Zəlzəyə ayrılan pullar necə mənimsənilir?

zelzeye-ayrilan-pullar-nece-menimsenilir
Oxunma sayı: 936

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bu ilin mayında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı hesabat hazırlayıb. “Qafqazinfo” həmin hesabata heç bir şərh vermədən təqdim edir:


“Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələ ilə bağlı görülən işlər; mövcud problemlər, qarşıda duran vəzifələr”
A R A Ş D I R M A – H E S A B A T

Giriş. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən hazırlanan bu hesabatda 2012- ci ilin yazında Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər, mövcud problemlər, ayrılan vəsaitlərin xərclənməsində şəffaflıq və səmərəlilik faktoru, zəlzələ bölgəsində çalışan şirkətlərin fəaliyyəti, zəlzələnin təsirinə məruz qalmış insanların qayğıları, şikayətlərin idarə olunması, regiondakı vəziyyət və s. məsələlər araşdırılıb. Hesabatda bölgədə FHN- nin xətti ilə çalışan, adının çəkilməsini istəməyən podratçı təşkilatın əməkdaşlarının, eləcə də təsirə məruz qalmış yerli sakinlərin tədqim etdiyi bilgilərdən, zəlzələ bölgəsində aparılan monitorinqin nəticələrindən, FHN- nın “Kür” Cəmiyyətinin İnformasiya sorğusuna cavab olaraq verdiyi rəsmi məlumatlardan istifadə edilib.

Ümumi məlumat. 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarında olduğu kimi 07 may 2012- ci ildə Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələ zamanı yaşayış evlərinə, sosial obyektlərə, ictimai binalara və infrastruktura ciddi ziyan dəyib. Əsasən 4 rayonu- Şəki, Qax, Zaqatala və Balakən rayonlarını əhatə edən zəlzələnin vurduğu ümumi ziyan ötən müddət ərzində hökümət tərəfindən hesablanıb açıqlanmayıb. Kür daşqınlarından 30 aydan artıq, Qax- Zaqatala zəlzələsindən isə 7 aya yaxın vaxt keçir. Ötən müddət ərzində dövlət büdcəsindən daşqınların nəticələrinin aradan qaldırılması üçün 460 milyon manat, zəlzələ ilə bağlı isə 320 milyon manat vəsait ayrılıb. Vəsaitlərin xərclənməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə həvalə olunub. Amma zaman keçməsinə baxmayaraq Kür Araz bölgəsində fəlakətə məruz qalmış yüzlərlə insanın bu gün hələ də normal yaşayış hüququ təmin edilməyib, ev problemi həll olunmayıb. Yüzlərlə insan dəyən ziyana adekvat olaraq ədalətli kompensasiya ala bilməyib. Təkcə son bir il ərzində “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına probleminin həll olunmasına köməklik məqsədilə 800- dən artıq şəxs müraciət edib ki, həmin insanların 130- nəfəri iddiaçı qismində yerli icra hakimiyyətlərini, Fövqəladə Hallar Nazirliyini və Meliorasiya və Su Təsərrüfatı ASC- ni məhkəməyə verib. Zaqatala bölgəsində isə vəziyyət daha acınacaqlıdır: hökümətin rəsmi məlumatına görə zəlzələ nəticəsində Şəki, Qax, Zaqatala, Balakəndə ümumilikdə 5939 evə ciddi ziyan dəyib, 3500- dən artıq ev qəzalı olduğuna görə üçürulub və yeni evlərin tikilməsinə qərar verilib. Amma aparılan araşdırmalara görə zəlzələnin vurduğu ziyanla müqayisədə ötən müddət ərzində görülən işlərin həcmi və tempi ayrılan vəsaitə adekvat deyil...
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələri bir neçə dəfə Qax- Zaqatala zəlzələ bölgəsinə səfər edərək monitorinq aparıb, görülən işləri və mövcud problemləri araşdırıblar.

Həssas bölgə...

Qax- Zaqatala bölgəsi etnik cəhətdən zəngindir. Burda etnik qruplarla yanaşı müxtəlif az saylı xalqların nümayəndələri məskunlaşıb. Bölgədə Azərbaycan türkləri ilə bərabər ləzgilər, avarlar, saxurlar, gürcülər, rüslar, çeçənlər və s. yaşayırlar. Son zamanlar Rusiyanın Azərbaycana artan siyasi təzyiqlərinin fonunda avar- ləzgi xalqlarının yalançı müdafiəçisi “Sadval” təşkilatının fəallaşması, Rusiya səfirinin bölgəyə səfər etməsi, etnik qruplarla görüşməsi, bölgədə bir neçə dəfə sosial problemlərin milli- ayrı seçkilik fonunda təqdim olunması ciddi narahatlıq yaradır. Əslində isə digər bölgələrdə olduğu kimi Azərbaycan vətəndaşlarının problemlərin onların milli mənsubiyyətindən deyil, ölkədəki ümumi sosial- iqtisadı vəziyyətdən, regionların ağır durumundan, işçizlik və s. problemlərdən qaynaqlanır.

Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər

Fövqəladə Hallar Nazirliyinin “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının İnformasiya sorğusuna verdiyi cavabda qeyd olunur ki, Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində 01 noyabr 2012- ci il tarixə kimi FHN- nin müvafiq komissiyası tərəfindən 28 680 fərdi yaşayış evinə, 1179 ictimai kommunal binalara baxış keçirilib. Bunlardan 3545 fərdi yaşayış evinin, 11 kommunal çox mənzilli yaşayış binasının bərpası nəzərdə tutulub. Hazırda evlərə və sosial obyektlərə texniki baxışların keçirilməsi davam edir. Rayonlar üzrə Zaqatalada 3003, Qaxda 327, Balakəndə 215 (cəmi 3545) fərdi yaşayış evinin və 3 kommunal çox mənzilli yaşayış evlərinin tikintisinə başlanılıb. 01 noyabr 2012- ci il tarixinə qədər 482 ev tikilib sakinlərin istifadəsinə verilib.
FHN- dən verilən məlumata görə zəlzələ ilə bağlı ziyan dəymiş 35 məktəbin, o cümlədən Zaqatalada 21, Qaxda 10, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılıb. Bunlardan 6 məktəb tikilib istifadəyə verilib, 9 məktəbin tikintisi başa çatmaq üzrədir. Tikintisinə gec başlanılmış məktəblərin isə 2013- cü ilin yanvar- aprel aylarında tikilib istifadəyə veriləcəyi bildirilir.
FHN- nin “Kür” Cəmiyyətinin sorğuya verdiyi cavabda bildirilir ki, zəlzənin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan respublikası Nazirlər Kabinetinin 117s saylı sərəncamı ilə ehtiyat fondundan 20 milyon manat, sonradan 2012- ci il dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb. 01 noyabr 2012- ci il tarixinə qədər həmin vəsaitin 234 605,6 min manatı xərclənib. FHN- dən onu da bildiriblər ki, Qax- Zaqatala bölgəsi seysmik zona olduğundan hazırda bu ərazidə aparılan tikinti işləri ilə bağlı hazırlanan layihə smeta sənədləri 9 bal gücünə hesablanır.

Müsbət məqamlar...

2012- ci ilin 07 və 18 mayında Qax- Zaqatala bölgəsində zəlzələ baş verərkən Fövqəladə Hallar Nazirliyi və yerli rayon icra hakimiyyətləri səfərbər olunaraq zəlzəldən ziyan çəkənlərə maddi və mənəvi dəstək olmağa çalışıblar. Dərhal hadisənin episentrində- Zaqatala şəhərində Qərargah yaradılıb. Zəlzələ nəticəsində evləri uçan insanlar müvəqqəti çadırlara yerləşdirilib. Onlara ərzaq, paltar, tibbi və s. ilkin yardım göstərilib. Zəlzələ zamanı rəsmi qurumlar tərəfindən insan itkisi qeydə alınmayıb.
Zəlzələ bölgəsində tikilən evlər Kür daşqınları ilə bağlı tikilən evlərlə müqayisədə daha geniş, özülü, birləşdirici sütunları və arakəsmələri möhkəmdir. Hətta bir çox insanlara 2 mərtəbəli evlər tikilib. Qəzalı vəziyyətə düşdüyünə görə sökülüb yenidən tikilən evlərin sahəsi həmin yerdə olmuş əvvəlki evlərin sahəsindən az deyil, bəzi yerlərdə artıqlıq təşkil edir.
Vaxtaşırı olaraq dövlət başçısı, FHN rəhbərliyi və aidiyyatı dövlət qurumlarının rəhbər şəxsləri zəlzələ bölgəsinə səfər edirlər. İnsanların durumu, yaşayışı, problemləri və tikintinin gedişi ilə maraqlanırlar.
FHN uzun sürən fasilədən sonra “Kür” Cəmiyyətinin zəlzələ bölgəsi ilə bağlı İnformasiya sorğusunu cavablandırıb. Amma əməkdaşlıq istənilən səviyyədə deyil.

Verilən vədlər və Qax- Zaqatalada real mənzərə...

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov 23 iyul və 15 avqust 2012- ci ildə Zaqatalaya səfəri zamanı bilidirib ki, qəzalı vəziyyətə düşmüş məktəblər yeni dərs ilinə, evlər isə soyuqlar düşənə kimi tam tikilib istifadəyə veriləcək. Amma sentyarb ayında yalnız Zaqatalada 3 məktəb istifadəyə verildi. Bununla bağlı bölgəyə səfər edən prezident İlham Əliyevə verilən məlumatda qeyd olunurdu ki, digər kəndlərdə də məktəblər hazırdır. Amma həmin vaxt Zaqatalanın Sumalı, Faldarlı, Çobangöl və digər kəndlərində orta məktəblər, rayonun özündə isə Müəllimləri Təkmilləşdirmə institutu və s. hazır deyildi. Baxmayaraq ki, bu istiqamətdə milyonlar xərclənir, ölkə başçısına və ictimaiyyətə yanlış məlumat verilir ki, əksər məktəblər yeni dərs ilinə hazırdır, Zaqatala bölgəsində zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində guya sürətlə iş gedir.

Bəs Zaqatala bölgəsində real mənzərə necədir? Apardığımız araşdırmalara və monitorinqlərə görə açıq görünən real nəticə ondan ibarətdir ki, milyonların “sərf” olunmasına baxmayaraq zəlzələ bölgəsində bu gün tikinti işləri çox ləng şəkildə həyata keçirilir. FHN- nin rəsmi məlumatına görə ötən 7 ayda bu günə qədər (22 noyabr 2012- ci il- red.) zəlzələ bölgəsində cəmi 782 ev tikilib. Bəzi mənbələr də bu rəqəmin şişirdildiyi qənaətindədir. Elə kəndlər var ki, (məsələn, Zaqatala rayonunun Ələsgər kəndi) orda hələ evlərin tikintisinə ümumiyyətlə başlanılmayıb. Halbu ki, 2010- cu ilin yazında baş vermiş Kür daşqınları zamanı sel suları çəkildikdən sonra ilk 6 ayda İmişlinin Telişli və Saatlının Yeni Novruzlu kəndləri yaxınlığında 2 böyük qəsəbə, ümumilikdə isə bölgədə 1000 (min)- ə yaxın ev tikilib istifadəyə verilmişdi. İndi müqayisəni özünüz aparın. Bəs görəsən Zaqatala bölgəsində nə baş verir ki, ayrılan bunca vəsaitin qarşılığında insanlar normal yaşayış hüququnu bərpa edə bilmir, çadırlarda, uçuq- köhnə, qəzalı daxmalarda yaşamağa məcbur edilir? Xalqa bəslənən bu səhlənkar, laqeyd münasibətinin arxasında görəsən nə dayanır? Əgər həmin vəsaitlər vətəndaşların özlərinə verilsəydi doğurdanmı onlar 7 aya özlərinə ev tikə bilməzdilər? Fövqəladə Hallar Nazirliyi zəlzələ bölgəsində evlərin tikintisinin gecikməsini zəlzələdən sonrakı 3 ayda müvafiq komissiya tərəfindən çox saylı evlərlə baxış keçirilməsi və tikilməsinə qərar verilmiş evlərin layihə smeta sənədlərinin hazırlanmasına vaxt sərf olunması ilə əsaslandırıb. Bunun nəticəsi olaraq məktəblərin tikintisinə iyun, evlərin tikintisinə isə avqust ayının ortalarından başlanıldığı bildirilir. Bütün hallarda evlərin və məktəblərin tikintisinin gecikməsi bölgə əhalisi üçün ciddi problemlər yaradıb.

