Bakı Ali Neft Məktəbində hər iki tələbənin valideynlərinin də iştirakı ilə tədbir keçirildi. Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirdi ki, tələbələrin Heriot-Vatt Universitetinə təhsil almağa göndərilməsi Bakı Ali Neft Məktəbində düzgün qurulmuş beynəlxalq əməkdaşlıq sayəsində əldə olunub. Belə ki, Aidə Soltanova və Kamran Əliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə BANM arasında əməkdaşlıq müqaviləsi çərçivəsində oxumağa göndərilirlər. Elmar Qasımov dedi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə ayırdığı xüsusi diqqət və qayğısı, eyni zamanda dövlətimiz tərəfindən aparılan siyasət nəticəsində bu işlər BANM-də düzgün və ardıcıl siyasətin davamı kimi həyata keçirilir və gənclər üçün yeni üfüqlər açır. O bildirdi ki, bir semestr orada oxuduqdan sonra, təhsillərini başa çatdırmaq məqsədi ilə tələbələr Bakı Ali Neft Məktəbinə qayıdacaqlar. Elmar Qasımov vurğuladı ki, bu imkan tələbələr üçün böyük beynəlxalq təcrübə, həmçinin motivasiya olacaq. Tələbələrə getdikləri ölkənin tarixi, çoğrafiyası, mədəniyyəti, adət-ənənələrini də öyrənməyin zəruriliyini deyən Elmar Qasımov bildirdi ki, yarandığı qısa dövr ərzində ilk dəfədir ki, Ali Məktəb tərəfindən tələbələr xarici ölkəyə oxumağa göndərilir. Bundan sonra o, BANM-in tələbələrinin hər il müxtəlif ixtisaslar üzrə təhsil almağa göndəriləcəyini bildirdi və dedi ki, bu ənənəvi olaraq davam etdiriləcək. Rektor tələbələrin yüksək təhsil və bilik göstərməklə yanaşı, həm də orada təmsil etdikləri Ali Məktəbin adını və Azərbaycanın bayrağını hər zaman yüksəkdə tutacaqlarından əminliyini bildirdi.
Tələbələr Aidə Soltanova və Kamran Əliyev çıxış edərək, həm rektor Elmar Qasımova, həm də BANM-in professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildirdilər.
Son xəbərlər
Son Xəbərlər