9 nömrəli palata -

-9-nomreli-palata-
Oxunma sayı: 1172


A.P. Çexov “6 nömrəli palata” əsərində yazır ki, “ümumi bədbəxtliklə bir-birinə bağlı olan adamlar bir yerə toplanarkən özlərini yüngül hiss edirlər”. İnsanlar ümumi bədbəxtliyi həbsxanada və xəstəxanada paylaşırlar, başqa asudə zamanlarda özlərinin bədbəxtliklərinin fərqində olmurlar. Onlar təsəlli zənciri ilə bir-birinə bağlı olurlar. Onları həyata bağlayan bir ip var – ümid. Bu ip çox kövrəkdir, hər an qırıla bilər.  

Mənə xüsusi palata ayırmışdılar; nişastalı yataq dəsti, kondisionerli otaq, pəncərədən görünən gözəl mənzərə. İlk baxışda hər şey qaydasında idi. Həkimim gülərüz, müsbət auralı bir qadındı, tibb bacıları palataya girəndə nöbvətçi təbəssümü üzlərinə taxmağa məcburdurlar. Bu təbəssüm onların iş prinsiplərinin vacib komponentidir, cərrahın əməliyyat otağına girərkən üzünə taxdığı maska qədər vacibdir.

Xadimələrə baxanda nədənsə ürəyim sıxılırdı. Bu qadınların həyatı zir-zibil təmizləməklə keçir, hər gün neçə zarıyan, can verən, canını tapşıran xəstə görürlər. Onların yaddaşı kədərli mənzərələrlə zəngindir, beyinləri sanki pas atmış əşyaların yığıldığı zirzəmidir. Qapıçılar da burdakı ölüm-itimlərə çoxdan alışmış kimidilər. Aşağıda bir qadına övladının reanimasiyada öldüyünü xəbər verəndə zavallı qadın qəfildən bir qiyyə çəkdi ki, bədənim buza döndü, alnıma soyuq tər gəldi. Ağ xalat geymiş qapıçı isə sanki bu fəryadı eşitmirdi. Üzündəki daş kimi laqeyd ifadə ilə Təcili Yardım maşınının sürücüsüylə söhbət edirdi. Fikirləşəndə ki, bu adam hər gün belə hallarla rastlaşır, dəhşətə gəlirsən. Görəsən, bu adamın doğması, əzizi canını tapşırsa, yenə üzündəki daşlaşmış ifadə dəyişməyəcək? Palataya çəkilib uzun müddət özümə gələ bilmirəm. Sonrakı günlərdə təkcə mən qaldığım korpusda hər gün bir xəstə canını tapşırırdı və aşağıdan qopan qəfil fəryad səsləri əsəblərimi yerindən oynadırdı. Gecədən xeyli keçənədək çimir ala bilmirdim.

Gecə siqaret çıxmaq üçün çıxanda boş dəhliz mənə ölüm tunelini andırırdı. Birinci mərtəbədə ağır xəstələr yatır, ikincidə vəziyyəti nisbətən yüngül olanlar, üçüncüdə isə mənim kimi, hələ ağırlaşmamış xəstələr qalır. Amma aşağıda yer olmayanda ağır xəstələri də yuxarı qaldırırlar. Burda əksərən “stajlı” xəstələr yatır, hər 3-4 aydan bir burda yatmağa məhkum olanlar. Onlardan biri də Mameddir, hamı ona “Gepa papa” deyir. Xəstəxanada məmə deyəndən pəpə yeyənədək, hamının tanıdığı adamdır. Üç dəfə ciyərinə su yığılıb. Dünya-aləm vecinə deyil, şad-xürrəm gəzib dolanır. Hər halda, zahirən əhlikef adam təsiri bağışlayır. 

Palatada su kranı xarab olmuşdu, xadimələrdən birinə dedim. Az keçməmiş otağa arıq, orta yaşlı bir kişi daxil oldu və salaməleykdən sonra birbaşa tualetə keçdi. Elə hazırlaşırdım ki, deyəm siz kimsiniz, gördüm kranı düzəldir. Olduqca baməzə, koloritli adamdır. Dedi sən də hepatitsən? Dedim hə. Qayıtdı ki, həə, sən də bizim ailənin üzvü oldun. Biz hepatit uşaqlarıyıq.  Rusca əlavə elədi: Ya Gepa papa! Onunla dostlaşdıq, axşamlar ikinci mərtəbəyə düşüb domino oynayırdıq. Axşamlar qapı ritmlə tıqqıldayanda bilirdim ki, gələn odur. Hər dəfə də gəlib məni çarpayıda uzanıb kitab oxuyan vəziyyətdə görürdü. Alə, bəsdi də kitab oxudun, düş, bir az həyətdə gəzişək, deyirdi. 

Mamed bu xəstəliklə bağlı zəngin biliyə malikdir, az qala, həkimlər qədər məlumatlıdır. Bir gün dedi ki, bizim kimi xəstələrin ayrıca çayı olur, “Hepartea”. Aptekdə satılır, düş, gedək alaq. Hər gün ondan iç. Xəstəxanada qaldığım müddətdə hər gün yanıma dostlar, tanışlar, qohumlar gəlirdi. Tək qalanda kitab oxuyurdum. Amma axşamlar əl-ayaq çəkiləndə darıxmağa macal olmurdu, Mamed özünü yetirirdi. Barmaqlarım arasında tüstüləyən siqareti görüb məni danlamağa başlayırdı: Ay zalım, az çək bu zəhrimarı! Gəl gedək, bir az təmiz hava alaq. 

Mamed bu bədbəxtlik simfoniyasının yeganə major qammasıydı... 

“Qafqazinfo”