Təbiət, yoxsa korrupsiya zəlzələsi...

Və ya təyinatdan kənar xərcləmələr

Gəlin görək Zaqatala- Balakən bölgəsində 2012- ci ilin may ayında baş vermiş zəlzələ ilə bağlı ayrılmış vəsaitləri necə xərclənir? Öncə onu qeyd edək ki, sözü gedən bölgədə çalışan şirkətlərin böyük əksəriyyəti 2010- cu il Kür Araz daşqınları ilə bağlı həmin bölgədə işləmiş, adı daha çox korrupsiyada, çirkli pulların yuyulmasında çəkilən, çoxu kağız üzərində yaradılmış, təcrübəsiz, daha çox FHN rəhbərliyində təmsil olunan şəxslərə və onların qohumlarına məxsus olan və ya onlara yaxınlığı ilə seçilən, onların razılığı ilə inşaat işlərinə təyinat alan, heç bir tenderdən belə keçməyən, fəhləni qəpik- quruşa işlədib haqqını kəsən, bəzən də verməyən korrupsiya qoxulu şirkətlərdir. Məsələn, həmin şirkətlərin bir çoxunun nə saytı var, nə də ki, onların gördüyü işlərlə bağlı məlumat... Bəziləri ilə bağlı onların vergi orqanlarına və sosial müdafiə fondlarına ödənişləri ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyil. Yeri gəlmişkən qeyd edək ki, həmin şirkətlərin əksəriyyəti Kür Araz bölgəsində işlərini yarımçıq dayandıraraq Zaqatala bölgəsini “abad” eləməyə gediblər. Halbu ki, dövlət başçısının 29 mart 2012- ci il tarixli sərəncamı ilə daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərin davam etdirilməsi üçün əlavə olaraq bu istiqamətdə 50 milyon manat vəsait ayrılıb. Və sözü gedən sərəncamda qeyd olunur ki, bu sahədə mövcud olan problemlərin həlli istiqamətində işlər davam etdirilsin. Görünən odur ki, Kür Araz bölgəsində işlər qeyri- müəyyən müddətə yarımçıq saxlanıldı, büdcədən ayrılmış 50 milyon manat vəsaitin taleyi isə bu günə qədər sirr olaraq qalmaqdadır.

Zəlzələ bölgəsində ayrı- seçkilik və korrupsiya halları...

“Kür” Vətəndaş Cəmiyyətinin Monitorinq Qrupu bölgədə araşdırma apararkən yerli sakinlər qeyd ediblər ki, bəzən iri çatları olan, qəzalı vəziyyətə düşmüş evlər bir kənara qoyularaq zəlzələdən heç bir ziyan çəkməyən insanlara evlər tikilir. Vətəndaşlar bu ayrı- seçkiliyi korrupsiya halları ilə əlaqələndirirlər. Bildirirlər ki, bu məsələdə sövdələşmədə daha çox yerli icra nümayəndələri və bələdiyə sədrləri fəal iştirak edirlər. FHN- nin müvafiq komissiya üzvlərinin adları bu məsələdə önə çıxarılmır. Nəticədə yüzlərlə insan ayrı- seçkilik, ədalətsizlik qurbanı olduğunu bildirərək, narazılığını ifadə edirlər. Onlar məsələ ilə əlaqədar müvafiq qurumlara müraciət etdiklərini, lakin bununla bağlı heç bir tədbir görülmədiyini bildirirlər.


Podratçılar FHN- ni, K. Heydərov isə prezidenti və xalqı aldadır...


Və ya narazılıq sosial partlayışla əvəzlənə bilər
Mənbəmizin verdiyi məlumata görə bu yaxınlarda Zaqatalada Fövqəladə Hallar naziri K. Heydərovun sədrliyi ilə keçirilən müşavirədə ona zəlzələ bölgəsində podratçı təşkilatların “gördüyü” işlərlə bağlı 3 ay öncə təqdim olunmuş arayış yenidən təqdim edilib. O isə öz növbəsində “axı bu arayışı 3 ay öncə mənə vermişdiniz” desə də “böyük yalan”- ın üstündən sükutla keçib... Digər tərəfdən isə yuxarıda qeyd etdiyimiz kimi “fövqəlnazir” zəlzələdən az sonra Zaqatalaya səfəri zamanı bilidirmişdi ki, qəzalı vəziyyətə düşmüş məktəblər yeni dərs ilinə, evlər isə soyuqlar düşənə kimi tam tikilib istifadəyə veriləcək. Amma təəssüf ki, deyilənlər olmadı. Görünən budur ki, podratçı təşkilatlar Kəmaləddin Heydərova, K. Heydərov isə öz növbəsində prezidentə, həm də xalqa yanlış məlumat verir. Xalqı aldatmağın isə sona qədər mümkün olmadığını söyləyən mənbəmiz yaxın günlərdə Qax- Zaqatala bölgəsində güclü narazılığın sosial partlayışla əvəz ola biləcəyini bildirir...

