Zorik Azərbaycanın mədəniyyət naziri olmaq istəyir

zorik-azerbaycanin-medeniyyet-naziri-olmaq-isteyir
Oxunma sayı: 4243

“Qafqazinfo” qalmaqallı rejissor və prodüser Zorikin (Zöhrab Ağayev) Gün.Az-a müsahibəsini təqdim edir

- Nəyə görə yerli şou-biznesdə Zorik qalmaqallı prodüser və rejissor adını qazanıb?
- Mən bu sənətə başqalarından fərqli olaraq, kiminsə köməkliyi ilə gəlməmişəm. Özüm və ailəmin dəstəyi ilə gəlmişəm. Qalmaqallarda ona görə adım hallanır ki, dediklərimin hamısı düz çıxır.

Əslində, adımın hallandığı heç bir qalmaqalın təməlini özüm uydurmuram. Sadəcə, mənə söz atıblar, cavablarını vermişəm və sözümün arxasında dayanmışam. Məni ilk gündən sözün düzünü deyən biri kimi tanıyıblar. Hətta bir dəfə demişdim ki, 40 yaşımda mədəniyyət və turizm naziri olmaq istəyirəm.

Mənə dedilər ki, qorxmursan, belə sözlər danışırsan? Dedim ki yox, elə bir əsgər yoxdur ki, general olmaq istəməsin. Hər bir insanın bir istəyi, arzusu var. Mən də istəyirəm ki, mədəniyyət naziri olum.

- Siz özünüzü daha çox rejissor, yoxsa prodüser kimi görürsünüz?
- Mən Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm. Ümumiyyətlə, prodüser sözündən xoşum gəlmir. Bəzi həmkarlarım lüğətdə prodüser sözünün tərcüməsi ilə maraqlansalar, görərlər ki, heç birimiz prodüser deyilik.

Azərbaycanda bir prodüser olub - o da Vaqif Gərayzadə. Prodüser nədir? Bu, hansısa müğənnini tanıtmaq üçün üzərində işləyən adamdır. Necə ki, Vaqif Gərayzadə Natavan, Röya, Elnarənin üzərinə pul qoyub, qrup yaratdı. Mənə elə gəlir ki, bizimki daha çox menecerlik işinə bənzəyir.

- Rejissor kimi sizin işinizi bəyənməyənlər də az deyil...
- Haqlısınız, bir çoxlarına görə mən keyfiyyətsiz iş görürəm. Əgər yaxşı iş görmürəmsə, Elnur mənə bir dəfə aldanıb klip çəkdirərdi. Amma mən Elnura düz 5 klip çəkmişəm.

Natavan Həbibiyə şəkillərdən ibarət çəkdiyim klip – yeri gəlmişkən, bu, Azərbaycanda yenilik idi – Türkiyədə birinci yerə layiq görüldü. Nazpəri Dostəliyevaya çəkdiyim “Sarışınım” adlı mahnının klipi Türkiyənin “Kral” televiziyasında nümayiş olunub. Halbuki, o vaxtlar bizim müğənnilərdən heç kimin klipi həmin telekanalda nümayiş olunmurdu.

- Yeri gəlmişkən, son zamanlar yerli şou-biznes nümayəndələrinin Türkiyə şou-biznesinə axını başlayıb.
- Sizə bir şey deyim, deməli, 2009-2010-cu illərdə mən Türkiyədə təhsil alanda Yeganənin mahnısı çıxmışdı. Hansı kafeyə, bara girirdim Yeganənin mahnısı səslənirdi.

“Ay, ayy” Türkiyədə “partlamışdı”. Bütün telekanal və radiolarda bu mahnı səslənirdi. Amma davamı olmadı. Aygün Kazımova indi Sərdar Ortaçdan bəstə alıbsa, Yeganə 5 il bundan əvvəl Sərdar Ortaçdan düz 4 mahnı oxuyub.

Azəri qızı Günelin arxasında İbrahim Tatlısəs dayanıb, amma onu orada sıxırlar. Ona təzyiqlər gəlir. Mən Türkiyə şou-biznesinə qatılan müğənnilərimizin bu qərarını müsbət hal kimi qarşılamıram. Çünki bizim müğənnilərə bayaq dediyim kimi, orada təzyiq var. Pulun varsa, gəl, yoxdursa, gedə bilərsən...

Onu da deyim ki, Türkiyədə Röyanın səsini bəyəndilər. Aygün Kazımovanı isə Diva kimi bəyəndilər.

- Prodüserlərdən söz düşmüşkən, sizcə, Toliki yerli şou-biznesin bir nömrəli prodüseri hesab etmək olar?
- Vaqif Gərayzadədən sonra Tolik Azərbaycanda ikinci peşəkar prodüserdir. O, hansı müğənni ilə işləyirsə, həmin ifaçı qabağa gedir. Hazırda Sevda Yahyayevanın üzərində işləyir. O, öz işində çox ağıllıdır. Mən onun yerində olmaq üçün çox işləməliyəm. Tolik çox peşəkardır.

- Necə oldu ki, adınız “21-ci əsrin Azərbaycan gəncləri” ensiklopediyasına salındı?
- Çoxları məni qalmaqallı bir adam kimi tanıyır. Bu ensiklopediyanın çapına düz 5 il bundan qabaq başlanmışdı. 2007-ci ildə keçirilən tədbirlərdən birində Hüseyn Cavidin “İblis”inin monoloqunu söyləmişdim. Həmin tədbirdə ensiklopediya üzərində işləyənlər, görünür, çıxışımı bəyəndilər. Bundan sonra adımı kitaba saldılar. Onu da deyim ki, rejissor özü də ilk növbədə aktyorluq qabiliyyətinə malik olmalıdır.

- Niyə Zöhrabı Zoriklə əvəz etdiniz?
- Mən yerli şou-biznesə Zöhrab Ağayev kimi gəldim. Amma sonra dostlarım, yaxınlarım mənə “Zoxa”, “Zorik” deyə müraciət edirdilər. Efirlərdə də adımı belə çağırmağa başladılar.

Düzdür, çoxları bu adı erməni adı kimi qələmə verir. Amma Zori adlı erməni müğənnisi var. Öz adımı qoluma döydürmə də elədim. Bilirsiniz, mənə Zorik deyəndə, həmin adamın səmimiyyətini daha çox hiss edirəm. Amma Zöhrab deyə müraciət edəndə, mənə elə gəlir ki, arada rəsmiyyətçilik var.

- Doğrudur ki, Lətif Kərimov sizin babanızdır?
- Mənə atmaca atanlar, gördüyüm işləri bəyənməyənlərə demək istəyirəm ki, “alaq otu” deyiləm. Nəslim-nəcabətim var. Lətif Kərimov kimi insanlar əsrdə bir dəfə dünyaya gəlir. Çünki o, gözləri qapalı halda xalçaya əlini vurmaqla, neçənci ildə toxunduğunu, hansı iplərdən istifadə olunduğunu deyə bilərdi. Mənə ondan genetik olaraq istedad keçib. Onu da deyim ki, babamın saçları uzun olub, mənimki kimi. Əlində yekə üzüyü, qolbağı olardı.

Bilirsiniz, insan var, ulduz doğulur, insan da var, bu həyata şahzadə kimi gəlir. Müğənnilər var ki, bu sənətə gəlincə çox pis yollardan keçiblər. Amma mən şahzadə doğulmuşam, Lətif Kərimovun nəvəsi kimi gəlmişəm həyata. Mənə nə ləkə yaxsalar da, yapışmayacaq.

Səhnə imicimə gəlincə, bu heç kimi maraqlandırmamalıdır. Arxamca danışırlarsa, deməli, mən bir addım öndəyəm. Özümə diqqət yetirməyi sevirəm. Dünya şou-biznesi praktikasında buna rast gəlinir. Sadəcə, bizdə bunu qəbul etmək istəmirlər.

Bəli, mən baxımlı kişilərdənəm. Mən həmişə istəyirəm ki, hətta istənilən bir qadından belə gözəl olum. Getdiyim məclisdə hamıdan baxımlı və yaraşıqlı görünmək istəyirəm. Bilirsiniz, gərək insan heç kimin haqqında pis fikirdə olmasın. Bizim elə müğənnilərimiz var ki, min hoqqadan çıxırlar, naməlum yolla özlərinə maşın alırlar, sonra da deyirlər ki, biz kişiyik.

- Zorik, nə vaxt evlənmək istəyirsiniz?
- Ancaq 35 yaşımdan sonra evlənəcəyəm. Ən böyük arzum ad almaqdır. Ondan sonra ailə qurmaq haqda fikirləşəcəyəm.

- Necə bir qadınla ailə qurmaq istəyərdiniz?
- Sarışın xanımlardan xoşum gəlir. Əsas odur ki, ürəyimə yatan bir insan olsun. Görünüşü o qədər də önəmli deyil.

- Neçə dəfə aşiq olmusunuz?
- Yerli şou-biznesdə birini sevmişdim. Qapılarında sürünmüşəm. Özümü öldürürdüm, ağlayırdım. O, insan məni başa saldı ki, biz ancaq dost ola bilərik. İndi onunla münasibətlərimiz əladır.

- Ümrə ziyarətinə gedəcəyiniz deyilir. Bu xəbər nə dərəcədə doğrudur?
- Namaz qılmağa hazırlaşıram. Allah izin verərsə, Həcc ziyarətinə də getməyi düşünürəm. Allahın qarşısında günahlarım olub və günahlarımın bu yolla bağışlanmağını nəzərə alıb mən də namaz qılmağa hazırlaşıram.

Hər bir insanı bu yola səsləyirəm, Allah bağışlayandır və ümid edirəm ki, mən də bağışlanacağam. Bilirəm ki, məni gözü götürməyən çox insan bunları eşidəndə inanmayacaq. Mənə olmazın qara yaxan bütün insanları Allaha həvalə edirəm.