Atanın övladı bədbəxt etməsi

-atanin-ovladi-bedbext-etmesi
Oxunma sayı: 3560


Çoxdan bəri ünsiyyətdə olmadığım tanışımın nömrəsini telefonumun ekranında görəndə barmağımı dişlədim: “İşi düşməsə, zəng etməz”.

İntusiyam məni aldatmamışdı. Hal-əhval tutandan sonra tanışım mətləb üstünə gəldi: “Aprelin 13-də oğlumun toyudur. Sən də dəvətlisən”.

Ağsaqqallara xas olan əda ilə xeyir-dua verdim: “Allah xoşbəxt eləsin! Yarıyanlardan olsunlar!”

Tanışımın necə sevindiyini səsinin tonundan sezmək mümkün idi: “Sağ ol, əmisi! Balaların üçün olsun!”

Amma söhbətimiz bununla yekunlaşmadı. Tanışım təzə qohumları haqda danışmağa başlayanda, qeyri-ixtiyari soruşdum: “A qağa, sənin oğlun əsgər deyil?”

Tanışım söhbətinə bayaqkı əhval-ruhiyyə ilə davam etdi: “Komandirlə danışmışam, aprelin 9-da evə buraxacaqlar. Toya kimi 4 gün vaxtı olacaq. Yəqin bu müddət ərzində özünə gələr”.

Dilimin ucundakı sözləri geri qaytara bilmədim: “Amma bir az tələsirsən. Gərək gözləyəydin, uşaq özünə iş-güc tapandan sonra evləndirəydin”.

Tanışımın cavabı özünü çox gözlətmədi: “Tək uşaqdır, istəmədim ləngidim. Dolanışıq sarıdan narahat olma. Biz nə tapsaq, bir böyründən də  onlar yeyəcəklər. Elə bilərəm ki, bir yox, iki uşağım var”.

Hələ əsgər paltarını soyunmamış gənc üçün toy tədarükünə başlanması ürəyimcə olmasa da, mübahisə etməyə lüzum görmədim. Söhbətin sonunda ikinci dəfə xeyir-dua verib, sağollaşmaq istəyəndə tanışım toyun tarixini yenidən xatırlatdı: “Aprelin 13-nü yaddan çıxarma. Toyu özüm bazar gününə salmışam ki, başımızı aça bilək”.

Oğlan uşaqlarının erkən yaşda evləndirilməsi son vaxtlar dəb olub. Dəfələrlə yazdığım kimi, özünə şalvar ala bilməyənlər arvad alırlar. Bunun sonradan hansı fəsadlar törətdiyini hamımız görürük. Təəssüf ki, insanlar başqalarının acı taleyindən dərs almaq istəmirlər.

Tanışımı və onun gələcək həyat yoldaşının üzünü görməyən oğlunu bir kənara qoyaq. Sözüm qız atasınadır. Görəsən, onu hələ iyul ayında ordudan tərxis ediləcək oğlana qız verməyə vadar edən nədir? Oğlanın hərbi xidməti başa vurmasını gözləmək olmazdı? Heç bir yerdə işləməyən, atasının əlinə baxan, ictimai nəqliyyata minmək üçün valideynlərindən pul istəyən oğlan həyat yoldaşını və gələcəkdə dünyaya gələcək övladlarını necə dolandıracaq? Doğrudanmı, nəsildə bu barədə düşünməyə qadir olan bir Allah bəndəsi yoxdur?

Əlbəttə, heç bir valideyn övladının dırnağına daş dəyməsinə razı olmaz. Amma bəzi valideynlərin vaxtından əvvəl baba olmaq arzusu çox vaxt övladları bədbəxt edir. Kaş, bu dəfə belə olmayaydı. Axı, bərkə-boşa düşməmiş bu gənclərin heç bir günahı yoxdur...