Noyabrın 15- də isə bölgəyə səfər edən FHN rəhbəri bildirib ki, 2012- ci ilin 7 və 18 mayında Qax- Zaqatala bölgəsində baş vermiş Zəlzələ nəticəsində ziyan dəymiş evlərin 60%- guya tikilib. Bölgəyə səfər edən “Kür” Cəmiyyəti Monitorinq Qrupunun apardığı araşdırmanın nəticəsi isə deyilən fikirlərin həqiqətə və reallığa uyğun olmadığını göstərir. Digər tərəfdən bu fikirlər FHN- nin yuxarıda təqdim etdiyi rəqəmlərlə də ziddiyyət təşkil edir.

Maraqlıdır ki, öncəki aylarda zəlzələ bölgəsində tikilən evlərin oktyabr ayının ortalarına- soyuqlar düşənə qədər tikilib istifadəyə veriləcəyini bildirən FHN rəhbəri fəlakət bölgəsinə noyabr səfərindən sonra bu “möhtəşəm günün” dekabr ayının sonlarına təsadüf edəcəyini bildirib. Vədlər bol, aylar çox... Yəqin dekabr ayında da növbəti digər ayların adları çəkiləcək. Ara yerdə əziyyət çəkənlər isə evsiz- eşiksiz qalan sadə, kasıb insanlar olacaq...

Tikintidə işləyənlər...

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, zəlzələ bölgəsində tikinti işlərini həyata keçirən podratçı təşkilatlarda çalışan işçilərlə hər hansı müqavilə bağlanmır. Onlardan yalnız vəsiqələri alınır, kitaba kimlikləri qeyd olunur. İşçilər təhlükəsizlik qaydalarına əməl etmirlər. Bu qaydalara əməl etmək üçün onlara hər hansı şərait də yaradılmır. Tikintidə, hətta qaynaq işlərində çalışanların xüsusi qoruyucu geyimləri, uniformaları, başlarında kaskaları, hətta bəzilərinin əlcəkləri belə yoxdur. Bir çox işçilərə əmək haqqı qarşılığında gündəlik 10- 12 manat günəmuzd verilir. Məhz bu səbəbdəndir ki, fəlakət bölgəsində işləməyə gələn işçilər bir neçə gündən sonra çıxıb gedirlər. Xeyli insanlar var ki, işləyir, lakin onlara çatası cüzi maaşlarını da aylarla ala bilmirlər.

Yeri gəlmişkən qeyd edək ki, Qax- Zaqatala bölgəsində aparılan təmir- tikinti işlərində yerli sakinlər demək olar ki, iştirak etmirlər və onlar bunu özlərinə rəva bilmirlər. Səbəbi çox sadədir; verilən əmək haqqı xeyli aşağıdır. Buna görə də əsasən işçilər, Saaatlı, Sabirabad, Şirvan, İmişli, Dağıstan və s. bölgələrdən gəlirlər. Doğrudan da görülən işlərlə müqayisədə verilən əmək haqları çox aşağıdır. Təbii ki, əgər buna əmək haqqı demək mümkündürsə... Belə ki, şkaturun, alçibanın, döşəmənin vurulmasının bir kvadtratmetri üçün ustalara 2 manat, hörgünün kvadratı üçünsə 2,5- 3 manat pul verilir. Usta da həmin vəsaitdən ona kömək edən fəhləyə də pul verməlidir. Halbuki, podratçı təşkilatların FHN- lə razılaşmasına görə işçilərə onlara faktiki olaraq verilən əmək haqqından qat- qat artıq məvacib verilməli idi.
Haqqını tələb edən, eyni zamanda yaxşı pula işləmək istəyən mütəxəssislər işdən kənarlaşdırlır, yerinə səriştəsiz, tikintiyə aid olmayan təsadüfi, sakit, nə versən qane olan adamlar gətirilir. Əksər hallarda podratçı təşkilatlar onlara münasib, yaxın və qohum olan şəxsləri tikinti işlərinə cəlb edirlər. İşə qəbulda hər hansı seçim, müsabiqə, rəqabətdən söhbət belə gedə bilməz.

Zəlzəyə ayrılan pullar necə mənimsənilir?

Və ya pulların büdcədən oğurlanma mexanizmi

Ən maraqlı və vacib məqamlardan biri büdcədən ayrılan vəsaitlərin necə mənimsənilməsidir. Apardığımız araşdırmaya və əldə etdiyimiz məlumatlara görə Kür daşqınlarında olduğu kimi zəlzələ bölgəsində də vəsaitlərin mənimsənilməsi mərhələsi daha çox tikinti materiallarının şişirdilmiş bazar qiymətləri ilə alınmasında və evlərin tikintisində baş verir. Məsələn, Qax- Zaqatala zəlzələ bölgəsində evlərin bir kvadratmetri 500 manata tikilir (!?). Bunu Zaqatala rayonunun Gözbarax kəndində çalışan “Gilan Holdinq” şirkətinin nümayəndəsi Seyidmalı İsmayılov Azadlıq radiosuna verdiyi müsahibədə də təsdiq edib. Bu qiymət təxminən Bakıda Yasamalda və Əhmədlidə tikilən evlərin qiymətinə bərabər qiymətdir. Halbu ki, torpağın havayı olduğu, inzibatı müdaxilənin, tikintiyə icazənin, rüşvətin və “şapka”-nın olmadığı uzaq bölgədə fərdi həyət evinin tikintisinin 1 kvadratmetrinin 500 manata başa gəlməsi korrupsiya “ətirli” olmaqla çox fantastik bir qiymətdir. Digər tərəfdən təsəvvür edin ki, Bakıda Əhmədlidə və Yeni Yasamalda ev tikib vətəndaşlara sataraq pul qazanan şirkətlər kimi FHN də ucqar bir bölgədə dövlətin, xalqın pulu ilə tikdiyi binaların bir kvadratmetrini Bakıda olduğu kimi 500 manatdan xalqa satıb öx xeyrini götürür. Yəqin dünyanın heç bir yerində hökümət öz vətəndaşına ayrıdığı pulla bu cür bazarlıq, alış- veriş etmir. Elə olmasaydı evlərin tikilməsi üçün nəzərdə tutulan pullar vətəndaşın özünə verilərdi və o öz istəyinə, zövqünə uyğun özünə ev tikərdi.

