“Zirvəyə sürətlə dırmanma” - İlk Azərbaycan Çempionatı

zirveye-suretle-dirmanma-ilk-azerbaycan-cempionati-
Oxunma sayı: 649

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yarış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilmiş tədbirlər çərçivəsində Şahdağ Milli Parkının Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivi ərazisində yerləşən “Heydər Zirvəsi”ndə təşkil olunub.

Yarışın keçirilməsində əsas məqsəd dağ idman növlərindən olan zirvələrə sürətlə dırmanma növünün Azərbaycanda inkişafı, eləcə də zirvələrə sürətli qaçışla məşğul olanların fəal həyat tərzinin və sağlamlığının inkişafı və bu idman növlərinin təbliği olub.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təqvim planına əsasən təşkil olunmuş yarışa ümumi rəhbərlik Federasiya tərəfindən təsdiq olunmuş Təşkilat Komitəsi tərəfindən həyata keçirilib.

Yarışın baş hakimi respublika dərəcəli hakim Valeri Bağırov, baş katibi isə 1 dərəcəli hakim Babək İskəndərov təyin edilib.

3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə təşkil olunmuş kütləvi yürüşdə ən təcrübəli, bacarıqlı, dəfələrlə respublikamızın ən yüksək zirvələrinə qalxmış 31 dağçı-idmançı (25 kişi, 6 qadın) iştirak edib.
Dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən düşərgə düzənliyindən start götürən yarışa yaşı 16-dan yuxarı olan təcrübəli idmançılar buraxılıb.
Yarışın nəticələri idmançının müstəqil olaraq 3751 metr yüksəklikdəki zirvəyə çatıb start yerinə-düşərgəyə qayıtması ilə hesablanıb.

Düşərgədə yürüş iştirakçıları üçün tibb məntəqəsi və həkim xidməti də təşkil olunub.

Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunmuş, bütün iştirakçılara sertifikatlar verilib.