Zərdabda yubiley tədbirləri keçirilib

zerdabda-yubiley-tedbirleri-kecirilib
Oxunma sayı: 637

“Qafqazinfo” xəbər verir ki, rayonun Məmmədqasımlı kəndində sahibkar Ağalarov İntiqam Ağalar oğluna məxsus un dəyirmanının açılış mərasimi keçirilmişdir. Un dəyirmanı sutkada 25 ton un istehsal etmək gücündədir. Həmçinin dəyirmanın ərazisində 1500 tonluq taxıl anbarı da istifadəyə verilib. Açılışda iştirak edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirmişdir ki, ölkə prezidenti İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələr, o cümlədən özəl bölmənin, azad sahibkarlığın daha sürətli inkişafı ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələr Zərdab rayonunda da böyük diqqət, səy və ardıcıllıqla həyata keçirilir. Azad sahibkarlığın inkişafına göstərilən həssas münasibət, bu sahədə yaradılmış münbit və əlverişli şərait, süni maneələrin aradan qaldırılması istiqamətində işlənib hazırlanmış əsaslı və ardıcıl tədbirlər xüsusilə diqqəti cəlb edir. Heç təsadüfi deyildir ki, rayonda sahibkarlıq obyektlərinin sayı ildən ilə artır. Burada sözsüz ki, ilk növbədə, ölkə başçısının respublikamızda azad sahibkarlığın, bazar iqtisadiyyatının sürətli inkişafına yönəldilmiş ardıcıl və qətiyyətli fəaliyyətini, bu sahəyə göstərdiyi gündəlik diqqət və qayğını, imzaladığı fərman və sərəncamları ayrıca qeyd etmək lazımdır. Mərasimdə çıxış edən sahibkarlar yaradılmış azad, rahat və münbit şərait üçün ölkə rəhbərinə hədsiz minnətdarlıqlarını bildirdilər, bütün imkan və səylərini iqtisadiyyatın daha da genişləndirilməsinə yönəldəcəklərini bəyan etdilər.

Daha sonra rayonun Dəli Quşçu kəndində yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirildi. Kənd ərazisində 1700 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmiş, 1 pilləli sistem əsasında 300 evə sayğac quraşdırılmışdır. Mərasimdə çıxış edən İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Dəli Quşçu kənd sakinlərini bu mühüm hadisə münasibətilə təbrik etdi. Bildirdi ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində artıq rayonun 5-ci kəndinə təbii qaz verilir. Digər kəndlərə qaz xəttinin çəkilişi davam etdirilir. İcra başçısı qeyd etmişdir ki, bu gün Azərbaycanın hər yerində, eləcə də Zərdab rayonunda yaşayan əhali Heydər Əliyev siyasətinin bəhrələrini görür. Məhz qaz xəttinin açılışı da bir daha onu göstərir ki, Heydər Əliyevin siyasi xətti əsasını müstəqil Azərbaycanın hərtərəfli inkişafı və xalqımızın firavan yaşayışı təşkil edir və bu siyasət prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlin sonuna qədər rayonun daha 10 kəndində qaz xəttinin açılışı nəzərdə tutulub.

Lütvəli Babayev qaz xəttinin istifadəyə verilməsini bildirən məşəli yandırıb.

Kənd sakinləri çıxış edərək bildirdilər ki, dövlətimizin artan iqtisadi imkanları, uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf xəttinin bəhrələrini bu gün hər bir sakin öz həyatında hiss edir, yeni qaz xəttinin açılışı da zərdablılara, o cümlədən Dəli Quşçu kənd sakinlərinə göstərilən qayğının daha bir nümunəsi kimi böyük minnətdarlıq hissi ilə qarşılanır.

Həmin gün Rayon Mərkəzi Xəstəxanasında tibb elmləri doktoru, professor Çingiz Cərullazadənin rəhbərliyi ilə “OFKO” klinik göz xəstəxanasının həkim briqadası rayonda 100-dən çox xəstəni pulsuz müayinə və müalicə edib.