Zeydi məzhəbi nədir?

zeydi-mezhebi-nedir
Oxunma sayı: 2249


Cavab: Bu məzhəbin adı dördüncü imam Zeynülabidinin (ə) oğlu Zeydi-şəhidin adı ilə bağlıdır. Onun sağlığında şiələrin bir qrupu yalnız zalım hökumətə qarşı silahlı mübarizə apa¬ran Əhli-beyt nümayəndəsinin imamətə layiq olduğu ideyasını ortaya atdı. Onlar İmam Baqiri (ə) zəiflikdə günahlandı¬rıb, qardaşı Zeydi imamətə layiq bildilər. Zeyd Kufədə Əməvilərə qarşı qiyam qaldırıb şəhid oldu (740-cı il). Zeydi məzhəbində Zeydin oğlu Yəhya, İmam Həsənin (ə) nəslindən olan Mühəm¬məd Nəfsüz-zəkiyyə, İbrahim (Baxümra şəhidi), “İbn Təbatəba” ləqəbli Mühəmməd ibn İbrahim də imam sayılırlar.

Zeydi məzhəbi Yəməndə geniş yayılıb. Zeydi imamları IX-XIII əsrlərdə, eləcə də 1592-1962-ci illərdə Yəməndə hakimiyyətdə olmuşlar. İdrisilər və Büveyhilər də zeydi əqidəsinə mənsub olmuşlar.

Zeydiliyin ideoloji əsasları şiə, mötəzili və qismən əhli-sünnə məzhəblərinin əsasında formalaşıb. Bu məzhəbə görə, Peyğəmbərin həqiqi canişini Əli ibn Əbu Talib (ə), ondan sonra İmam Həsən (ə) və İmam Hüseyndir (ə). Lakin Peyğəmbər sonrakı imamları açıq şəkildə deyil, gizli və rəmzi formada elan etmişdir. İmam mütləq Fatimənin (ə) nəslindən olmalı, zülmə qarşı qiyam etməli, öz elmi, imanı və şücaəti ilə seçilməlidir; bununla belə, məsum olması şərt deyil. İmam Həsənlə (ə) İmam Hüseynin (ə) övladları arasında hər kim mübariz əhval-ruhiyyəyə malikdirsə, imamlığa layiqdir. İmamət Hüseynin (ə) övladlarından Həsənin (ə) övladlarına və ya əksinə qaydada da keçə bilər.

Zeydilik fiqhi baxımdan hənəfiliyə daha yaxındır. Ən əsas ortaq cəhət hər ikisində qiyasın olmasıdır. Zeydilər müvəqqəti nikahı (mütə), dəstəmazda ayaqların üzərinə məsh çəkməyi caiz bilmirlər.

islam.az