Zəhranın şəkilləri niyə yayılmalıdır?

zehranin-sekilleri-niye-yayilmalidir
Oxunma sayı: 1249

Qan Turalı

On ilə yaxındır ki, həyatımızda Facebook var.

Bu günlərdə Facebookun istifadəçi sayı 2 milyarda çatdı.

Əlbəttə, dünyada internetin olmadığı məkanları da nəzərə alsaq çox böyük bir rəqəmdir.

Facebook dünyanın ən böyük respublikasıdır.

Hə, bu arada Facebookun sahibi Mark Zukerberq xüsusi təyyarələr ilə internet olmayan yerlərə də internet xidmətini təmin edən layihə üzərində çalışır.

Bəs bu on il ərzində həyatımızda dəyişən nədir?

Boşanmalarda artıq Facebook mesajları dəlil-sübut kimi istifadə olunmağa başlayır.

Bundan əvvəl boşanma ya da yasaq münasibətlər yox idimi?

Əlbəttə ki, var idi, sadəcə olaraq Facebookla ürəkdən niyyət kimi keçən arzuların gerçəkləşməsi üçün münbit şərait yaranıb.

Adicə bir telefonla ən ucqar kənddə belə milyardlarla insanla ünsiyyətə girmək mümkün idi.

Halbuki telefonun belə olmadığı uzaq çağlarda insanların əhatə dairəsi yalnız öz yaşadığı lokal dairə ilə məhdudlaşırdı.

Facebookun insani münasibətlərdə yaratdığı yeni situasiya əslində media üçün də keçərlidir.

Misal üçün, Facebook, ümumilikdə sosial media və əlbəttə ki, internet məkanında fəaliyyət göstərən saytlar olmasaydı misal üçün Zəhra qızımızın faciəsi bu qədər geniş rezonans doğura bilməzdi.

Televiziyalar xəbərin ya üstündən keçəcək, ya da Müdafiə Nazirliyinin quru bəyanatı kimi oxuyacaqdı.

Və əlbəttə ki, heç bir halda bu rezonans yaranmayacaqdı.

Bu mənada sosial medianın rolu əvəzsizdir.

Zəhranın şəkillərinin internet və mediada yayılmasına qarşı çıxmaq mənə elə gəlir ki, çox köhnəlmiş bir tendensiyadır.

Bu şəkli bircə adam, tutaq ki, Zəhranın qonşusu yayırsa hamı bu şəkli ildırım sürəti ilə paylaşmağa başlayır.

Həndəsi silsilə ilə artan bu prosesə hansısa yolla təsir etmək mümkünsüzdür.

Media bu şəkildən istifadə etməsə belə bu heç nəyi həll etmir, dediyim kimi şəkil zatən ənənəvi yox sosial media üzərindən yayılır.

Bu mənada medianın dəyişdiyini görməyən ya da görmək istəməyən ekspertlərin şərhləri heç nəyi dəyişmir.

Unutmayaq ki, ənənəvi medianın cəmi iki yüz il yaşı var, onun əsas etik prinsipləri də məhz yaxın onilliklərdə formalaşıb və sosial media gerçəkliyini isə ona uyğunlaşdırmaq mümkünsüzdür.

Təsəvvür edin ki, indi dünyanın nəhəng media şirkətləri CNN, BBC-nin xəbərlərini yayılmasında Facebook iştirak edir.

Yəni Facebook onlardan xəbəri alaraq sosial şəbəkə istifadəçilərinin maraqları istiqamətində xəbərləri çap edir.

Bundan əlavə Facebook yalan xəbərlərə də filter qoymağa başlayır.

Prezident seçkiləri zamanı 950 min amerikalının paylaşdığı “Papa Trampı dəstəkləyir”  xəbəri onlar üçün bir dərs olub.

Biz isə onsuz da əvvəldən zəif olan ənənəvi medianın qəliblərini sosial mediaya uyğunlaşdırmağa çalışırıq.

Biz dünyanı həmişəki kimi tərsdən oxuyuruq, halbuki aynada bizdən sol tərəfdə görünən şey gerçəklikdə sağımızda yerləşir.

Zəhranın qanlı şəkilləri də bu cürədir.

Bu şəkillərdəki aydın görünən zorakılıq izləri, qan və s. əlbəttə ki, çox faciəvi bir mənzərədir.

Hətta Facebook əvvəlcə bu şəkilləri xüsusi xəbərdarlıq örtüyü ilə göstərdi, lakin sonra nədənsə vaz keçdi.

Lakin bunun qarşısının alınmasının bir mexanizmi yoxdur və nəzərə alsaq ki, Facebook istifadəçilərinin yaşı 18-dən artıq olmalıdır, bu mənada ortada heç bir hüquqi problem də görünmür.

O şəkillər isə olduqca paylaşılacaq, divarımız bu şəkillərlə də dolu olacaq.

İstər insanlar düşmənlərə nifrətlərini izhar etmək, istərsə də bu faciəni dostları ilə bölüşmək üçün olsun, fərq etmir, bu şəkillər müntəzəm şəkildə paylaşılmağa davam edəcək.

Arzu edək ki, zəhralar ölməsin, daim yaşasınlar və bizə Facebookdan öz təbəssümləri ilə boylansınlar.

Lakin nə zamana qədər ki, bu ölümlər olacaq, bu həqiqətlər də beləcə bölüşülməyə davam edəcək.

Facebook hal-hazırda cəmiyyətin nəbzi ilə birgə döyünür, müharibə zamanında yaranan və heç bir əsli olmayan şayiələrin mövcud olduğu hamımızın yadındadır.

Misal üçün guya hansısa əsgər deyibmiş ki, qara paltarlı dəstələr vardı, biz erməni ilə vuruşanda onlar bizi arxadan güllələyirdilər, bu xəbər də 90-cı illərin qarışıqlıq zamanında sürətlə yayılırdı.

Halbuki indiki dövrdə bu cür şayiələrin yayılaraq mötəbər qəbul edilməsi çox çətindir, çünki hamı fotofakt, videofakt tələb edir.

Bu mənada Facebook mahiyyət etibarı ilə dezinformasiya daşımaq imkanları güclü olsa belə eyni dərəcədə dezinformasiyanın beşikdə boğulması imkanlarını da öz rüşeymində daşıyır.

Sosial media hər nə qədər tənqid olunsa belə onun qarşısındakı olan sosial sözünü unutmayaq, sosial-yəni cəmiyyət, elə bizim özümüzük, bu mənada sosial media da elə bizim mediamızdır.

Və bizim mediamız da körpənin qanlı şəkillərini bölüşməyi tələb edir.

“Mövcud olan ağlabatan, ağlabatan isə mövcud olandır” deyərdi Hegel.