Anasını sürüyən oğlan

-anasini-suruyen-oglan-
Oxunma sayı: 2500


O, bunları mənə Məhərrəmlik bitən günün ertəsi - paytaxtın şadlıq evlərindən birindəki toyda danışdı. Və bütün söylədikləri 2 il bundan əvvəl baş verib. Deyirdi ki, fasadlara yaxşı üzlük vurandır. Zərgər dəqiqliyi ilə işləyir. Yanında oturan qohumu da onu çox tərifləyirdi: “Bakı şəhərində fasadlara bundan yaxşı üzlük vuran yoxdur”. Düşündüm ki, qohumu olduğuna görə belə tərifləyir, ya da məni potensial müştəri gözündə görürlər.

Toy məslisində yanımda oturduğundan qulağıma qışqıra-qışqıra danışdıqlarını aydın eşitmirdim, çünki şadlıq evində adəti üzrə akustika normal qurulmadığından, adamlar bir-birilə söhbət etmək üçün mahnıların kəsilməsini gözləyirdilər. Ancaq çalğıçıların şam etmək üçün fasilə götürdükləri 10 dəqiqə ərzində mənə 2 il bundan əvvəl şahidi olduğu bir hadisəni danışdı. 

Maqsud adlı bu oğlan 2 il bundan əvvəl paytaxtdakı köhnə beşmərtəbəli binanın fasadına üzlük vururmuş.


Bina sakinlərinin eyvanlarına çıxmağa məcbur qalırdıq. Elə ev sahibləri var idi ki, çay dəmləyib məcməyidə bizə də verirdi. Eləsi var idi ki, nahar üçün evə çağırırdı. Nahara getmirdik. İş icraçımız ciddi adam olduğundan belə dəvətlərə getməyi qadağan etmişdi. Bir nahara görə iş yerimizi itirmək istəmirdik. Ancaq çayı məmnuniyyətlə alıb içirdik, buna icazə verirdi.  Havalar isti olduğundan çay, ayran, mineral sudan imtina etmirdik. Hə, onu deyirdim axı. Üçüncü mərtəbədə bir nurani qadın qalırdı. Hardasa 60-65 yaşı olardı. Hər dəfə eyvana çıxıb bizə dua edirdi: “Allah sizi saxlasın”, “Allah sizi qol-budaq etsin”. Səhər saat 10-a, 11-ə qədər həmin qadının evində sakitlik olurdu. Həmin saatdan sonra onun oğlu eyvana çıxıb qışqırırdı ki, “işinizi nə vaxt qurtarıb cəhənnəm olacaqsız?”. Biz də şirin dilimizə salıb bu uzunqulağı yola verirdik. Sonra evdə səs-küy qopurdu. Hərdən tül pərdənin arasından evdə olanları görürdük. 

Bu yerdə dözə bilməyib atmaca atdım:

-Camaatın evini güdürdünüz?

-Niyə elə deyirsiz? İstər-istəməz göz sataşır da. Bir dəfə tül pərdənin arasından gördüm ki, oğlan yumruğunu düyünləyib anasının üstünə çımxırır. Deyirdi ki, “mən o qızla evlənəcəyəm”. Anası da deyirdi ki, “o qız pozğundur, onu bu evə gərək meyidimin üstündən keçib gətirəsən”. Oğlan evdən çıxıb harasa gedirdi. Evə qayıdanda yenidən qırğın başlayırdı. Anası yaşlı olsa da, səsi aydın eşidilirdi. Deyirdi ki, “atan cavan öldü, mən başqasına ərə getmədim. Nə qədər istəyənim vardı. Ancaq işlədim, səni böyütdüm. Bir kişi ilə də görüşmədim ki, rəhmətlik atanın goru çatlamasın. Bax, bu əllərimlə səni böyütmüşəm. 30-dan çox yaşın var. Gör sənə nə qədər qız dedim, elçi getməyə qoymadın. İndi o pozğunla evlənmək istəyirsən? Ürəyimi partlatma. İndi ürəyimin damarları da tutulur, pul yoxdur əməliyyat etdirməyə. Gözümü sənə dikmişəm, sənsə evə pozğun gətirmək istəyirsən. Onun dünyaya gətirdiyindən nə olacaq?”. Bu sözlərdən sonra arvadın qışqırığını eşitdik. Deyəsən, oğlu onu döşəmədə sürüyürdü. Çünki arvad “saçımı burax, saçımı burax” çığırırdı. İstədim keçib eyvanın qapısını döyüm, bunları sakitləşdirim, yanımdakı usta dedi ki, “sənin nə işinə qalıb? Anasını sürüyən bizi burdan aşağı atar”. Nə isə. İş vaxtımız qurtardı, evə getdik. 

Ertəsi gün qadın eyvana çıxıb bizə dua etmədi. Ancaq hərdən evdə gəzişdiyini görürdük. Birisi gün eyvandakı şkafdan nəsə götürüb mənzilə girmək istəyəndə gözucu baxdım ki, gözünün altı qaralıb. Həmin gün axşamüstü oğlan yenə də evə gəlib anasını sürüyürdü. İstədim oğlanın payını verim, yenə yanımdakı usta dedi ki, “camaatın şəxsi işindən sənə nə?”. 

Həmin eyvanın fasadına üzlük vurub qurtardıq, sonra yuxarıdakı eyvana keçdik. Ancaq hərdənbir aşağı eyvandan gələn qışqırıq səslərini eşidirdik.

Üç həftədən sonra bu binada işimizi yekunlaşdırıb, qonşu binaya keçdik. Ancaq fikrim yenə də o qadının yanında qalmışdı. Günlərin birində “Vağzalı” səsi eşitdik. Həmin o qadının oğlu evə gəlin gətirmişdi. Bilmədim anasının etiraz etdiyi gəlindir, yoxsa başqası.. Oğlan özünü elə mədəni aparırdı ki, elə bil anasını sürüyən, gözünün altını qaraldan bu deyildi. Nə isə. O biri binada da işimizi qurtardıq. O hadisənin üstündən 2 il keçib. Bu günlərdə həmin binanın sakinlərindən biri ilə rastlaşdım. Ordan-burdan söz açdıq, yadıma o qadın düşdü. Soruşdum “o xala necədir?”. Dedi ki, “o xala ürək çatışmazlığından öldü”. Oğlunu soruşdum, qayıtdı ki, “hardasa işləyir, gecələr gəlir”. Sonra binanın həmin sakini nəsə gülümsədi. And verdirdim ki, “nəyə gülürsüz?”. Qayıtdı ki, “qardaş bütün günü işləyir... elə o gəlin də yaman “çox işləyir”. 

Barmağımı dişlədim. Elə pis olmuşdum ki, qadının nurani sifəti gözlərimin qarşısına gəldi. Və evə gedə-gedə pıçıldadım: “Yazıq qadın, gorun yaman çatladı”.