Zərdabda yarımillik yığıncaq

zerdabda-yarimillik-yigincaq
Oxunma sayı: 695


Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektorundan “Qafqazinfo”ya daxil olan məlumata görə, İcra Hakimiyyətinin başçısı hesabat verərək bildirib ki, rayon əhalisi 2013-cü ilin birinci yarısını da uğurlu göstəricilərlə başa vurublar.

2013-cü ilin birinci yarısında rayon iqtisadiyyatının əsas sahələrində 60 milyon 767 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövründən 12 milyon manata qədər çoxdur.

Həyata keçirilən tədbirlər nəticəsində 6 ay ərzində rayonda 224 daimi iş yeri yaradılıb.

Rayon iqtisadiyyatının aparıcı qüvvəsi olan kənd təsərrüfatında da inkişaf və irəliləyiş davam etdirilib. Rayonda 2013-cü ildə 475 ha sahədə çiyid səpini aparılıb. 2013-cü ilin məhsulu üçün 17134 ha payızlıq taxıl əkilib.  Alaq otlarına qarşı 2126 hektarda, ziyanvericilərə qarşı 57 hektarda, çəyirtkəyə qarşı isə 1260 hektarda kimyəvi mübarizə tədbirləri aparılıb. Artıq taxıl biçini respublikada birinci olaraq başa çatdırılıb. 17134 hektar sahədən 47097 ton məhsul istehsal olunub ki, bu da hər hektardan 27,5 sentner olmaqla ötən ildəkindən 8 min tondan artıq məhsul istehsalı deməkdir. O cümlədən 11323 hektar buğda sahəsindən 31675 ton və ya hər hektardan 28 sentner, 5811 hektar arpa sahəsindən 15422 ton və ya hər hektardan 26,5 sentner məhsul götürülüb.

Dövlət Proqramına uyğun olaraq rayonun Çallı, İsaqbağı və Aşağı Seyidlər kəndlərində məktəb tikintiləri yekunlaşmaq üzrədir.  

Dəli Quşçu kəndinin və Kür çayının daşmasından ziyan çəkmiş rayon əhalisi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunmuş 71 yeni yaşayış evinin qazlaşdırılması işləri tamamlanaraq təbii qazın verilməsi təmin olunub. Gəlmə, Salahlı, Xanməmmədli və Hüseynxanlı kəndlərində qaz xəttinin çəkilişi başa çatdırılıb və abonentlərə sayğac quraşdırılmasına başlanılıb.

Hesabat dövründə rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib, təmizlik, səliqə-sahman işlərinə diqqət artırılıb. 

Rayon Polis Şöbəsinin  2,3 milyon manat smeta dəyərində inzibati binasında tikinti işləri yüksək səviyyədə başa çatdırılıb, binanın açılışında Respublika Daxili İşlər nazirinin müavini cənab Əsgər Ələkbərov iştirak edib.

Hazırda süd məhsulları istehsal edən zavod, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon aqroservis filialı üçün inzibati bina, taxıl və gübrə anbarı, Baytarlıq idarəsinin binası, çoxsaylı sahibkarlıq obyektləri istifadəyə hazırdır.