Tikilən evlərin qiyməti ilə bağlı bizə təqdim olunmuş cədvələ baxaq;

Otaqların
sayı
Podratçı şirkətə verilən nəğd vəsaitYaşayış sahəsi1 kv.m-nin qiymətiLayihədə podratçı şirkət üçün nəzərdə tutulan vəsaitYaranan fərq... və ya mənimsənilən vəsaitin həcmi
2 otaqlı25 min manat90 kv.m500 AZN45.000 AZN20.000 AZN
3 otaqlı33 min manat131 kv.m500 AZN65.500 AZN32.500 AZN
4 otaqlı52 min manat151 kv.m500 AZN75.500 AZN23.500 AZN
5 otaqlı58 min manat180 kv.m500 AZN90.000 AZN32.000 AZN


Mənbəmizin verdiyi məlumata görə hər bir ev tikilib istifadəyə verilərkən podratçı təşkilatın rəhbərinə 3 min manat pul hədiyyə olunur. Qalan pullar FHN-nin, konkret desək FHN rəhbərliyinin sərəncamına verilir.

Cədvələ nəzər salsaq görərik ki, hər bir evin tikintisində 20 min manatdan 32 min 500 manata qədər mənimsəmə var. Tikilən evlərin daha çox 3 və 4 otaqlı olduğunu nəzərə alaraq mənimsənilən vəsaiti orta hesabla hər evdən 27 min manat götürsək təkcə evlərin tikintisi zamanı nəzərdə tutulan 3545 evin tikilməsi üçün dövlət büdcəsindən nə az, nə çox 95 milyon manatdan artıq vəsait oğurlanır. Tikinti materiallarının şişirdilmiş bazar qiymətləri ilə alınması, ucuz işçi qüvvəsindən istifadə olunması, vergi və digər sosial ödənişlərin ödənilmədiyi, sığorta və əmək müqaviləsinin olmadığı və s. nəzərə alsaq mənimsəmənin 130 milyon manatı ötdüyü gün kimi ortadadır. Bu vəsaitlər ümumi vəsaitin az qala yarısını edir. Vəsaitlər isə xalqın cibindən- dövlət büdcəsindən oğurlanmaqla ayrı- ayrı şəxslərin, mafioz qüvvələrin istək və arzularının reallaşmasına, onların digər sosial- iqtisadi problemlərinin həllinə yönəldilir.

Eyni zamanda qeyd etmək lazımdır ki, yuxarıdakı cədvəl FHN tərəfindən tikilən evlərin qiyməti ilə bağlı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı başda olmaqla bir sıra qurumların və media orqanlarının Fövqəladə Hallar naziri şəxsən Kəmaləddin Heydərova ünvanladığı çox saylı İnformasiya Sorğularının indiyə qədər niyə cavablandırmamasının bir daha səbəbini göstərir. Göründüyü kimi evlərin tikilməsi zamanı yol verilən korrupsiya, oğurluq və saxtakarlığın miqyası o qədər böyükdür ki, bunu hər hansı formada ört- basdır etmək mümkün deyil.

Ev tikintisinə çəkilən xərclərlə bağlı müstəqil qiymətləndirmə

Haşiyə. Qeyd etmək yerinə düşər ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının sifarişi ilə “Əmlak Ekspert Sevris” Qiymətləndirmə Şirkəti Kür daşqınlarla ilə bağlı 2011- ci ildə tikilmiş 78.5 kvadrat metrlik evin qiymətləndirməsini aparıb. Qiymətləndirmə «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və Milli Qiymətləndirmə Standartlarına (AZS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq həyata keçirilib. Qiymətləndirməyə əsasən Saatlı rayonunun Dəllər kəndi ərazisində yerləşən 3 otaqlı, 78.5 kv.m ümumi, 54,3 kv.m. yaşayış, 24,2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 31.05.2012-ci il üçun dəyəri 23 959 (iyirmi üç min doqquz yüz əlli doqquz) manat təşkil etmişdir.

Saatlı rayonu, Nərimankənd ərazisində yerləşən 2 otaqlı, 73.78 kv.m ümumi, 32,0 kv.m. yaşayış, 41,78 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin dəyəri isə 19 721 (on doqquz min yeddi yüz iyirmi bir) manat təşkil etmişdir.

Yəqin ki, əlavə şərhə, izaha ehtiyac yoxdur... Evlərin tikintisi zamanı FHN və adı çəkilən nazirliyin başına yığdığı podratçı təşkilatlar tərəfindən dövlət büdcəsindən oğurlanan, mənimsənilən vəsaitlərin həcmi gün kimi ortadadır.

Zəlzələdən mənimsənilən pullar hara xərclənir?

