Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş konsert keçirilib

zerife-eliyevanin-xatiresine-hesr-olunmus-konsert-kecirilib
Oxunma sayı: 1066

Görkəmli oftalmoloq, akademik  Zərifə Əliyevanın anadan olmasının  95 illiyi  Nəsimi rayonunda qeyd olunub. 

Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə çıxış edən  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, Azərbaycanın görkəmli alimi respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. 

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin    direktoru, əməkdar incəsənət xadimi Nazim Kazımov çıxış edərək görkəmli tibb mütəxəssisi, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunan  konsertin əhəmiyyətindən danışıb, konsertin təşkilində əməyi olan tələbə və müəllimlərin bu tədbirə böyük ehtiram və məhəbbətlə hazırlaşdıqlarını bildirib .

Konsertdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi  Kollecinin   Nəfəs və zərb alətləri orkestri, Xalq çalğı alətləri ansamblı,  Xor kollektivi və beynəlxalq müsabiqələr laureatları Azərbaycanın və xarici bəstəkarların  musiqi əsərləri  ilə çıxış ediblər.