Zibil atmaq mədəniyyətsizliyi...

zibil-atmaq-medeniyyetsizliyi
Oxunma sayı: 1706

Dünya Sakit

Hər səhər işə gələndə qarşısından keçdiyim bir bina var – köhnə beşmərtəbələrdəndir. Demək olar ki, hər gün keçəndə xeyli yaşlı, qoca bir kişi görürəm – nimdaş paltarlı, əlində köhnə ev süpürgəsi ilə binanın qarşısına tökülən zibilləri yığır. İlk dəfə görəndə əynində “JEK” jileti yox idi deyə, elə bildm kimsə bina sakinlərindəndir. Düşündüm ki, yəqin birinci mərtəbədə yaşayır, pəncərəsinin qarşısındakı zibilləri yığır. Sonra gördüm ki, yox, qoca bütün binanın qarşısını təmizləyir...

Hər gün görürəm onu – ayaqlarını sürüyə-sürüyə süpürgənin ucuyla eyvanlardan, pəncərələrdən atılmış siqaret kötüklərini yığır xəkəndaza, oradan da boşaldır bir vedrəyə. O siqareti çəkən kişilər (bəlkə də qadınlar) evdəkilərə siqaret tüstüsü verməmək, bəlkə də təmiz hava almaq üçün eyvana çıxırlar. Siqareti çəkəndən sonra isə kötükləri atırlar aşağı. Evdəkilərə əziyyət verməmək üçün zibili yaşadığı binanın qarşısına atan bu insanlar yəqin ki, həmin zibilləri yığmaq üçün isti yatağından durub gələn qocanı heç fərq etmirlər də...

Elə gün olub ki, kişi zibil yığan vaxtda eyvan qonşusu olan qadınların bir-biri ilə söhbətləşdiyini görmüşəm. O qadınlar heç başlarını əyib aşağı belə baxmırdılar – qoca isə onların eyvanlarından tökülən zibilləri yığmaqla məşğul idi. O zibilləri ki, əslində binadan cəmi 30-40 metr aralıda qoyulmuş zibil yeşiklərinə atılmalı olduğu halda, həmin qadınların, onların ailə üzvlərinin özlərinə əziyyət verməmək istəyindən binanın qarşısına səpilib qalır...

Hər dəfə o qocanın yerə atılmış meyvə, tum qabıqları ilə dolu selofanları yığdığını görəndə istər-istəməz bir neçə ilə əvvəl tanınmış bir dostumuzun başına gələn hadisəni xatırlayıram. Həmin dostumuz xanımı ilə toya getmək üçün evdən çıxarkən elə öz blok qonşusunun eyvanından atılan zibil dolu selofan başlarına düşmüşdü. Toy paltarlarının hansı vəziyyətə düşdüyünü, ən əsası isə dostumuzun keçirdiyi hissləri təsəvvür etmək belə çətindir. 

Düzünü deyim, elə bilirdim, daha Bakıda eyvanlardan zibil atmırlar. Haradasa 90-cı illərdə, 2000-ci illərin əvvəllərində belə hallar kütləvi idi – ərazilərdə zibil yeşiyi az olurdu, yaxud olmurdu və ya gec-gec boşaldılırdı. Buna görə də binaların həyəti zibillə dolu olurdu. Son illərdə şəhərdə zibil yeşiklərinin sayı kifayət qədərdir, ən azı gündə bir dəfə boşaldılır. Demək ki, problem insanımızdadır. Görünən odur ki, yanılmışam. İnsanlarımızda adi zibili zibil qabına atmaq mədəniyyəti də tam oturuşmayıb. Sivil toplumlarda adidən adi olan bu xüsusiyyətə nə zaman yiyələnəcəyimiz də bəlli deyil. 

Əksər ölkələrdə zibilyığan, süpürgəçi işlərinə gənc, enejili insanlar cəlb olunur. Elə işə görə əmək haqqı da kifayət qədər yüksək olur – işin mahiyyətinə görə. Amma bizdə bunun da əksidir - ən aşağı əmək haqqı təyin olunur deyə, gənclər üçün cəlbediciliyi yoxdur. Yalnız pensiya alan yaşlı insanlar bu işi görməyə razılaşırlar – aydın məsələdir ki, aldıqları pensiya dolanmaq üçün yetərli olmur. Və biz hələ də heç olmasa o yaşlı insanlara əziyyət verməmək üçün zibili zibil yeşiyinə atmağı  adətə çevirməmişik. Ən pisi də budur ki, çevirəcək olana da bənzəmirik...