Aparılan araşdırmalara və verilən məlumatlara görə Zaqatala zəlzəsi ilə bağlı mənimsənilən vəsaitlər təkcə şəxsi istək və arzuların reallaşmasına, problemlərin həllinə deyil, digər məqsədlər üçün də istifadə olunur. Çox maraqlıdır ki, bu vəsaitlərin xərclənmə coğrafiyası bəzən FHN- ni aşaraq digər yüksək vəzifəli şəxslərin maraq dairəsinə, bəzən isə siyası məqsədlərə xidmət edir. Mənbəmizin verdiyi məlumata görə həmin pulların (oxu milyonların- red.) bir hissəsi podratçı təşkilatların, digər hissəsi FHN- nin rəhbərliyində təmsil olunan şəxslərin, onların yaxın ətrafının, qohumlarının biznez maraqlarının təmin olunmasına sərf olunur. Vəsaitlərin digər hissəsi isə daha yuxarı oqranlara ötürülür. “Qənaət olunmuş” vəsaitlərlə zəlzələ bölgəsində çalışmalı olan şirkətlər Xızıda, Göy- Göl rayonun Zod qəsəbəsində, Bakı şəhərinin özündə, Zirə qəsəbəsində, İsmayıllı rayonunda, Qəbələdə, Ağdaşda, Lənkəranda və s. yerlərdə FHN- də, Prezident Administrasiyasında və digər dövlət qurumlarında işləyən yüksək vəzifəli şəxslərə, onların yaxın qohum- əqrabası üçün müasir tələblərə cavab verən yaraşıqlı, böyük iqamətgahlar tikirlər. Bu villa- iqamətgahlar birbaşa FHN rəhbərliyinə məxsus və tabe olan əsasən “Azəri Trans” şirkəti tərəfindən inşa olunur. Təəssüf ki, hesabatın hazırlanması dövründə zaman qıtlığı ucbatından bu faktları dəqiqləşdirmək mümkün olmadı. Amma “Kür” Cəmiyyəti olaraq bu istiqamətdə apardığımız araşdırmalarımız davam edəcək və növbəti hesabatlarda adı çəkilən ərazilərdə də monitorinqlər aparılıb zəlzələ üçün ayrılan vəsaitlərin təyinatından kənar xərclənməsi məsələləri araşdırılacaq.

Kürlə Vanın fərqi...

Keçən il qardaş Türkiyənin Van şəhərində baş vermiş ağır, dağıdıcı zəlzələdən sonra sözü gedən iri yaşayış bölgəsi bir il içində yenidən quruldu. Yeni şəhərin salınması Türkiyənin dövlət büdcəsinə cəmi 150 milyon ABŞ dollarına (təxminən 130 milyon manata- red.) başa gəldi. Amma Kür Araz bölgəsinə 2 ildir ki, dayanmadan dövlət büdcəsindən bundan 3,5 dəfə artıq vəsait ayrılmasına baxmayaraq problemlər həll olunmur ki, olunmur. Yəqin ki, səbəb axtarmağa ehtiyac yoxdur. Azərbaycandan fərqli olaraq Türkiyədə bizdəki kimi dövlət büdcəsi talan edilmir, koorupsiya, mənimsəmə, şişirdilmiş bazar qiymətləri, xalqı aldatmaq v s. kimi neqativ, insanlıq adına utanc gətirən hallar yoxdur. Bu misalı həm də ona görə çəkdik ki, Kür daşqınları zamanı yol verilən səhlənkarlıq, korrupsiya, ayrı- seçkilik və digər halları Qax- Zaqatala bölgəsində də təkrarlanır.

Hesabat dövründə aşağıdakı tapıntılar da qeydə alınıb.

