2014-cü ilin xüsusilə avqust ayının istilərində Bakı metrostansiyalarından çıxan sərnişinlərin üzündə sevinc işırtıları görünürdü. Bu, aşağı və qaranlıq dünyadan üst və işıqlı dünyaya çıxmaqdan yaranan sevinc deyildi. Bu, nəhayət ki, vaqonlardakı havasızlıq və sauna effekti yaradan mühütdən azadolma sevinci idi. Bəzi sərnişinlərin gigiyena qaydalarına əməl etməməsini də bu havasızlığa əlavə etsək, onda yuxarı qata çıxmaq cənnətin qapılarının açılması deməkdir.
Beləliklə, Bakı Metropiliteninin vaqonlarında havasızlıq hökm sürür və kondinsioner yoxdur. Bir müddət əvvəl idarədən bildirilmişdi ki, kondisionerlərin yoxluğu metropolitenin vaxtilə sovet inşaat sistemi ilə tikilməsindən irəli gəlir. Qeyd edək ki, SSRİ-nin metro olan respublikalarındakı inşaat sistemi yalnız Moskva tərəfindən layihələndirilib. Tunellərdəki tikinti işləri vahid qaydada aparılıb, ola bilər ki, sərnişinlərin vaqonlara minməsi məkanları hər bir respublikanın özünəməxsus naxışları ilə fərdi qaydada zənginləşdirilə bilərdi. Bu barədə danışmayaq.
Mövzu Bakı Metropolitenində havasızlığın kəskin dərəcədə müşahidə edilməsidir. Bir məsələ maraqlıdır ki, vaxtilə mərkəzdən – Layihələndirmə İnstitutu tərəfindən layihələndirilən tikinti işlərinin özəyi olan Moskvanın metropolitenlərindəki bəzi stansiyaların vaqonlarında kondisionerlər mövcuddur. Deməli, burda söhbət sovet inşaat sistemindən getmir. Axı Moskvadakı metropolten də sovet inşaat sistemi ilə tikilib. Necə olur ki, Rusiya Federasiyasının paytaxtında kondinsioner işləyir, Bakı metrostansiyalarında isə mövcud deyil ? Anladınız. Burda söhbət vaqonlardan gedir. Bakı Metropolitenində köhnə vaqonlara kondinsioner quraşdırmaq mümkün deyil. Deyilən işə start verilsə belə, bu, maddi vəsaitin boş yerə sərfiyyatı deməkdir. İşın optimal həlli Metropoliten parkına yeni vaqonlar alınmasından ibarətdir.
Qeyd edək ki, Bakı Metropoliteninin parkında hələ də “Mıtışin” maşınqayırma zavodunun, eləcə də 1980-ci il Moskva Olimpiadasının şərəfinə istehsal olunan 81-717/714 seriyalı vaqonlar qalmaqdadır. Düzdür, Bakı Metropoliteni bu seriyalı vaqonların modifikasiya edilən yeni buraxılışlarını alsa da, həmin vaqonlara da kondinsionerlərin quraşdırılması çətin məsələdir. Kondinsionerlərin quraşdırılması Rusiyanın “Metrovaqonmaş” ASC-nin istehsalı olan 81-760/761 seriyalı yeni vaqonlarda quraşdırıla bilər. Həmin vaqonların qiyməti 60 milyon rubl, AZN-lə 1 mln. 224 min manatdır.
Ümumiyyətlə, sovet illərində Bakı Metropolitenin Moskva istehsalı olan vaqonları alması təbii idi. Eyni ölkənin tərkibində yaşadığımızdan, bunu anlamaq elə də çətin deyil. Hazırda isə Moskva istehsalı olan zavodlardan vaqonların alınmasını da hardasa anlamaq olar. Bu sovet inşaat sitemi ilə bağlı olmaqla yanaşı, ehtiyat hissələrinin gətirilməsinə görə də hardasa sərfəlidir. Amma burada getdikcə risk etmək lazımdır. Risk isə ondan ibarətdir ki, getdikcə inkişafda olan, eləcə də hər il turist artımına şahidlik edən Bakı metrosu dünyaca məşhur şirkətlərin vaqonlarına üstünlük verməlidir. Çünki inkişaf etmiş ölkələrdə Moskva istehsallı zavodların vaqonlarına demək olar ki, üstünlük verilmir. Məsələn, Almaniya metrostansiyalarında əsasən “AnsalBreda”, ABŞ-da yapon konsorsiumunun istehsalı olan “Kawasaki Heavy”, Yaponiyada “Kato”, Böyük Britaniyada “Alstom”, Fransada “Alstom”, “Bombardier”, “Technicatome” və “CSEE”, Koreyanın paytaxtı Pxenyanda dünyaca məşhur şirkətlərdən olan “Bombardier”in vaqonları xəttə çıxarılır.
Bundan başqa, yeni vaqonların alınması ilə də kondinsioner quraşdırılma məsələsi öz həllini tapmaya bilər. Səbəbi ikinci məsələdir: metropolitenin enerji sektorunu qaydaya salmaq. Məsələn, bir müddət əvvəl Moskva metrosunda kondinsioner quraşdırılan vaqonda tüstülənmə halının baş verməsini araşdıranda məlum olmuşdu ki, enerji sektoru qaydasında deyil, yeni güclər qoşulmalıdır.
Onu da qeyd edək ki, Moskvanın bütün stansiyalardakı kondinsioner quraşdırılması işləri 2020-ci ildə başa çatacaq. Və bu işlərin tamlıqla başa çatdırılması üçün 300 milyard rubl, AZN-lə 6 milyard 120 milyon vəsait sərf ediləcək. Böyük vəsaitdir. Nəzərə alınsa ki, Bakı Metropolitenindəki stansiyaların sayı Moskvadakından dəfələrlə azdır, bu işləri tezliklə başa çatdırmaq olar. Əgər lazımı həcmdə vəsait ayrılarsa.
Beləliklə, Bakı metrosunda kondinsinerlərin quraşdırılmasına tezliklə başlamaq lazımdır. Bunun üçün yeni vaqonların alışı daha da sürətlənməlidir. Həm də 2015-ci ildə Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi bunu labüdləşdirir. Birdən turist metroya enməli olsa... O turistin hansı hissləri keçirdiyini təsvir etməyək.
Kondinsinerlər quraşdırılana qədərsə ventilyasiya sistemini təkmilləşdirmək lazımdır ki, havasızlıq daha da kəskin hal almasın. Uğurlar olsun.