Zibileşənlər

zibilesenler
Oxunma sayı: 2183

Raminə Eyvazqızı

Eyvanımızın zibilxanaya tərəf baxması o qədər ağrılıdır ki. Misal üçün, dünən səhər saat 8 olardı. Soyuq, çiskinli səhər. Pəncərəni açıb hava alacaqdım. Ala bilmədim. Əvvəlcə itlər, pişiklər zibil qutularını yoxlamağa başladılar. Ac idilər, yemək axtarırdılar. İnsanları qabaqlamışdılar. Ardınca 3 yaşlı kişi zibilliyi növbə ilə eşələdi. Ümidlə eşələdilər.

Fikirləşdim yəqin, yənə toyuq saxlayanlardı, quru, atılmış çörək yığımına çıxıblar. Yox, dəqiq iki kişi də yeməyə nə isə axtarırdı. Ətrafımızda bir qarın yemək axtaran kimsəsiz, ya sahibli “yetim”lər var. Onlar da it, pişik kimi zibil qutusundan yemək axtaracaqsa, biz niyə insan oluruq? Hərçənd ki, başı mərhəmət standartı ilə işləyən insanların(daha çox əcnəbilər) heyvanlara təqdim etdiyi yemək adam yeməyindən fərqlənmir.

Heyvanlarsa, ona yemək verəni heç vaxt unutmurlar! Kaş ki, insanlar da belə olardı. Çoxu zibileşən görəndə, zəmanəni söyür. Bəziləri, “onlar “bomj”du” fikriylə mərhəmətsizliyini malalayır. Bir-ikisi arxayınlıqla söyləyir ki, getsin iş tapıb işləsin. Həm də, o yaşda. Amma biz çox istəsəydik, kimsə ac qalmazdı!

Xatırlayıram, iki il əvvəl məşhur supermarketlərdən birində yardımlıq rəf qurulmuşdu. Hər gün o rəfdə azçəkili olsa da, çörək, yarım kq qənd, şəkər tozu, makaron qoyulardı. Bir dəfə marketdə kişik oğlumun uzun-uzadı məhsul seçimini bəhanə edib yarım saatadək müşahidə apardım. Gözüm həmin asqıya qoyulmuş məhsullarda idi. Baş verənlər desəm ki, məni dəhşətə gətirdi, əsla yox. Baxmayaraq ki, bu şəhid ailəsi üçün tikilən evi “yekə” kişilərə peşkəş verənlərin hərəkətindən, humanitar yardımı mağazalara basıb satdıran əclafların davranışından çox cüzi heyranlığa layiq idi, yenə də nəticəni sizlə paylaşıram. Həmin asqıdakı çörəkdən ikicəcəyini kürklü qadınlar götürdü. Yaşlı idilər,amma əl atıb imkansızlar üçün 30 qəpiklik çörəyi götürəcək vəziyyətdə əsla deyildilər. Biz bu idik. Halbuki qürurundan kasıbı belə o yardım ərzağına əl üzatmadı. Marketin bu xeyirxah təşşəbbüsü xeyli vaxt davam etdi, ta ki mağazanın müdiri türkiyəli vətəndaşı bizimki əvəz edənə qədər.
Ölkə bu qədər pul qazanır, amma bir “asqıda yemək”, “asqıda geyim”, “asqıda içki” kimi sadə və başucalığı gətirən təşşəbbüskarları yoxdur.

Demirəm ki, əcnəbilər kimi hər şirkət tabeliyində xeyiriyyə cəmiyyəti yaradılsın. Mümkünatı yoxdur. O tək Hacı Zeynalabdin Tağıyev kimi kişilər idi ki, vaxtiylə siyasəti, axan suyu, təhsili, teatrı belə pulu hesabına abıra salmışdı. Hələ bu pul onun öz şəxsi qazancıydı. Bəs xalqın şərikli malına təkbaşına sahib çıxanların xeyir iş deyəndə niyə canı çıxır? Hər şey qalıb ayrı-ayrı xeyirxah insanların ümüdinə.

Bəs necə etmək olar ki, ölkə insanı hər gün çeşidli, vitaminli yeməklər yeməsə də, barı qarnıtox yatsın və ya oyansın. Ac yuxuya getmək, hansısa yeməyin arzusu ilə yatmaq... Bu dadı nə tez unudub bəzi yekəqarınlar, görməmişlər?

Dünyada acları yeməklə təmin edəcək pulsuz məntəqələr qurmaq kimi təcrübə var. Misal üçün, Gürcüstanda 60-a qədər bufet –kafe minlərlə insanı gündəlik pulsuz yeməklə təmin edir. Türkiyənin ayrı-ayrı vilayətlərində bələdiyyələr öz hesanına, xüsusən qış aylarınada pulsuz yemək çadırları qururlar. Bir ara bizdə də bundan vardı, amma yamanca gözümüzə soxdular. Bu işi sevgidən yox, elə gözə soxmaq üçün etmişdilər. İşdi, bir gün dövləthesablı belə kütləvi yeməkxanalar bizdə də qurulsa, varlılar da qarnını doyurmağa tələsəcək. Lap pul verib “yazıqlıq” sənədi də düzəltdirməyə utanmazlar, havayı yemək xəstələri. Məgər toya tox gedib, pul yazdırıb deyə boğulanacan yeyəni az olur? Zalımbalası sonra da yediyini qaytarır...

Acgözlər. Ac həriflər.