Zəng edib ingilis dilində Bakıda terror olacağını dedi - DİN hərəkətə keçdi

zeng-edib-ingilis-dilinde-bakida-terror-olacagini-dedi
Oxunma sayı: 8874

Yanvarın 12-də saat 12.38-də FHN-nin “112” Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsi olacağını bildirib.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, məlumat DİN-in “102” Xidmətinə ötürülüb. 

Dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyən edilib. Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Abşeron rayon polis idarələri əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən paytaxt sakinləri olan 2 nəfər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır. 

Vətəndaşların nəzərinə çatdırırılır ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.

Murad Əhməd