Ziyalının ziyankara çevrilməsi

ziyalinin-ziyankara-cevrilmesi
Oxunma sayı: 648

Necə ki, bu yerdə rus publisisti Pyotr Boborikinin ziyalıya verdiyi təriflə “düşüncəli, bilikli, mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən şəxslərdir”fikri ilə tam razı olardım. Xüsusiylə də, mədəniyyət hissəsi ilə. Burada mədəni davranış da nəzərə alınır. Bütün hallarda ziyalı kəs ağzından çıxana diqqət etməli, lap xalq dilində desək ağzının danışığını bilməlidir.

İndi bizim ən “ağsadığımız yerimiz”dən biri ziyalı kimi yanaşdığımız kəslərin durduğu yerdə ağzını açıb, biədəb davranışı və yersiz danışığı ilə bizi mat qoymasıdır. Bu lap adi hala çevrilib. Amma ataların yerində bir misalı var, “At mıxçanı yerdən çıxaranda ziyanın birini yiyəsinə, birini də özünə vurur.” Başqa sözlə, başqasından bostanının daşlanmasını gözlədiyin halda, özün öz bostanına “qaya tullayırsan”, olursan rüsvay.

Bayaq dediyim kimi, biz ziyalı deyəndə təkcə cümlə qoşan, söz yazan, ortalığa fikir atan, başımızı dərdə-sərə cəmləşdirən kəsləri başa düşmürük. Bunun siyasətçisi, lap nəticədə mədəniyyətinin təmsilçiləri var. Sonuncuları, atlanıb- düşən, səhnəni hoqqabazlıq yerinə çevirən şou(şor)əhlindən olanları demirəm. Əməlli-başlı illərini sənətə xərcləyən, gözümüzdə qalxan, amma bir anda özünü heç edən. Bu da sözsüz, çümlə camaata şamil edilmir. İndi siyasətçisi, millət vəkili küçə söyüşünü tək olanda yox, ictimai yerdə çəkinmədən aşkarcasına söyləyirsə, onda oxuyub-oynayandan nə gözləyək. Baxmayaraq ki, birincilər hərdən missiyalarını ikincilərdən yaxşı yerinə yetirirlər. Hər şey millət vəkili Hadı Rəcəbli, siyasətçi Sərdar Cəlaloğlu, Tağı Əhmədov, Hacıbala Abutalıbov kimi şəxslərin sözü havaya “çıxarıb”, sonra “bıy” dediyi yerdən başlayır.

Sonra illərdir hamımızın hörmətlə yanaşdığımız müğənni İlhamə Quliyevanın efirlərdən hamının onu “tanımasını” təkid etməsi. Qarabağı tanımayan özümüzkülər bir tərəfdə qalıb, öz şəxsiyyətinin tanınması üçün müğənni Nazpəri Dostəliyevanı məhkəməyə verməsi. Bəli, İlhamə Quliyeva özünün də dediyi kimi, çoxlu titulları olan qadındır. Yəni, baş ziyalımızdır. Ziyalının ziyasını sübut etmək zamanıdır, ziyana işləmək vaxtı yox. Bu yerdə “ziya” sözünü də xırdalayardım, amma deyəsən bu “ziya” məsələsi də “öz boşqabında” deyil. Digər məsələlər kimi.

Və nəhayət, sonuncu məlum xalq artisti Brilliant Dadaşovanın yayılan “qanacaqlı söhbəti”. Xalq artisti Aygün Kazımova ilə yüz dəfə dalaşan, eyni sayda da öpüşünü gözümüzə soxan B.Dadaşova yediyi orqanik məhsullardanmı bu sözləri işlədib, ya ətrafda hamının artıq ağzına gələni söyləməyindənmi ilhama gəlib? Hər halda iki xalqın artistinin yenə fironluq davasında iç üzünün, qabiliyyətinin şahidi oluruq. Brilliant Dadaşova həmişə Dadaşovlar ailəsindən və ziyalı cinsindən olduğuyla fəxr edirdi. Amma bilə-bilə ki sosial şəbəkənin imkanları genişdir, sağolsun, bizi barəsində xeyli məlumatlı etdi.

Bütün bu söyüşlü, təhqirli vəziyyətlərin mənbəyində bir səbəb durur. Ya biz bir qisimlərə həddindən artıq qiymət vermişik, ya

da onların adam arasına çıxmağına çox imkan yaradılıb. İndi ağzına gələni danışan bir müddət müzakirə obyektinə çevrilir, azca qamçılanır, zamanın hər şeyə çarə olduğu kimi, sonra da yaddan çıxır. Vay o gündən ki, o kəslər bu üsulla da özünü yada salmaq, xatırlatmaq fikrinə düşələr.

Fikrimcə, ziyalı ilə bazar adamının yerinin dəyişik düşmə zamanı yetişirb, ya bilmirəm artıq çoxdan başlayıb. İntelligentlər, amandı ziyanıza sahib çıxın, ziyanın yarısından da qayıtmaq bir qənimətdir. Ziyalı nümunədir, ziyankar olmağa nə var ki....