Zəhranın üzünə çilənən qan...

zehranin-uzune-cilenen-qan
Oxunma sayı: 652

Rəsul Mirhəşimli

Düşünürdüm, Türkiyədə yaşayan sənətçimiz körpə Zəhranın ölümündən yazıb. Güman edirdim ki, özünün imkanı çatan qədər ermənilərin bu vəhşiliyini sosial şəbəkədə paylaşacaq. Elə deyilmiş...

Türkiyədə yaşayan Əməkdar artistimiz bəstəkar dostunun müdafiəsinə qalxıbmış.  Aktrisa deyib ki, bəstəkarı gözdən salanlar “xainlik” edib.

Hər kəs eyni cür düşünmək zorunda deyil. Amma nədənsə sənətçi xanımın “evində dəfələrlə çörək kəsdiyi” bəstəkar 2 yaşı tamam olmamış körpə Zəhranın həyatının yarımçıq kəsilməsindən heç nə yazmadı. 

Azərbaycanı regionçuluq diqtəsi ilə bölmək ziyalılıq iddiasını özünə təlqin edən heç kimə baş ucalığı gətirən hal deyil. Regionçuluq arealçı düşüncə tərzidi. Arealçı olmaq da insana xas olan normal düşüncə sayıla bilməz.

Azərbaycan onsuz da yetərincə bölünüb. Təbrizi, Xoyu, Mərəndi, Savalanı İran işğalında, Dərbəndi rusun, Zəngəzuru, Qarabağı erməni tapdağında. Bu qədər bölünmədən sonra bir az da siz bölsəz, bu ölkədən nələr qalacaq, özünüz təxmin edin.

Regionçu olmaq dünyaya bağlanmaq, nəfsinin köləsinə çevrilməkdi. Bir ziyalının düşüncəsi “motal pendiri”, “10 kq ət”lə zahirə çıxa bilməz. Ziyalı mənəvi dəyərlərin tərənnümçüsü, onu xalqa aşılamalı olan yüksək dəyər sahibidir. 

Hz. Mövlana Cəlaləddin Rumi buyurur: "Əgər sən bir tikə loxmanın ardınca düşmüsənsə, demək, özün də bir loxmasan". İnsanlıq maddi və mənəvi kriteriyaların bir yerdə olmasında qərar tutub. Mənəvi dəyərdən aralı düşüb, maddiyyat gəzənlər insanı ucalda biləcək olan daxili azadlığı itirənlərdir. Bu cür yaşamaq, əslində, gerçək həyat sürmək deyil, Allah-Təalanın buyurduğu, "Biz insanı ən gözəl biçimdə yaratdıq!" (Tin surəsi, ayə 4), hikmətinə qarşı çıxmaqdır. Böyük şairimiz Nəsiminin yazdığı, "Adəmi həm həqq, həm insan eylərəm", misrasında işarə etdiyi məna insanın köləlik qəfəsini sındırıb, Haqqın yanında yer alması ilə zahirə çıxır. 

İyulun 4-dən başlayan bir Zəhra yanğısı var Azərbaycanın. 18 ayını yenicə tamam etmiş körpənin bir xain güllə ilə üzünə çilənən qan rəngindədir ölkə. Erməni vəhşiliyinin tapdağı altında inləyən Vətəndi Azərbaycan.

“Bakılı-rayonlu” qovğasında nəfəsi təntiyənə qədər susmadan danışan adamlar bu “savaş”da çox kiçik görünür.