Zəlimxan Yaqubun sarayı

zelimxan-yaqubun-sarayi
Oxunma sayı: 8412

Kənan Hacı

Kimisə ittiham etmək, söyüb yamanlamaq çox asandı. Ədəbiyyatda isə vəziyyət daha da mürəkkəbdir. Yeni gələn nəsil özündən əvvəlkini inkar edir, amma bu inkar sağlam inkar deyil, dağıdıcı inkardır. Dünya yaranandan üzü bəri atalarla oğullar arasında ziddiyyətlər olub, bundan sonra da olacaq. Amma bizim inkarımız oturduğumuz ağacı baltalamağa bənzəyir. Biz öz müasirlərimizin qanına susamış vampirlərik. Zəlimxan Yaqub bir neçə gün bundan öncə dünyasını dəyişdi, şairin ölüm xəbəri yayılar-yayılmaz kin dağarcıqları zəhər püskürməyə başladı. Bu qədərini gözləmirdim. Bu adamlar şairin sağlığında niyə susurdular bəs? Niyə susurdular?

Zəlimxan Yaqubun şöhrətini də, ona olan xalq sevgisini də qısqananlar vardı. Səməd Vurğundan sonra çox az sayda şairlərdən idi ki, xalq sevgisinin zirvəsinə qalxmışdı. Zaman-zaman şairin, qələm adamının zillət içində yaşamasından gileylənmişik. Amma dövlət hansısa şairə dəyər verəndə, onun yanında olanda, onu mükafatlandıranda həmin şairə münasibət dərhal mənfi yöndə dəyişir. Niyə? Axı əksinə olmalıdır? Zəlimxan Yaqub hamının hayına yetən adam idi, əl tutduğu adamların sayı-hesabı yoxdur. Müsahibələrindən birində şair deyirdi:

“Məni nadan adamların böhtanı qocaltdı. Çox möhkəm, əzəmətli idim. Amma gördüyüm çətinliklər, nadanlarla, biganələrlə apardığım mübarizələr baha başa gəldi. İki çağırış deputat oldum, bəziləri elə bildi, yağ içində böyrək kimi üzürəm. Amma elə deyildi. Mənim varım gənc şairlərin, millətin varı idi. Həmişə imkansız, köməksiz adamlara əl tutmuşam, kömək olmuşam. Çünki o köməyi özüm görmüşəm. Amma yaman danışanlar, şər atanlar, yalan yazanlar...

Mətbuatda biri yazırdı ki, göydələni var, o biri deyirdi şadlıq evi var. Deyirdim, əgər varsa, o şadlıq evi mənim başıma uçsun. Göydələn tikdirirəmsə, başıma uçsun. O illərdə mənim qürurumdan, vüqarımdan başqa heç nəyim yox idi”.

Onun şadlıq evi yox idi, amma deyirdi “Zəlimxanın ürəyi bir saraydı, qonaq olun, ey Allahı sevənlər”.

Həyatımın ən ağır, ən çarəsiz dövründə üz tutduğum yeganə ünvan Zəlimxan Yaqub olub. Anam ağır vəziyyətdə xəstəxanaya yerləşdiriləndə, uzun müddət xəstə yatdıqdan sonra dünyasını dəyişəndə Zəlimxan Yaqubu yanımda gördüm. Bu, tək mənə qarşı diqqət deyildi, bütün köməksiz yazarlara qarşı o, beləydi. Bu yaxınlarda Şərif Ağayar gözəl bir yazı yazmışdı, “Zəlimxan Yaqubun yetimləri”. Sonra Qəşəm Nəcəfzadə yazdı. Köməksiz bir şairin evini uçururlar, Zəlimxan Yaqub icra hakimiyyətinə gedib onun üçün yer alır, gəlib özü torpağı ölçüb xeyir-duasını verir. Siz mənə indi belə bir xeyirxah adam göstərə bilərsinizmi? Milyonları başından aşanlar var ki, şair, yazıçı adı gələndə daş atıb başını tutur. Ədəbiyyat üçün bir qəpiklərindən keçməzlər. Zəlimxan deputat idi, bütün imkanlarını o yetim şairlərin gün-güzəranının yaxşılaşması üçün sərf etdi. O yetimlərə dədəlik elədi. Xalqın ona olan sevgisini, ehtiramını, yuxarılar yanında nüfuzunu köməksiz adamların problemlərinin həllinə xərclədi. Əbəs yerə demirdi:

Dərddi, qəmdi hər tin, döngə, hər dalan,
Nə dərd olsa, mərd daşıyan, mərd alan.
Dərd alanam, dərd alanam, dərd alan,
El dərdini gəlib mənə danışır.

Hər kəs dərdini ona danışa bilirdi. Dünyada bu qədər yaxşılıqlar edən, aşağıların sözünü həmişə yuxarılara çatdıran, hamının dərdinə-sərinə qalan bir el şairini “xalqın yanında olmadı” deyə ittiham etməkdən böyük insafsızlıq olarmı?! Biz niyə bu qədər qədirbilməzik axı?

Canıyla əlləşən vaxtlarda da “Aydın yol” qəzetində, “Ədəbiyyat qəzeti”ndə yazılarım çıxanda zəng edib fikirlərini deyirdi. “Sənin yazılarını həmişə oxuyuram. Yaxşı yazırsan” deyirdi. Təxminən bir-iki ay bundan öncə Fərid Hüseynlə oturmuşduq, Zəlimxan müəllimi xatırladıq. Dedim vaxt elə, gedib şairə bir baş çəkək. Fərid zəng edib özüylə danışdı, Zəlimxan müəllim dedi bu həftə yox, gələn həftə gəlin. O biri həftə də görüşümüz alınmadı…

Başa çatdı vaxt, ərəfə,
Çatdım sonuncu şərəfə.
Çağırdılar haqq tərəfə,
Getməliydim, getdim daha.

Ruhu şad olsun!