Bayılda dağıdılan dağın müsibəti -

-bayilda-dagidilan-dagin-musibeti-
Oxunma sayı: 1154


2014-ci ilin noyabrından bəri baş verən yağıntılar zamanı sürüşmə halları artıb. Bu sahədə Zığ sürüşmə sahəsində aktivlik müşahidə edilir. 

Verilən məlumata görə sürüşmə zamanı çatlar genişlənib, evlərin tavanında, döşəmə və fasadlarda qəzalı vəziyyət yaranıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mühəndis Geologiya Ekspedisiyası monitorinqlər aparıb. Monitorinqin nəticələrinə görə ərazidəki bir çox evlər yaşayış üçün yararsız hesab olunub. 

Ümumiyyətlə, ekoloqlar hesab edir ki, sürüşmə hadisələri təkcə baş verən yağıntılarla əlaqədar deyil. Burada qrunt suları, həmin ərazilərin rütubətliliyə meyilli olması da əsas götürülür. Səbəblərdən biri də budur ki, həmin ünvanlarda tikinti işləri aparılır. Ümumdünya ekoloqlarının əksəriyyətinin vahid fikri belədir ki, sürüşmə məsələlərində insan müdaxiləsinin birbaşa rolu var.  Nəticədə suyun sürəti və səviyyəsi artır, bununla da sürüşmə yaranır.

Sovet illərində ağ-qara lentlə çəkilən bir kadrı yəqin çoxlarınız görmüsünüz. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Heydər Əliyev Bayıl yamacında şam ağacı əkir. Azərbaycan SSR-nin rəhbəri bilirdi ki, Bayıl yamacı klassik sürüşmə zonası kateqoriyasına daxildir. Ona görə də ağacəkmə kampaniyasında şəxsən özü iştirak etməklə ölkə ekoloqlarına mesaj vermiş oldu. Heydər Əliyevin və digərlərinin həmin yamacda əkdiyi ağaclar pöhrələndi, inkişaf etdi, sürüşmənin qarşısı maksimum dərəcədə alındı. Sovetlər Birliyinin dağılmasından sonra bəzi imkanlı adamlar bu yamacda turizm üçün nəzərdə tutulan kotteclər, villalar tikdilər. Bununla da, nəinki özlərinin, heç ailə üzvlərinin taleyi barədə düşünmədilər. “Pul varsa, harada istəsəm tikə bilərəm” prinsipi təhlükəsizliyə üstün gəldi. Nəticədə, şam ağacları kəsildi. Prezident İıham Əliyevin göstərişinə əsasən həmin villalar söküldü. Deyilənə görə, hələ də bəzi villalar sökülməyib. Hər halda Bakı Şəhər İcra Hakimiyyəti belə nöqsanı aradan qaldırar.

Şam ağacları kəsildi, villalar tikildi. Halbuki, şam ağacı sürüşmənin qarşısının alınmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, bu ağacı “təbiətin armaturu”, yaxud, “təbiətin betonu” adlandırırlar. Onun kökü bir neçə kvadratmetr sahəni möhkəm sıxır, sürüşməyə imkan vermir. Ancaq neyləyəsən ki, şam ağaclarının taleyi bizim ölkədə heç də yaxşı olmadı. Digərlərinə nisbətdə məhz bu ağaclar qırılmaya məruz qalır, onun təbiət üçün necə əhəmiyyət daşıması barədə düşünən isə azlıq təşkil edir. Bu yerdə məşhur milyonçu Musa Nağıyevlə bağlı bir haşiyə çıxım: 

Oğlu İsmayılın vəfatından sonra məşhur milyonçu Musa Nağıyev Semaşko (hazırkı Musa Nağıyev) xəstəxanasının həyətində xeyli şam ağacı əkdirir. Çünki bu ağac həm ağ ciyərdə vərəm çöplərini öldürür, həm də nəfəsalmanı asanlaşdırır. Musa Nağıyev vaxtsız ölən oğlunun timsalında istəmirdi ki, digərləri də bu xəstəlikdən vəfat etsinlər. Oğlunun xatirəsi üçün məhz yüzlərlə şam ağacı əkməyi qərara almışdı. 

Sürüşməyə gəlincə, burada insan amili əsas rol oynayır. Ölkədə yağıntılar normativi keçən kimi hansısa zonada sürüşmə baş verməsinə öyrəncəli olmuşuq. Tikinti şirkətlərinin rəhbərləri, eləcə də sadə vətəndaşlar sürüşmə zonalarında binalar ucaldır, evlər tikirlər. Bununla da təbiətin balansı pozulur. Məsələn, Bibiheybət məscidindən 200-300 metr aralıda bir dağ ekskavatorlarla dağıdılır. Ola bilsin hansısa obyekt inşa ediləcək, yaxud, oradan paytaxta alternativ yol çəkiləcək. Olsun. Amma nəzərə alınmır ki, hansısa dağın süni şəkildə dağıdılması təbiətin balansının pozulması deməkdir.

Yaxud,  xəbərlər gəlir ki, dağ rayonlarından Bakı kəndlərinin bağ evləri üçün gətirilən bir maşın qara torpağın qiyməti 300 manatadır. Bəs, o qara torpaq haradan daşınır? Ya meşədən toplanır, ya da hansısa dağın torpaq ətəyindən qaşınır. Burda da təbiətin balansı pozulur. Təbiətin balansının pozulması barədə qısa tarixi haşiyə:

Çinin tarixində iz buraxmış mərhum Mao Tsedunun aqrar sektorla bağlı göstərişi illər sonra hələ də müzakirə olunmaqdadır. Bir gün kənd təsərrüfatı naziri ölkənin liderinə xəbər verir ki, sərçələrin çoxluğu səbəbindən taxılçılıq sahəsində lazımi göstəriciyə nail olunmayıb. Mao göstəriş verir ki, bölgələrdə yaşayan hər bir sakin gün ərzində 5 sərçə vurmalı, lazımi komissiyaya təqdim edib imzasını qoymalıdır. Ölkə sakinləri belə də edirlər. Sərçələrin sayı dəhşətli dərəcədə azalır. Növbəti ildə isə kənd təsərrüfatı naziri yenə də Mao Tseduna xəbər verir ki, bu il də həşaratların sayı artıb. Və onda mərhum lider başa düşür ki, o, belə göstəriş verməklə təbiətin balansını pozub.      

Ona görə də təbiətin balansı heç bir halda pozulmamalıdır. Meşənin torpağının maşınlara yüklənib bağ evlərinə daşınması, yaxud, hansısa obyektin inşası, magistral yolun salınması üçün dağın ləğv edilməsi sonda sürüşmələrə və bəzi təbii fəlakətlərə yol aça bilər.  

Əlbəttə, tikinti şirkətlərinə binalar ucaltmaq üçün razılıq sənədi verənlər də məsuliyyətdən kənarda qala bilməzlər. Elə sadə vətəndaşa sürüşmə zonalarında, az qala palçıq vulkanlarına bitişik ərazilərdə ev tikməyə razılıq verən bələdiyyə sədrləri də burada məsuliyyət daşıyır. Bütün bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə məsləhətli şəkildə həll edilməlidir. Bu nazirliyə elə bir səlahiyyət verilməlidir ki, adamların təhlükəsizliyi üçün istənilən bələdiyyə sənədinin üstündən xətt çəkə bilsin. 

Sürüşməyə gəlincə…Ağac əkin. Çoxlu şam ağacı. Beton plitələrlə bərkitmə işləri isə intensivləşməlidir.  

“Qafqazinfo”