• Hesabatlılığın təmin olunmaması. 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının nəticələrinin aradan qaldırılması istiqamətində ötən 2 il müddətində ayrılmış 460 milyon manatdan artıq vəsaitin xərclənməsi ilə bağlı indiyə qədər ictimaiyyətə hər hansı yekun, təfsilatlı hesabat təqdim edilmədiyi kimi zəlzələ bölgəsində görülən işlər, mövcud problemlər, hökümətin bu istiqamətdə qəbul etdiyi qərarlar barədə ictimai məlumatlandırma da çox zəifdir. Eyni zamanda bölgədə tikilən yeni evlərin inşası üçün çəkilən xərclər, bir evin tikilməsi üçün ayrılan vəsait, podratçı təşkilatlar, tikintiyə sərf olunan materiallar, onların qiyməti, alınma mənbəyi, işə qəbul edilən işçilər, işçilərə verilən əmək haqları və s. barədə hələ ki, lazımi rəsmi bilgi əldə etmək mümkün olmayıb.
• Qeyri- şəffaflığın mövcudluğu. Kür daşqınları ilə bağlı Nazirlər Kabinetinin 2010- cu ilin 09 iyul 197 s saylı, 2011- ci ilin 08 avqust 231s saylı, eləcə də 2011- ci il 30 noyabr 398s saylı və digər sərəncamları ictimaiyyətdən gizlin imzalandığı kimi hökümətin zəlzələ fəlakəti ilə bağlı rəsmi qərarları da ictimaiyyət üçün açıq və əl çatan deyil. Əldə etdiyimiz məlumatlara görə 2012- ci ilin may zəlzələsindən sonra Nazirlər Kabinetinin 117s saylı sərəncamı imzalanıb və həmin sərəncamla dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb. Sərəncam zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülməsi nəzərdə tutulan işlərlə və bu işlərin görülməsi üçün ayrılan vəsaitlərlə bağlı olub. Sərəncamlar haqqında nə Nazirlər Kabinetinin saytında, nə də dövrü mətbuatda heç bir məlumat dərc olunmayıb. Bu isə zəlzələnin təsirinə məruz qalmış minlərlə insan, eləcə də bu problemi araşdıran vətəndaş cəmiyyəti institutları və media üçün kifayət qədər ictimai əhəmiyyət daşıyan sözü gedən sərəncamın gizlin imzalanmasını göstərir.
Qeyd; Maraqlıdır ki, zəlzələ bölgəsində işləyən şirkətlərin də adları çox ciddi cəhdlə gizlədilir. Görəsən səbəb nədir? Hətta FHN rəhbərliyinə təqdim olunmuş arayışlarda belə (həmin arayışların surətləri bizdə də var- red.) ev tikən şirkətlərin adı gizlədilir və şirkət rəhbərlərinin yalnız soyadları (!?) qeyd olunub. Görünən odur ki, Qax- Zaqatala bölgəsində çalışan şirkətlərin adları nəinki ictimaiyyətə heç FHN daxilində belə yazışmalarda və hesabatlarda da açıqlanmasına icazə verilmir (!?)
Yeri gəlmişkən, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Qax- Zaqatala bölgəsində çalışan şirkətlərin vergi orqanlarında qeydiyyatda olub- olmamaları və ödədiyi vergilərin həcmi ilə bağlı (təbii ki, bu varsa) bilgi almaq üçün Vergilər nazirliyinə rəsmi sorğu ilə müraciət etməyi düşünür.
• Ictimai iştirakçılığın təmin olunmaması. 2010- cu ilin Kür Araz daşqınlarında olduğu kimi Qax- Zaqatala zəlzələsinin nəticələrinin aradan qaldırılması ilə bağlı yaradılan komissiyanın da işinə müstəqil ekspertlər, mütəxəssislər, vətəndaş cəmiyyətinin nümayəndələri daxil edilməyib. Yəni 2 il öncə buraxılan səhvlər yenidən təkrarlanır. Ənənəvi şəkildə qərar qəbul edənlər həm iş görür, həm vəsaiti xərcləyir, həm də görülən işlərə “nəzarət” edirlər. Bölgə yarımqapalı vəziyyətdədir. Fövqəladə Hallar Nazirliyinin komissiyaları şikayətlərin araşdırılması, idarə olunması və evlərə baxış keçirərkən komissiyanın işində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunmasına şərait yaratmayıblar. Bu barədə FHN rəhbərliyinə müraciət olunsa da təəssüf ki, ictimai iştirakçılıq təmin edilməyib. Məhz bu səbəbdən komissiyaların işindən narazılıq, problemlərin həllinin uzanması, qeyri- obyektivlik, korrupsiya kimi hallar meydana çıxır. “Kür” Cəmiyyəti tərəfindən 30 mart 2012- ci ildə dövlət başçısına müraciət edilərək Kür daşqınlarının nəticələrinin aradan qaldırılması ilə bağlı ayrılan vəsaitlərin şəffaf, səmərli xərclənməsinə nail olmaq üçün bu istiqamətdə yaradılan komissiyaların işində vətəndaş cəmiyyəti institutlarının iştirakına şərait yaradılması istənilib. Müraciətə verilən hələ ki, yeganə “cavab” “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin 08 aprel 2012- ci ildə Sabirabad rayonunun Minbaşı kəndində monitorinq apararkən qanunsuz şəkildə həbs olunaraq 3 aya yaxın həbsdə saxlanması olub.
• Dövlət qurumlarının dialoq və əməkdaşlıqda davamlı olmaması. 2011- ci ilin əvəllərindən etibarən Fövqəladə Hallar Nazirliyi ilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı arasında əməkdaşlıq başlanılıb. Əməkdaşlıq çərçivəsində bir neçə dəfə hər iki qurumun rəhbərliyi səviyyəsində görüş- müzakirələr keçirilmiş, “Kür” Cəmiyyətinin təşkil etdiyi tədbirlərdə FHN- nin nümayəndələri iştirak və çıxış ediblər. Eyni zamanda “Kür” Cəmiyyəti tərəfindən FHN- ə təqdim olunan siyahılar üzrə nazirliyin müvafiq komissiyası vətəndaşların evinə baxış keçirmiş, diqqətdən kənarda qalmış bir çox insanların evinin tikilməsinə və ya bərpa- gücləndirmə işlərinin aparılmasına, təmir olunmasına qərar verilib. Amma sonradan, konkret olaraq 2012- ci ilin mart ayından bu əməkdaşlıq səngiməyə başlayıb.
Halbu ki, bu əməkdaşlığa indi daha çox ehtiyac var. Belə ki, həm daşqın, həm də zəlzələ bölgəsində şikayətlərin araşdırılması və idarə olunması, eləcə də evlərə, təsərrüfatlara baxış keçirilməsində dövlət komissiyasının işində “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının və digər regional QHT- lərin, icma üzvlərinin iştirakına şərait yaradılmalıdır.

Nəticə. Göründüyü kimi 2012- ci ilin 07 mayında baş vermiş Qax- Zaqatala zəlzələsindən 7 aya yaxın vaxt keçməsinə baxmayaraq zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər ötən vaxt və ayrılan vəsaitlə müqayisədə yetərli deyil. İşlərin görülmə və həyata keçirilmə tempi olduqca zəifdir. Ayrılan vəsaitlərin əhəmiyyətli bir qismi korrupsiyaya uğrayır. Vəsaitlər tamam başqa yerlərdə, başqa məqsədlər üçün təyinatından kənar, şişirdilmiş bazar qiymətləri ilə xərclənir. Apardığımız araşdırmalar göstərir ki, Zaqatalada 7 ay öncə baş vermiş təbiət zəlzələsini hazırda korrupsiya zəlzələsi əvəz edib. Bu zəlzələnin nə zaman başa çatacağı isə bəlli deyil. Ara yerdə qazananlar yenə də korrupsiyalaşmış məmurlar və onların qohum- əqrabaları və hakimiyyətdəki havadarları, itirənlər isə yenə kasıb- kusublar, sadə insanlardır.

Deyilənləri ümumiləşdirib bu nəticəyə gəlmək olar ki;

