Zorlanma xəbəri yayılan müəllimə ilə bağlı - açıqlama

zorlanma-xeberi-yayilan-muellime-ile-bagli-aciqlama
Oxunma sayı: 677


Bildirmək istərdik ki, mart ayının 23-də bizimyolinfo.com saytında M.V.Lomonosov adına MDU-nun dosenti haqqında gedən məlumat həqiqətə uyğun deyil.

Qeyd etmək lazımdır ki, hadisə saytda göstərildiyi kimi, mart ayının 22-də deyil, 21-də baş vermişdir. Belə ki, Moskva Dövlət Universitetinin Bakı filialının yeni kampusu yerləşən Binəqədi rayonu Xocasən qəsəbəsində gəzintiyə çıxan orta yaşlı dosent-müəllimə iki nəfər spirtli içki qəbul etmiş Qobu qəsəbə sakinləri tərəfindən soyğunçuluğa məruz qalmışdır.

Cinayətkarlar müəllimənin qol saatını, üzüyünü və fotoaparatını zorla əlindən almış, sonra onlarla getməsini tələb etmişlər. İnsident zamanı müəllimə onlara müqavimət göstərdiyi üçün cinayətkarlar ona bir neçə bədən xəsarəti yetirmiş və onu zorlamağa cəhd göstərmişlər.

Müəllimə cinayətkarlara qəti müqavimət göstərərək, özünü onların əlindən qurtara bilmişdir. O anda həyatı belə təhlükəyə məruz qalan qadın fiziki xəsarətlər alsa da, öz şərəf və ləyaqətini qoruyub saxlamışdır.

Həmin gün hadisədən sonra Məhkəmə Tibbi Ekspertizanın ekspertləri müəlliməni müayinə etmiş və zorlama hadisəsinin olmadığını təsdiq etmişlər.

Müəllimə Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı kliniki tibbi mərkəzində də rentgen və kompyuter tomoqrafiyası müayinəsindən keçmişdir. Həkimlərin rəyinə əsasən, müəllimədə kəllə-beyin travması və daxili orqanlarda xəsarət aşkar edilməmişdir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və prokurorluq orqanlarının keçirdiyi peşəkar tədbirlər nəticəsində, cinayətkarlar hadisənin səhəri günü - mart ayının 22-də yaxalanmışlar.
Təəssüf hissi ilə qeyd edirik ki, Moskva Dövlət Universitetinin Bakı filialı hər zaman ictimaiyyətə açıq olmasına baxmayaraq, bəzi informasiya vasitələri yoxlanılmamış, dəqiqləşdirilməmiş yanlış informasiyanı yayımlayıblar. Bu isə heç bir etik qaydalara sığmayan bir hal və demək olar ki, qeyri-sağlam bir təşəbbüsün təzahürü kimi qiymətləndirilir.

Hazırda zərər çəkmiş müəllimənin psixoloji durumu normaldır və bayram günlərindən sonra o, pedaqoji fəaliyyətini davam etdirəcəkdir.