Ziya Məmmədovun adamından 6 milyonluq hədiyyə

ziya-memmedovun-adamindan-6-milyonluq-hediyye
Oxunma sayı: 634

Radamel Falkaonu “Çelsi”yə satmağa hazırlaşan Madridin “Atletiko” klubu bu halda yaranacaq hücumçu problemini həll etmək üçün bomba partlatmağa hazırlaşır. “Sporx.com” saytının yazdığına görə, “Atletiko” “Liverpul”dan Uruqvay əsilli futbolçu Lius Suaresi transfer etmək niyyətindədir.

Futbolçuya qoyulan 40 milyon avroluq qiymət onların işini çətinə salsa da, madridlilər çıxış yolunu tapıblar. Daha doğrusu, onları bu vəziyyətdən nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun fəxri prezidenti olduğu “Bakı” klubunun başbilənləri çıxarıb - “Bakı”nın rəsmi sponsoru olan “Baglan Group”.

Saytın yazdığına görə, Azərbaycan tərəfi “Atletiko”ya narahat olmamaq mesajını göndərib. Məlumata görə, “Baglan Group” “Atletiko” rəsmilərinə bildirib ki, onlar Suaresin alınması üçün kluba 6 milyon avro verməyə hazırdılar. Maraqlıdır ki, bu pul kluba təmənnasız bağışlanacaq.

“Azadlıq”a daxil olan başqa bir məlumatda isə bildirilir ki, “Bakı” klubu eyni zamanda, Portuqaliyanın “Porto” klubu ilə əməkdaşlığa hazırlaşır. Məlumatda bildirilir ki, bu məqsədlə klubun baş meneceri Zeynal Məmmədov Portuqaliyaya səfər edəcək. Əgər razılıq əldə olunsa, komandalar arasında müqavilə imzalanacaq.
Xatırladaq ki, “Bakı” artıq Ispaniyanın “Atletiko” klubu ilə əməkdaşlığa başlayıb. “Porto” ilə müqavilə baş tutacağı təqdirdə, bu kluba iki il üçün 15 milyon avro veriləcəyi bildirilir./azadliq.info/