Zərdüşt belə buyurmurdu

zerdust-bele-buyurmurdu-
Oxunma sayı: 668

Zərdüşt Şəfinin “Başqa adamlar” kitabından ən azı onu həvəsləndirmək üçün kiçik bir yazı yazmadıq, amma saatlarla ağı verilişlərinə çəkilməyə hazırıq.
Ölümün insanları bərabərləşdirməsi hələ o demək deyil ki, biz hamı haqqında eyni sözləri deyək.
Məncə, Zərdüşt belə buyurmurdu.

Fərhad Mete öldü, palaz-palaz yazılar yazdıq, mən də başda olmaqla qoca kişi kimi xatırladıq onu. İl-ilə calanır, amma Fərhadın şeirləri haqda yazan, o möhtəşəm “Diş” hekayəsi barədə dil tərpədən yoxdu.

Zərdüştü “yaxşı, sakit. mehriban” komplimentlərlə xatırlamayaq, təklif edirəm, onun kitabını əvvəldən sonacan oxuyaq, lazımdısa lap tənqid eləyək. Q.Q.Markes, Frans Kafka haqqında deyir ki, “İmtahan” hekayəsinə görə onu gordan çıxartmaq lazımdı, mənim ona sualım var”. Belə kobud demirəm, amma hər halda “sevgimizin əyni”ni dəyişək da.

Zərdüşt deyirdi ki, çap olunmamış əsərlərim çoxdu. Biz bəlkə həmin əsərlərin çapı məsələsi haqda düşünək? Kitabını əməlli-başlı müzakirə edək, olmaz?

Qəribədir ki, Rafiq Tağını da, Elçin Səlcuq da bu cür xatırladıq.
Biz Zərdüştlə bağlı xatirələrimizin içində “eşələnmək”lə məşğuluq. Hərdən mənə elə gəlir ki, “Ədəbiyyat qəzeti”nin adam variantıyıq – nekroloq və nekroloq.

Həmişə söhbətlərinə ciddi əhəmiyyət verdiyim “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli bir dəfə Mirzə Fətəli Axundov adına Milli Kitabxanada maraqlı bir fikir söyləmişdi, indi də yadımdadı. Deməli, buyurdu ki: “Sizin ədəbi nəslin bədbəxtliyi ondadır ki, xatirələrinizdən kənara çıxa bilmirsiniz. Göndərdiyiniz yazılara baxıram, bircə özünüzdən yazırsınız, elə bil dünyada sizdən başqa adam qalmayıb”. Başda özüm də olmaqla biz bu bəladan xilas olmalıyıq. Zərdüştlə bağlı xatirələrimizi danışmaqla, həm də onunla olan əlaqələrimizi “moda” mindirməyə çalışırıq.

Biz Zərdüştə ölüm mərhəməti ilə yanaşıb, hər şey “yaxşı” gözü ilə baxmamalıyıq. Onunla bağlı düzgün etmədiyimiz məqamları yazaq bəlkə: Şəxsən mən, Zərdüştün kitabının təqdimatı günü ondan imza ala bilmədim, tələsirdim. Həm də o məqamda vacib bilmədim. Amma o dedi ki, “gözlə yazım”. Gözləmədim...
Biz çox birmənalı görünürük və yazdığımız adamı da birmənalı göstəririk: “ya yaxşıdı, ya pisdi”.
Bu birmənalı mövqe, qaqaş canı, bizim evimizi yıxacaq. Bizə Nüsrət Kəsəmənlini baz, Hüseyn Arif lağlağı adam kimi tanıdıblar. Bütün bunlar nəyin nəticəsidir, əlbəttə ki, yersiz-yataqsız birmənalı xatirələrin, münasibətin.
Yaxud elə baxın, yazıçılarımızın xanımlarının xatirələrinə, Müşfiq də, Mirzə Cəlil də birmənalı görünür. O gün bakılı qədeşlərdən biri məni universitetdə yaxalayıb belə ərz elədi: “ala bu Mirzə Cəlil lap arvad hesabına yaşayan olub ki”. Çünki yazanda qoyuruq üstə, “tərəzi” yadımızdan çıxır. Ölçülər itir. Matilde Urrutianın “Pablo Nerudayla yaşanan ömür”, lap elə Sofya Andreyevna Tolstayanın “Mənim həyatım” adlı kitablarına nəzər salın. Hər halda, daha səmimi münasibətlə rastlaşacaqsınız.

Biz yazıçı Zərdüşt haqqında yazaq. Onun beynimizdə formalaşdırdığımız obrazından yazmaq, onu addım başı daşlaşdırmaq deməkdi.

Bəyəm Zərdüştün pis xüsusiyyəti yox idi? Biz ölənləri qəhrəmana çevirmək sənətində ustayıq.

Zərdüşt vəfat edəndən sonra haqqında daim səsləndirilən fikirlər də – çox quru yazır, elə bil tərcümə əsəridi, yazılarının dili çox cansıxıcıdı, həyatla bağlılığı yoxdu, oxuya bilmirəm – “öldü”.

Bizim bundan sonra Zərdüşt üçün etdiklərimiz, bilirsiz nəyə bənzəyir: fərz eləyin ki, sizi döyürlər, sonra adam tapıb qisasınızı alırsınız. Bəyəm yad qüvvə qisas ala bilər?

Rəşad Məcid sağ olsun, o mənada ki, Zərdüşt üçün görülməli işləri onun sağlığında gördü. Bu gün bizim hamımızın qəm-kədəri, Zərdüştün kitabı çıxan gün keçirdiyi sevincin bir dəqiqəsinə dəyməz. Xatirəbazlıq eləmirəm, yazmıram o günü, amma necə sevindiyi yaxşı yadımdadı.

P.S Rəhmətlik Zərdüştdə mənim bir kitabım qalıb. Heç vaxt qaytarmayacaq ta. Kitabın adı: “Yaşamaq gözəl şeydir, qardaşım”. Müəllif: Nazim Hikmət.

Eh, qəribə həyatdır da yaşayırıq...