Ziya və Zeybək

ziya-ve-zeybek
Oxunma sayı: 2400

Nadir Qocabəyli

Son günlər nəqliyyat naziri Ziya Məmmədovun “vurulması” fonunda onun qohum-əqrəbasının işdən çıxarılma prosesiylə bağlı xəbərlər gündəmə gəlməkdədir. Əvvəl bacısını, indi də qardaşını... Amma yəqin ki, hörmətli baş nəqliyyatçımızın dövlət vəzifələrində işləyən qohum-əqrəbası təkcə onun bacı-qardaşlarından ibarər deyir. Əminəm ki, Məmmədovun, dədəm demişkən, bütün “iydəyənləri” məmə yeyənindən pəpə deyəninəcən irili-xırdalı bütün vəzifələrə doluşublar. Və əgər Ziya müəllim harasa göndərilirsə, qohum-qardaşı da mütləq onun dalınca getməlidir. Daha doğrusu, dalınca yox, qabağınca, çünki iri qol-budaqlı ağacı kəsəndə, ya da aşıranda gərək əvvəlcə onun qol-budağını budayasan ki, yıxılanda fəsadı çox olmasın...

Amma mən bu məsələdə nəqliyyat nazirimizi qınamaq fikrindən çox-çox uzağam, çünki o öz qohum-qardaşını başına yığan nə birinci, nə də sonuncu azərbaycanlı və ya qeyri-azərbaycanlıdır. Vəzifədən gedəndə qohum-əqrəbası eyni aqibətlə üzləşən ilk yüksək vəzifəli məmur da deyil. Mənim yadımda ən çox hazırda Amerikadan bizə demokratiya mesajları göndərən eks-spiker Rəsul Quliyevin qardaşı oğlanları qalıb. Ancaq yaddaşımızı qurdalasaq, xeyli sayda başqa örnəklər də var. Mən heç Rəsul Quliyevi də qınamıram, çünki hər hansı birimiz istər Ziya Məmmədovun, istərsə də Rəsul Quliyevin yerində olsaydıq, yəni yüksək vəzifə tutsaydıq, fərqli davranacağımıza böyük ehtimal vermək son dərəcə müşkül məsələdir. Səbəbi? Səbəbi odur ki, bizdə yeddi arxa dönəninin başına yığılması üçün onları haylamağa ehtiyac yoxdu, elə vəzifəyə təyin olunacağınla bağlı yüngülvari bir şaiyə buraxsan yetər. O dəqiqə hamının ətrafına cəm olub, pərvanə kimi fırlandığını görəcəksən. İndi oğul lazımdı ki, dünənəcən ona salam verməyən, adam yerinə qoymayan, bəyənməyən, qapısını döyməyən, telefonunu bilməyən qohum-qardaşın, tanış-bilişin görünməmiş yaltaqlığından ləzzət almaq istəməsin. Amma burada ləzzətdən ötə də bir şey var: tutduğun vəzifədə uzun müddət davam gətirə bilmək, arxadan vurulmamaq üçün etibarlı adamlarla işləməlisən, etibarlı adam isə yalnız sənə hansısa tellərlə bağlı olan adamlardır. Başqa sözlə, işlədiyin adamların ipi əlində olmalıdır ki, lazımi məqamda darta biləsən və dar ayaqda qaçıb aradan çıxa bilməsinlər...

Mən belə bir şeyin yalnız Azərbaycanda olduğunu düşünən və deyən adamlar katerqoriyasından deyiləm. Qohumluq, dostluq, aşnalıq, tanışlıq əlaqələri bütün dünyada rol oynayır və harada, hansı ölkədə cəmiyyətin iqtisadi əsasları zəifdirsə, fərdlərin iqtisadi müstəqilliyi yetərli deyilsə, bu münasibətlər ön plana keçir. Bir müddət əvvəl Türkiyədə Əhməd Yəsəvi ictimai elmlər institutunda təhsilimi davam etdirərkən bütün türkiyəli tələbələr Əhməd Yəsəvi Vakfının başqanı, millət vəkili Namiq Kamal Zeybəkin Vakfda bütün işlərə qeyri-qanuni nikahda olduğu söylənən (onlar “metresi” deyirdilər) Hürriyət adlı bir xanımın qohum-əqrəbasını təyin etməsindən gileylənirdilər. Orada hətta sürücülər, mətbəxdə çalışanlar, xadimələr belə Hürriyyət xanımla eyni millətdən – qaraçay idilər. Əgər onların öz aralarında çox zaman öz dillərində danışdıqlarına şahid olmasaydım, türkiyəli arkadaşların dedi-qodu etdiklərini düşünərdim. Amma təəssüf ki, bu doğruydu. Media maqnatı Aydın Doğanın bacanağı olan Zeybəkin qızı isə Doğan Holdinqə aid Kanal D-də aparıcılıq edirdi. Türkiyəli gənclərin dediyinə görə, o cür tanınmış bir kanalda “sunuculuk yapmak” hərkəsə nəsib olmaz, bu ölkədə iş-güc sahibi olmaq üçün mütləq “torpilin”, yəni vəzifəli, imkanlı arxan, dayağın, qohumun, dost-aşnan olmalıdır.

“Torpil” sözünün mənşəyi ilə maraqlananda, onun fransızca “torpille”dən gəldiyini gördüm. Bu sözün bizim anladığımız əsas mənası “torpeda”dır, yəni öz-özünə hərəkət edən iri sualtı mina. Məcazi mənası isə, arxa, köməkdir. Belə çıxır ki, fransızlara görə, dövlətdə hər hansı məqama, vəzifəyə yüksəkləmək üçün səni suyun altıyla hərəkət edən nəhəng dağıdıcı qüvvə dəstəkləməlidir, əks təqdirdə, heç bir şansın yoxdur...
Siz də deyirsiz ki, bizdən başqa heç yerdə belə şey yoxdu...