“Azərsu”dan yay planı

-azersudan-yay-plani-
Oxunma sayı: 649

“Azərsu”nun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, təsdiq olunmuş Tədbirlər proqramına uyğun olaraq yay rejiminə hazırlıq məqsədilə içməli suyu mənbələrdən Abşeron yarımadasına nəql edən magistral kəmərlərdə profilaktika işlərinə başlanılıb. Bu işlər çərçivəsində yay aylarında Bakı şəhəri və onun qəsəbələrinin, həmçinin Abşeron rayonu və Sumqayıt şəhərinin dayanıqlı su təchizatının aparılması üçün magistral kəmərlərin vəziyyətinin yoxlanması və təmirə ehtiyac olan hissələrin bərpası, nasaz siyirtmələrin dəyişdirilməsi nəzərdə tutulur. Bu işlərin müəyyən vaxt aparması ilə əlaqədar hidravlik rejimlərdə baş verəcək dəyişikliklər Abşeron yarımadasına ötürülən suyun həcminin azalması ilə müşahidə olunacaq. Bunu nəzərə alaraq “Azərsu” ASC istehlakçılardan xahiş edir ki, bu müddətdə içməli sudan qənaətlə istifadə etsinlər və israfçılığa yol verməsinlər. Tədbirlər proqramına uyğun olaraq magistral xətlərdə profilaktika işlərinin aprel ayının əvvəllərində başa çatdırılması nəzərdə tutulur.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.