Ziya Məmmədovla müavininin adı 86 milyonluq korrupsiyada hallanır

ziya-memmedovla-muavininin-adi-86-milyonluq-korrupsiyada-hallanir
Oxunma sayı: 4290

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan  Ziya Məmmədov və onun müavini Arif Əsgərovun adları mətbuatın gündəmindən düşmür. "Qafqazinfo" "Yeni-Müsavat"a istinadən xəbər verir ki, bir neçə müddətdir ki, Məmmədovla Əsgərovun adı həm də beynəlxalq korrupsiya qalmaqalında hallanmağa başlayıb. Məlum olub ki, Nəqliyyat Nazirliyi 2013-cü ildə Kanadanın  “Bombardier Inc.” şirkəti ilə Azərbaycan dəmir yollarının 500 km-lik bölməsində siqnal avadanlıqları quraşdırmaq üçün 340 milyon dollarlıq kontrakt bağlayıb. Kontrakt üzrə 56 milyon dollar ortadan itib.

Həmin vaxt bu məsələ dünya mətbuatının gündəmini zəbt etmişdi. Böyük yeyinti faktlarını üzə çıxaran isə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir. Jurnalistlər aşkara çıxarıblar ki, Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier İnc”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un vasitəsilə böyük korrupsiyaya yol veriblər. “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilir.

“Bombardier” ile ilgili görsel sonucu

Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas" şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Həmçinin üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb. Bundan sonra Rusiya vətəndaşı olan şirkət əməkdaşı həbs olunub. O dövrdə məsəl ilə bağlı azərbaycanlı məmurların həbs edilə biləcəyi gözləntisi vardı. Amma sonrada işdəki əsas şahidin mövqeyini dəyişməsi məhkəmənin korrupsiya sövdələşməsini sona qədər araşdırmasına mane oldu. Məsələnin yenidən gündəmə gəlməsinə səbəb isə Dünya Bankının Kanadanın “Bombardier Inc.” şirkətinə korrupsiyaya görə xəbərdarlıq etməsidir. 

Arif Əsgərov 6 il - 2009-2015-ci illərdə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri postunu tutub. Göründüyü kimi, Arif Əsgərov vəzifədə olarkən adı böyük korrupsiya qalmaqallarında keçib, büdcənin dağıdılması, millətin pullarının talan edilməsi, həm də Azərbaycanın adının beynəlxalq aləmdə korrupsiya mövzusunda hallanmasına yol açan hərəkətlər edib.

Bu ittihamlar təsdiqlənərsə, Arif Əsgərovu hansı cəza gözləyir?

Hüquqşünas  Cavid Əfəndizadə deyir ki, rüşvətxorluq korrupsiyanın ən təhlükəli təzahürüdür:“Azərbaycan Respublikası CM-in 311-ci maddəsində rüşvət alma, 312-ci maddəsində isə rüşvət vermə cinayətləri nəzərdə tutulur. Rüşvət alma və rüşvət vermə korrupsiyanın ən geniş yayılmış və təhlükəli təzahür formalarından hesab edilir. Rüşvət alma cinayətinin təhlükəliliyi ondadır ki, o, hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlarını əhali qarşısında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur. Rüşvət vermənin spesifik xüsusiyyətlərinə gəlincə isə bu zaman dövlət qulluqçularının korrupsiyaya qurşanmasına əlverişli zəmin yaradılır, vətəndaşlar arasında qanun çərçivəsindən kənara çıxan davranışa yol verməyə meyl yaranır.

”Bombardier" şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasındakı sövdələşmədə korrupsiya izlərinin olması, ortada Azərbaycana 5,5 dəfə baha qiymətə və ya 104 milyon dollar avadanlıq satılması faktı araşdırılmalıdır. Azərbaycan dövləti niyə 18 milyon dollarlıq avadanlığı 104 milyon dollara almalıdır? Həmin pul dövlət büdcəsindən ödənilib, yəni Azərbaycan xalqının puludur. Xalqın 86 milyon dollarının oğurlanması ilə bağlı çox ciddi, əsaslı şübhələr var. Bu şübhələr araşdırılmalı, hüquqi qiymət verilməlidir. Ziya Məmmədov da, Arif Əsgərov da həmin 86 milyon dolların artıq ödənməsi məsələsinə görə dindirilməli, yeri gəlsə, istintaqa cəlb olunmalıdırlar".