Zəlzələdən sonrakı proqnozlar və təşvişlər əsassızdır

zelzeleden-sonraki-proqnozlar-ve-tesvisler-esassizdir
Oxunma sayı: 837


“Qafqazinfo” xəbər verir ki, Geologiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirilib ki, 1998-ci ildən 2010-cu ilədək aparılmış araşdırmalardan sonra institutun direktoru, akademik Akif Əlizadə, elmi işlər üzrə direktor müavini, akademik İbrahim Quliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, həmçinin ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri - Mayk Floyd, Robert Reylinger, Sadi Kuleli, Kinq və Nafi Toksöz 2012-ci ildə “Natural Hazard” jurnalında birgə məqalə dərc etdirmiş, Şərqi Qafqaz ərazisində geodinamik prosesləri təsvir ediblər.

Alimlər bu elmi məqalə ilə Kür çökəkliyi, Abşeron, xüsusən də Bakıda yer qabığının sıxılması nəticəsində baş verən deformasiya prosesləri barədə ətraflı məlumat veriblər.

Bildirmişlər ki, bu ərazidə toplanmaqda olan güclü enerji yaşayış məntəqələrinə və Bakı ətrafında neft infrastrukturuna təhlükə törədə bilər.

AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov qeyd edir ki, 16 ildir Geologiya İnstitutunun alimləri amerikalı həmkarları ilə birgə GPS (qlobal yertəyinetmə sistemi) stansiya və məntəqələrinin imkanlarından istifadə edərək Qafqaz regionu, həmçinin Xəzər dənizində monitorinqlər aparır, yerin dərinliklərindəki prosesləri öyrənirlər. Müasir elmi-tədqiqat texnologiyaları vasitəsilə izlənilən vəziyyətin təzahürü fevralın 10-da təbii yolla hər kəs tərəfindən müşahidə olunmuşdur. Bununla belə, alim əlavə edir ki, məqalədə böyük dağıntılara səbəb olacaq zəlzələ haqqında heç bir söhbət getmir. KİV-lərdə genişmiqyaslı fəlakətlər barədə yayılan informasiyalar məqalənin müəlliflərinə aid deyil.

Xatırladaq ki, “Natural Hazard” jurnalındakı məqalə yeni dərc olunduqda müəlliflərin məlumatları bəzi kütləvi informasiya vasitələri tərəfindən düzgün tərcümə olunmamış, yanlış anlaşılmış və ictimaiyyətdə böyük çaşqınlığıa səbəb olmuşdur. Sonra alimlər açıqlama verərək məsələyə aydınlıq gətiriblər.

Bir neçə il bundan əvvəl akademik Akif Əlizadə təbii fəlakətlər barədə elmi əsaslı məlumatların KİV-lərə yayılmazdan qabaq dəqiq yoxlanılması məqsədilə AMEA-da xüsusi mütəxəssislər qrupunun təşkili təşəbbüsünü irəli sürmüş, lakin təşəbbüs həyata keçirilməmişdir. F.Qədirov həmin ideyanın reallaşmasını vacib sayır, belə bir mütəxəssislər qrupunun təşkilini zamanın tələbi hesab edir.