“Zaur Axundov emosional danışıb” - Elxan Məmmədov

zaur-axundov-emosional-danisib
Oxunma sayı: 2309

AFFA-nın baş katibi Elxan Məmmədov Dünya Kubokunun Bakıya gətirilmə mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

-    Milli komandamız maksimum məqsədədək irəliləyə bilmədi. Amma hesab edirəm ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq özlüyündə böyük bir nəticədi. Dünənki yarımfinal qarşılaşmasından sonra məlum oldu ki, bəlkə də biz Avropa çempionalarına uduzmuşuq. Çünki Portuqaliya artıq finala vəsiqə qazanıb və İspaniya ilə üz-üzə gələcək. ¼ finalda məğlub olmaq faciə deyil. Əsas vəzifə kimi komandanın qarşısına qitə birinciliyinə vəsiqə əldə etmək qoyulmuşdu. Final mərhələsində isə minimum vəzifə qrupdan çıxmaq çıxmaq idi ki, millimiz bunu da bacardı. Portuqaliya isə güclü komandadı və az əvvəl qeyd etdiyim kimi, artıq finala vəsiqə qazanıblar. 

-    1:8 hesablı nəticəni uğursuzluq saymaq olarmı?

-    Peşəkar futbolda 0:2 və ya 1:8 hesabının fərqi yoxdu. Özünüz də gördünüz ki, son 3 qolu qapıçısız oynayarkən buraxdıq. Məşqçi üçün hansı hesabla məğlub olmağımızın heç bir fərqi yox idi. Başlıca məqsədi aradakı fərqi aradan qaldırmaq idi. Təəssüf ki, daha təcrübəli Portuqaliya daha ağıllı futbol oynayaraq, fərqi artırdı.

-    Sizcə, islahatlara ehtiyac varmı? Çünki ictimaiyyət braziliyalıların sayının azaldılmasını istəyir.

-    Hər zaman çalışırıq ki, azərbaycanlı futzalçılar milliyə daha çox cəlb olunsunlar. Bunu da görürük ki, əksər milli komandalarda milliləşdirilmiş braziliyalılar çıxış edirlər. Bu da müsbət hal deyil. Müəyyən mərhələ var ki, inkişaf üçün onların təcrübəsindən yararlanmalısan.

-    Zaur Axundov açıqlamasında bildirib ki, yığmamız üçün lazım gəlsə hindu və çukçaları da milliləşdirməyə hazırdı.

-    Zənnimcə, Zaur Axundov emosional danışıb. Düşünürəm ki, konstruktiv yanaşma deyil. Zaur müəllimin fikrinin kökündə əsas məqsədin nəticə əldə etmək dayanıb. Çünki Avropa çempionatının final mərhələsində hər kəs nəticə istəyir. Lakin bizim strategiyamız budu ki, ildən ilə milli komandamızda yerli futzalçılar daha çox çıxış etsin.

-    Futbol üzrə milli komandamızı Makedoniya, Belarus və Latviya ilə 3 yoxlama görüşü gözləyir. Ancaq Makiedoniya ilə matç Antalyada baş tutacaq. Olmazdımı ki, həmin görüş ölkəmizdə ya da Makedoniyada keçirilsin?

-    Millətlər Liqasının təqviminə uyğun olaraq 3 günlük fasiləylə iki oyun keçirməliyik. Bu səbəbdən də baş məşqçimiz dedi ki, analoji tsiklə ehtiyac duyur və görüşlərin harada keçirilməsinin fərqi yoxdu. Makedoniya yığması isə həmin müddətdə Antalyada təlim-məşq toplanışında olacaq.

- Yoldaşlıq oyunlarında rəqiblər Millətlər Liqasında D divizionunda yer alan komandalar seçilir. Burda məqsəd potensial rəqibləri tanımaqdı?
- Bəli. Tamamilə doğru qeyd etdiniz.

Elsevər