Zəlzələ anı nəyi etmək olmaz?

Zəlzələ anı nəyi etmək olmaz?
Oxunma sayı: 2988

Bir neçə gündür ki, sosial şəbəkələrdə zəlzələ mövzusu müzakirə olunur. "Qafqazinfo" bu məqamda Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən zəlzələ vaxtı davranış qaydalarını təqdim edir:

Zəlzələ zamanı titrəyişlər insanda qorxu, əsəb və stress yaradır. Odur ki, zəlzələ baş verən zaman ilk olaraq insanlar sakit və təmkinli olmağa çalışmalıdır. 

Zəlzələ zamanı özünüzü qorumaq üçün aşağıdakı qaydalara əməl etmək lazımdır.

1. Əgər siz bina və ya torpağın silkələndiyini hiss edirsinizsə buna əsəbi reaksiya verməyin (qorxudan qışqırmaq, başqa insanların psixologiyasına təsir edə biləcək hərəkətlər etmək və s.)
2. Əgər qapalı yerdəsinizsə təcili stolun və ya çarpayının altına girin. Qapılar açıqdırsa, qapıların üst tirinin altında və ya otaqların daxili küncündə durun. Unutmayın ki, titrəyişlər zamanı birinci olaraq binanın xaric divarları çat verə və ya uça bilər. Odur ki, pəncərəyə tərəf qaçmaq, pəncərənin altında dayanmaq olmaz. 
3. Zəlzələ zamanı ağır əşyaların (soyuducu, ağır mebeller və s.) yanında durmaq olmaz. Bu əşyalar sürüşüb üstünüzə aşa bilər.
4. Zəlzələ zamanı binadan qaçmaq, pilləkanlarda hərəkət etmək olmaz. Bu olduqca təhlükəlidir. Pilləkanlar uçub tökülə bilər. 
5. Əgər siz çoxmərtəbəli binada yaşyırsınızsa zəlzələ zamanı lift və pilləkanlara tərəf qaçmayın. Qapı tiri altında və ya otağın daxili künclərdə duraraq təkanların dayanmasını gözləyin. 
6. Zəlzələ zamanı pəncərədən atılmayın. Bu sizin zədələnməyiniz və ya ağır xəsarət almağınızla nəticələnə bilər.
7. Zəlzələ zamanı ictimai yerdəsinizsə insanların daha sıx olduğu yerə tərəf qaçmayın. Özünüz üçün daha təhlükəsiz yer seçin. İmkanınız varsa, azyaşlı uşaqları da təhlükəsiz yerə çəkin. 
8. Zəlzələ zamanı hündürmərtəbəli binanın qarşısındasınızsa binanın qabağına qaçmayın. 
9. Zəlzələ zamanı avtomobildəsinizsə, avtomobilinizi mümkün qədər körpülərin, hündür mərtəbəli binaların qarşısında saxlamayın. 
10. Zəlzələ zamanı ikimərtəbəli kərpic binada və ya bünövrəsi möhkəm olmayan tikilidəsinizsə oranı təcili tərk etməyə çalışın.
11. Unutmayın ki, zəlzələ zamanı bir necə dəfə təkanları hiss edə bilərsiniz. Odur ki, axıra qədər öz təmkininizi qorumağa çalışın.
12. Zəlzələ saniyələrlə damam edir. Titrəyişlər dayandıqdan sonra özünüzün və yaxınlığınızdakı insanların xəsarət alıb-almaması, üçqun təhlükəsinin olub-olmamasına diqqət yetirin. Yaralılar varsa ona ilk tibbi yardım göstərin.
13. Zəlzələnin hər an baş vermə ehtimalı olduğuna görə əvvəlcədən yaşadığınız binadan və ya evdən zəlzələ zamanı ən təhlükəsiz yerlərə çıxmaq yolunu müəyyənləşdirin. 
14. Mənzilinizdə əvvəlcədən ən təhlükəsiz yerləri (künclər, qapılar və s) əvvəlcədən müəyyən edin və mebelleri düzərkən bunu nəzərə alın. 
15. Mənzildə ehtiyac olmadığı təqdirdə qaz, işıq və su xətlərini bağlayın. 
16. İmkan daxilində ağır əşyaları rəflərdə saxlamayın və kitab rəflərini divara bərkidin.
17. İlkin tibbi yardım üçün lazım olan dərman vasitələri yığılmış çantanı hazırlıqlı saxlayın.
18. Çarpayınızı ağər mebellərdən və iri pəncərələrdən kənarda yerləşdirin.
19. Fövqaladə vəziyyətlərdə kömək çağırmaq üçün lazımı dövlət qurumlarının telefonlarını kitabçanıza əvvəlcədən yazın.

Bu telefonlar aşağıdakı kimidir:

1. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Xilasetmə xidməti -112
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi -102
3. Təcili Tibbi Yardım-103

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi