Zülfüqarlıların işi beynəlxalq hesabatlara salınacaq

zulfuqarlilarin-isi-beynelxalq-hesabatlara-salinacaq-
Oxunma sayı: 649

Birlik BMT və ATƏT-ə hazırlayacaqları hesabatda bu məsələyə xüsusi önəm verəcək. Bu barədə “Qafqazinfo”ya açıqlama verən birliyin sədri, hüquq müdafiəçisi İradə Cavadova bildirib ki, o, Zülfüqarlıların qarşılaşdıqları qanunsuzluqları əhatə edən sənədlərlə tanış olanda dəhşətə gəlib: “Bizim təşkilat kiçik və orta sahibkarların müdafiəsi ilə bağlı ATƏT-lı birgə hesabat hazırlayır. Eyni zamanda, BMT-nin İnsan Haqları Komitəsinə iqtisadi-sosial və mədəni hüquqlara dair Azərbaycan hökumətinin təqdim etdiyi hesaba əks hesabat ortalığa qoyacağıq. Bu günə qədər minə yaxın sahibkar hüquqlarının tapdanması haqqında birliyimizə müraciət edib. Biz bu məsələləri hazırlayacağımız sənəddə əks etdirəcəyik. Təşkilatımıza Nurəddin Zülfüqarlının müraciəti daxil olub. Zülfüqarlıların qarşılaşdıqları qanunsuzluqlar, Nurəddin Zülfüqarlının sahibi olduğu Bakı Poladtökmə Zavodunun hansı vəziyyətə gətirməsi və sonradan əlindən alınması barədə sənədləri öyrəndikcə, çoxlu suallarla rastlaşdıq. Hesab edirəm ki, bu məsələyə geniş ictimai nəzarət olmalıdır, çünki baş verənlər yalnız Zülfüqarlı qardaşlarına yox, ictimaiyyətə zərbədir. Məsələ ondadır ki, özbaşınalıqlar nəticəsində nə qədər insan işsiz qalıb. Vəziyyətin acınacaqlı olduğunu nəzərə alıb məsələnin ictimailəşməsinə ehtiyac var. Məncə, hüquq müdafiəçiləri bu məsələni nəzarətə götürməlidirlər”.

İradə Cavadova bildirib ki, onlar Zülfüqarlıların qarşılaşdıqları qanunsuzluqları əks etdirən sənədlər əsasında əvvəlcə dövlətin müvafiq qurumlarına müraciətlər ünvanlayacaqlar: “Bu sırada Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına və Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə adını çəkə bilərəm. İstəyirik ki, cavab alaq, görək, bu sifarişdir, yoxsa hansısa səhv nəticəsində baş verib? Məsələ ondadır ki, bu sahibkarların hüquqları kobud şəkildə pozulmuşdur. Düşünmürəm ki, hökmən nəyəsə nail olacağıq. Amma bu müraciətlərimiz əsasında bir aydınlıq yaradıb beynəlxalq təşkilatlar qarşısında bu məsələni qaldıracağıq. Ona görə biz bütün addımları atmaq haqqında düşünürük. Bəli, onları hüquqi müstəvidə müdafiə edən vəkilləri var, ancaq biz məsələni yerli və xarici ictimaiyyət qarşısında qaldırmaqda israrlıyıq. Və BMT-nin İnsan Haqları Komitəsinə iqtisadi-sosial və mədəni hüquqları ilə bağlı beynəlxalq paketində bu qanunsuzluq mütləq öz əksini tapmalıdır”.