Zina

zina
Oxunma sayı: 650

Yoxsa yurd itirmək səninçün halva-zaddı?! Madam ki, taleyin belə gətirib, dözəsən gərək. Durub sənə təzədən tale yazası döyülük ha! Zəhmət çəkib elə döyüşəydin, torpaqlar getməyəydi. Satqın! Hələ o günü ağzını dinc qoymadan utanmaz-utanmaz deyir: “Neft və milyonlar ölkəsində yoxsulluqdan ölürük!”

Neft, neft, neft! Ölkəmizi sevməyən, dövlətçilik maraqlarımıza yan gözlə baxan bir qrup avara var ki, bu sözlər dilindən düşmür. Ay balam, neft olmasa bu boyda insanın maaşını, təqaüdünü nəynən verəssən?! Bu qədər polisi, ordunu hansı pulla saxlayassan?! Sənə qalsa Bakı-Ceyhan borusuna bir “şlanq” taxıb sortuqlayarsan. Gözündən gəlsin o aldığın pensiya! Bütün günü müxalif-müxalif danışmaqdan başqa əlindən bir iş gəlmir. Dominada əlin gətirməyəndə də iqtidarı günahlandırırsan. Səni görüm dubelin əskik olmasın! Səni “sxoy”dan çıxmayasan!

Görürsüz, məni necə əsəbiləşdirdisə mətləbdən yayındım. Şeytan köpəyoğlu! Ailəsinə də baxmır qurumsaq! Kartını arvada verib! Hahaha! Gülüm barı… A quşbeyin, bu pensiyayla ailə saxlamaq olar şəhərin ortasında?! Get fəhləlik elə, iş düzəlt, rüşvət al, hırsızlıq yap… Vecimə deyil, nəsə bir şey elə, ailənə-uşağına qazanc gətir. Nəymiş bəs, müharibədə böyrək ağrısı tapıbmış, işləyə bilmirmiş! Müalicəyə isə pul tapmır. Amma gecə saat ikiyə-üçə qədər çayxanada futbola baxa bilir. Qalatasaraylıdır! Külü qoyum təpənə! Sevdiyi komanda qol vuranda elə qışqırıb tullanır ki, elə bil Ceki Çandır. Xəstə-zad deyil vallah. Sağlamdır, özü də öküz kimi!

Yoldaşı bütün günü gileylənir. Deyir artıq bu kişinin avaralığına təhəmmülüm yoxdur. Heç olmasa gedib yad arvadlara da baxmır ki, deyəm faydalı bir iş görür. Bütün günü, çayxana-siqaret-futbol. Belə kişi olar?! Ölüb də getmir ki, müavinətdən-zaddan alaq.

Hələ utanmaz-utanmaz arvadına deyir: “Otağımız elə dardı, utandığımdan gəlmək istəmirəm.” Ona görə gündüzləri yatıb, gecələri çayxanada keçirir. Guya ən çox da qızından utanır. Zina! Belə də duyğu sümürüsü yapır. Guya yazığımız gələcək buna. Yazıq ilan vursun səni! Səni görüm böyrəklərin “otkaz” eləsin! Dünən nə eşidəm: gecənin bir aləmi gəlib, heç kimi oyatmadan adyala bükülərək qapının dibində, linoleumun üstündə pişik kimi büzüşüb yatıb. Arvadı məəttəl qalır. Belə adam necə vuruşub erməniylə?! Ağıl almaz şeydir. Elə torpağın getməsinə səbəb belə maymaqlardır.

Oğlu böyüdükcə xəstəliyi şiddətlənir və o, təhlükəli varlığa çevrilir. Hər an yataqxanadakı uşaqlara, hətta böyüklərə zərər verə bilər. Ayrıca bir adam lazımdı ki, ömrünü bu bədbəxtə həsr eləsin. Onu izləsin, yedizdirsin, qəfil yataqxanadan çıxıb getməyə qoymasın. Camaat anasından ar eləyir. Atasına qalsa o saat 103-ə zəng edib dəlixanaya göndərərlər. Ya da 102-ni arayıb asayiş istəyərlər.

Deyilənə görə, İranda müalicəsi var, pul yoxdu deyə apara bilmirlər. O günü yazıq anası mənə yanaşıb utana-utana aidiyyəti orqanlara ərizə yazmağımı xahiş etdi. Nümunə üçün mənə bir kağız da verdi. Bu da ərizə idi. Oğluna görə vəzifəli və imkanlı bir şəxsə müraciət etmişdi. Ərizəni oxuyanda göz yaşlarımı saxlaya bilmədim. Amma, bu barədə növbəti yazımızda.

Hələlik. Gələn həftəyəcən. Okey?