İnsan oğlunun xisləti belədir; günü xoş keçəndə, yeyib-içəndə heç vaxt Allah yada düşmür. Amma bir qədər çətinə düşəndə, dərd-qəm içində üzəndə üzünü göyə tutub, Uca Yaradandan kömək istəyir...
Əgər fikir vermisinizsə, həbsxanaya düşən adamlar qısa müddət ərzində dinə meyllənirlər. Sabiq nazirlər Əli İnsanovun, Fərhad Əliyevin, keçmiş deputat Gülər Əhmədovanın məhbəsdə ibadət əhlinin sırasına qoşulmaları məni çox təəccübləndirmişdi. Axı, İslam dini 1500 ildir mövcuddur. Akademik titulu daşıyan, nazir işləyən, cibində deputat mandatı gəzdirən adamlar bu sadə həqiqəti çoxdan dərk etməli idilər. Heç cür anlaya bilmirəm ki, niyə bəzi insanlar vəzifədə olanda, camaatın qanını soranda başlarının üstünəki Allahı bi dəfə də olsun gözlərinin qabağına gətirmirlər? Adam tanıyıram ki, vəzifədə işləməyini, var-dövlət qazanmağını qeyri-adi qabiliyyət sahibi olması ilə izah edir, amma ayağı büdrəyəndə, bir qədər çətinə düşəndə bunu “Allahın işi” adlandırır. 28 yaşlı gənc həyat yoldaşını, 3 körpə qızını damın altında tək qoyub, 35 il Rusiyada veyillənən adam sağlamlığını itirəndən sonra geri qayıdanda öz əməlinə belə haqq qazandırır: “Görünür, Allah-Təala mənim alnıma bu taleyi yazıb”. Sonra isə müdrik görkəm alaraq, utanmaz-utanmaz belə deyir: “Yazıya pozu yoxdur”.
Təxminən dörd-beş il “Səni axtarıram”ın studiyasında bu cür adamlara qarşı amansız mübarizə aparmışam. Etiraf edirəm, bəzən tənqidin dozası çox olub, bəzən qarşımda dayanmış adamın yaşına və ağarmış başına hörmət eləməmişəm. Mənim əqidəm belədir ki, insana yaşına yox, əməlinə görə hörmət etmək lazımdır. Əgər kimsə bu etibarsız dünyada uzun illər yaşayıb, saç-saqqal ağarda bilibsə, bunu Allahın lütfü kimi qiymətləndirməlidir. Allah-Təalanın göndərdiyi müqəddəs kitab insanın öz valideynlərinə naxələf çıxmasını, öz həyat yoldaşını, körpə övladlarını damın altında tək qoyub, başqa qadınlarıla gün keçirməsini günah sayır. Bu cür yaramaz əməl sahibi olan adamlar heç olmasa abırlarına qısılıb, sonradan başlarına gələn müsibətə görə Allah-Təalanı qınamaqdan çəkinməlidirlər.
Ölkədə məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluq tüğyan edir. Ziya Məmmədov neçə illərdi ki, gələcək nəsillərə çatmalı olan neft pullarını havaya sovurmaqla məşğuldur. Kəmaləddin Heydərov gömrükdə monopoliya yaradıb, Hacıbala Abutalıbovun nə işlə məşğul olduğunu özündən başqa heç kim bilmir. Müəllimlərin 200, həkimlərin 157, mədəniyyət işçilərinin 135 manat maaş aldıqları bir dövrdə Rövnəq Abdullayev özünə 64 mərtəbəli ofis tikdirir. Məhkəmə günahsız adamlara iş kəsir, həkim kasıb xəstəyə baxmır. Məni yandıran odur ki, sabah bu adamların hansı türməyə düşsə, dərhal ibadət eləməyə başlayacaq. Xalqın sərvətini talayan, yetimin haqqını yeyən bu adamlar başa düşmürlər ki, Allah-Təalanın nəzəri daim onların üzərindədir. Allah insana ona görə ağıl verib ki, yaxşını pisdən, ağı qaradan ayıra bilsin. İnsanın Allah-Təalanı öz yaramaz əməllərinə şərik etməsi, loru dildə desək, Onu borclu çıxarması Yaradanın üzünə ağ olmaqdır. Belə əməllərin cəzası çox ağır olur...
Son xəbərlər
Son Xəbərlər