar əhəmiyyətli oldu-olmadı – bizimdir. Kimin və hansı şəraitdə düşünüb-düşünməməsindən asılı olmayaraq, neyləyək, hörmət etməliyik.

Hə, yeri gəlmişkən, bayaq yatan uşağa baxdım. Balacaya göz dəyməsə yaxşıdır. Deyirlər, atanın gözü uşağı tez tutur.