1. Zəlzələnin insanlara, təsərrüfatlara, infrastruktura, ölkə iqtisadiyyatına və s. vurduğu ziyan bu günə qədər tam, obyektiv qiymətləndirilməyib. Dəyən ziyanın həcmi açıqlanmayıb;
2. Zəlzələnin təsirinə məruz qalmış evlərə, təsərrüfatlara baxış keçirən FHN- nin müvafiq komissiyalarının işində, müstəqil mütəxəssislərin, vətəndaş cəmiyyəti və yerli icma nümayəndələrinin iştirakı təmin edilmir;
3. Təsirə məruz qalmış bir sıra insanlar onların evlərinə baxış keçirilərkən ayrı- seçkiliyə və ədalətsizliyə yol verildiyi qənaətindədir;
4. Fəlakətə düçar olmuş minlərlə insan normal yaşayış hüququndan məhrum olub. Görülən işlərin həcmi ötən vaxt və ayrılan vəsaitlə müqayisədə yetərli deyil;
5. Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində ayrılan vəsaitlərin təyinatdan kənar xərclənməsi, korrupsiyaya uğraması ilə bağlı faktlar və şikayətlər var;
6. Zəlzələ bölgəsində görülən işlər, ayrılan vəsaitlər, həmin vəsaitlərin xərclənməsi, bölgədə çalışan şirkətlər və s. haqqında hesabatlılıq, ictimai məlumatlılıq, şəffaflılıq və s. təmin edilmir;
7. Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytında Qax- Zaqatala zəlzələsinin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı məlumat bölümü yoxdur, ictimai məlumatlandırma aşağı səviyyədədir. FHN vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlığa deyil, daha çox qapalı fəaliyyət göstərməyə üstünlük verir;
8. Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində böyük həcmdə- 320 milyon manat vəsait ayrılsa da vəsaitlərin hara və necə xərclənməsi ilə bağlı hesabat təqdim edilməyib. Aidiyyatı qurumların bu istiqamətdə fəaliyyəti daha çox qeyri- şəffaflığa, qapalılığa, hesabatlılıqdan yayınmağa və s. yönəlib.
9. Zəlzələ bölgəsində çalışan şirkətlərin adı, rəhbərliyi, idarəetmə prinsipləri, əvvəlki fəaliyyətləri, işçiləri işə götürmə metodları, onlarla bağlanan əmək müqavilələri, təhlükəsizlik qaydaları, işçilərə verilən əmək haqları ictimaiyyət üçün sirr kimi saxlanılır ki, bu da daha çox qeyri- şəffaflığa, korrupsiyaya, hesabatlılıqdan boyun qaçırmağa yol açan məqamlardır.

Tövsiyyələr; 2012- ci ilin yazında baş vermiş Qax- Zaqatala zəlzələsinin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, mövcud problemlər, insanları narahat edən məsələlər, ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın və səmərəliliyin artırılması, bölgədə çalışan şirkətlərin fəaliyyəti, zəlzələnin təsirinə məruz qalmış insanların mülkiyyət hüquqlarının qorunması, şikayətlərin idarə olunması, araşdırılması və nəticələri barədə tədbirlər görülməsi və s. işləri ümumiləşdirərək vəziyyətin yaxşılaşdırılması üçün aşağıda qeyd olunan tədbirlərin həyata keçirilməsinə ehtiyac var;

1. 2012- cu il yazında baş vermiş Qax- Zaqatala zəlzələsinin dövlət və özəl mülkiyyətə, evlərə, təsərrüfatlara vurduğu ziyan obyektiv qiymətləndirilməli və onun həcmi açıqlanmalıdır;
2. Zəlzələnin təsirinə məruz qalmış bütün evlərə və təsərrüfatlara obyektiv baxış keçirilməsi prosesi davam etdirilməli, dəyən ziyana adekvat addımlar atılmalıdır. Tikilməsi nəzərdə tutlan evlərin, məktəblərin, sosial- iaşə obyektlərinin tikintisi sürətləndirilməlidir. Havaların soyumasını nəzərə alaraq çadırlarda yaşayan insanların müvəqqəti normal yaşayış yeri ilə təmin olunması üçün təxirəsalınmaz, əlavə tədbirlər görülməlidir;
3. Şikayətlərin araşdırılması və idarə olunması, eləcə də zəlzələnin təsirinə məruz qalmış evlərə, təsərrüfatlara baxış keçirən FHN- nin müvafiq komissiyalarının işində vətəndaş cəmiyyəti nümayəndələrinin və yerli icma üzvlərinin iştirakı təmin edilməlidir. Bu proses sürətlənməli, ədalətli və şəffaf həyata keçirilməlidir;
4. Komissiyanın rəyindən narazı qalaraq aidiyyatı qurumlara müraciət etmiş sakinlərin evlərinə, təsərrüfatlarına vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yenidən obyektiv baxış keçirilməlidir;
5. Dövlət büdcəsindən ayrılan vəsaitlərin düzgün xərclənməsinə nəzarət gücləndirilməli, görülən işlər barədə ictimayyətin düzgün və operativ məlumatlandırılmasına diqqət artırılmalıdır;
6. Zəlzələyə ayrılan pulların təyinatdan kənar xərclənməsi, korrupsiyaya uğraması, tikintiyə alınan materialların və evlərin tikintisinin qeyri- real, şişirdilmiş bazar qiymətləri ilə sənədləşdirilməsi və s. hallar ciddi şəkildə araşdırlsın. Bu məslədə qanunsuzluğa yol verilmiş şəxslər barədə ciddi ölçü götürülsün;
7. Zəlzələ ilə bağlı FHN- nin saytında müvafiq bölmə yaradılsın, görülən işlərlə bağlı orda vaxtaşırı məlumatlar, foto və video qaleriyalar yerləşdirilsin. Eyni zamanda həmin bölümdə ictimaiyyəti, zərərçəkən insanları maraqlandıran məsələlər, o cümlədən bölgədə çalışan şirkətlər, onlar haqqında məlumat, ayrılan vəsaitlərin xərclənməsi, evlərin tikintisinə çəkilən xərclər və s. barədə məlumatlar da yer alsın.
8. Şəffaflığın, aşkarlığın və hesabatlılığın təmin olunması üçün baş vermiş zəlzələ ilə bağlı evləri tikilmiş şəxslərin adı, soyadı, ailə üzvlərinin sayı, tikilən yeni evin sahəsi, həmin evi tikən şirkətin adı, tikintiyə çəkilən xərc və evin ünvanı FHN- nin saytında yerləşdirilsin;

(Hesabat “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən hazırlanıb, hesabatdan istifadə edərkən mənbəyə istinad edilməlidir)

Qeyd; Zəlzələ bölgəsində görülən işlər, mövcud problemlər, şikayətlərin idarə olunması, ayrılan vəsaitlərin xərclənməsi və s. istiqamətdə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı araşdırmalarını davam etdirir.
22 noyabr 2012- ci il, Bakı şəhəri