Zurabişvili İrəvanda rəsmilərə meydan oxudu - Azərbaycana görə

Zurabişvili İrəvanda rəsmilərə meydan oxudu
Oxunma sayı: 5778

Xəbər verdiyimiz kimi, Gürcüstan prezidenti Bakı səfərindən sonra martın 13-də Ermənistana səfər edib. Onun erməni həmkarı Armen Sarkisyanla danışıqlarının əsas mövzusunu Dağlıq Qarabağ münaqişəsinin həlli yolları təşkil edib.

“Qafqazinfo”nun məlumatına görə, Rusiyanın “Kommersant” qəzeti yazır ki, İrəvanda aydınlaşdırmağa çalışıblar ki, Gürcüstan dövlətinin başçısı Bakıda “Gürcüstan və Azərbaycan ərazilərinin işğalı” haqqında verdiyi bəyanatda nəyi demək istəyib. Nəticədə, Gürcüstan prezidenti nəinki Dağlıq Qarabağla bağlı mövqeyini təsdiq edib, həm də Ermənistan rəhbərliyinin ünvanına ittihamlarla çıxış edib.

Nəşr qeyd edir ki, Salome Zurabişvilinin sərt mövqeyi Gürcüstanın bütün postsovet dövrü ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərinə münasibətdə sərgilədiyi “bərabər uzaqlıqda” siyasətinə son qoya bilər.

İrəvanda Gürcüstan prezidenti Salome Zurabişvilini qəbul edən Ermənistan rəhbərliyini gürcü həmkarının Bakıda səsləndirdiyi bəyanatı xüsusilə maraqlandırırdı. 

Fevralın 27-də Azərbaycana rəsmi səfəri çərçivəsində xanım Zurabişvili Azərbaycan və Gürcüstan ərazilərinin işğalı mövzusuna toxunmuşdu. Onun Gürcüstanın keçmiş muxtar vilayətləri olan Abxaziya ilə Cənubi Osetiyanın Rusiya tərəfindən işğalı barədə söylədikləri heç kimi təəccübləndirmədi. Belə ki, Gürcüstan rəhbərləri Moskvanın ünvanına tez-tez bu cür ittihamlarla çıxışlar edirlər. Lakin bu dəfə Gürcüstan prezidenti ilk dəfə açıq şəkildə Ermənistanı Azərbaycana məxsus Dağlıq Qarabağın və ona bitişik bir sıra ərazilərin işğalında ittiham etdi.

“Biz, demək olar ki, eyni vaxtda ölkələrimizin müstəqilliyini bərpa etdik və eyni faciələri yaşadıq” – Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində demişdi. Bu zaman Gürcüstan dövlətinin başçısı dəqiqləşdirmişdi ki, “oxşar faciələr” dedikdə məhz ərazilərin işğalını nəzərdə tutur.

Prezident sözlərinə belə davam edib: “İşğal olunmuş ərazilər bizim üçün də sağalmaz yaradır”. O, məmnunluqla bildirib ki, Gürcüstan və Azərbaycan işğala baxmayaraq, öz dövlətçiliklərini gücləndirə və iqtisadiyyatlarını inkişaf etdirə biliblər.

“Kommersant”ın məlumatına görə, İrəvandakı görüşlərdə, o cümlədən Ermənistan prezidenti Armen Sarkisyanla və Baş nazir Nikol Paşinyanla görüşdə Salome Zurabişvilinin Bakı bəyanatları ilə bağlı məsələ müxtəlif kəskinliklə qaldırılıb. Lakin Gürcüstan prezidenti özünə bəraət qazandırmağa, yaxud da bəyanatını ört-basdır etməyə çalışmayıb. Əksinə, o, erməni tərəfinin ünvanına bir sıra iradlar da səsləndirib.

Xüsusilə də, Zurabişvili Ermənistan Milli Assambleyasının sədri Ararat Mirzoyanla görüşü zamanı xəbərdarlıq edib ki, onun ölkəsi üçün Gürcüstanın ərazi bütövlüyünün Ermənistan tərəfindən sözdə deyil, əməldə tanınması çox vacibdir. Dövlət başçısı burda aydınlaşdırıb ki, Dağlıq Qarabağın nümayəndə heyətlərinin Abxaziya və Cənubi Osetiyaya səfərlərini nəzərdə tutur. 

“Səfərlərin təşkilatçıları bununla nümayiş etdirirlər ki, bu münaqişələr simmetrikdir”,- Gürcüstan prezidenti narazılığını gizlətməyib. “Bu, çox təəssüf doğuran və ağrılıdır”, - Salome Zurabişvili eyni əhval-ruhiyyədə sözlərinə davam edib. “Biz hesab edirik ki, burada (Ermənistanda – “Kommersant”) ölkəmizə münasibətdə olmalı olduğu qədər xoş niyyət yoxdur”.

“Tbilisidə Gürcüstanın Ermənistan-Azərbaycan münaqişəsində tərəflərə qarşı neytral siyasətin aparıldığı bütün postsovet məkanında Zurabişvilinin sonuncu bəyanatlarının görünməmiş hadisə olduğunu düşünürlər”. Bu barədə “Kommersant”a Gürcüstanda müxalif “Evropeyskaya Qruziya” partiyasının liderlərindən biri, XİN rəhbərinin keçmiş müavini Serqi Kapanadze bildirib.

Onun sözlərinə görə, Zurabişvili masa arxasında belə həssas məsələdə fikirlərini açıq şəkildə dediyinə görə Ermənistana qarşı diqqətli olmalıdır. Eks-müavin  Zurabişvilinin bəyanatının onu təəccübləndirmədiyini söyləyib. “Bu, hələ başlanğıcdır, digər bənzər bəyanatlar da olacaq”, - deyə diplomat əminliklə bildirib.

Gürcüstan hökuməti prezidentin Bakıda və İrəvanda verdiyi bəyanatlara şərh verməkdən çəkinib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi