Bayramı yola vermək...

-bayrami-yola-vermek
Oxunma sayı: 1427


-Salam, qonşu. Bayramın mübarək. Neçə belə bayramlara çıxasan.

-Sağ ol, qonşu. Sənin də bayramın mübarək. Neçə belə bayramlar qarşıla.

Bu gün səhər dayanacaqda eşitdim bu dialoqu. İki kişi beləcə qəmgin-qəmgin görüşüb bayramlaşdılar. İkisi də kasıb təbəqədən idi. Üst-başları nimdaş, köhnə... Birinin əlindəki sellofan torbada bir çörək, bir dəstə də göyərti vardı. Avtobus gəldi. O biri kişi də mənimlə birlikdə mindi avtobusa. Və əgər cibini eşələyib 3-4 birmanatlığın arasından 20 qəpik tapıb sürücüyə verməsəydi, yəqin bu yazı da yazılmayacaqdı...

Dönə-dönə xatırladım həmin dialoqu. Yalnız vizual hiss etdiyimiz bayram günlərində bir-birimizə xoş bilib dediyimiz həmin sözlər əslində qarğış... deyil də, nədir? Belə də bayram olarmı???

***

Bu mənzərə ölkə insanlarının ümumi bayram ovqatını əks etdirirdi. Qoşa qala qapısında, bulvarda və digər parklarda yekə-yekə səməni, kosa-keçəllə, rəngli yumurtalarla bayram imitasiyası verməklə deyil, insanların bayramı qeyd etməyə maddi gücü yetmir.O dəbdəbəli bəzək-düzəyə xərclənən pullarla nə qədər süfrəni bəzəmək, neçə ürəyi sevindirmək olardı! 

Keçirəm başqa müşahidələrimə. Dükanlarda səmənilər “gəl-gəl” deyir. Boş ciblər isə bunun əksini söyləyir hüznlü, kədərli adamlara. Bazarlara rəngbərəng meyvələrdən, çərəzlərdən xalı sərilib elə bil. Evlərdə stolların üstünə isə sanki süpürgə çəkilib.

Əvvəllər bayramların yolunu gözləyirdik. İndi bayramları yola veririk.

Neçə gün öncədən şirniyyatlar bişirdi, stollar bəzənirdi, xonçalar tutulurdu əvvəllər.

*** 

Bayramlarda yenə “Biz uşaq olanda...” deyib paralel müqayisələr aparırıq. Paradokslara sinə gərə-gərə yaşayıb gedirik.Çünki sovetin tabularına baxmayaraq uşaq kimi yaşayırdıq uşaqlığımızı. Yadımdadı ki, bayramlarda bizə təzə paltarlar, hədiyyələr alınırdı. Elə sevinirdik ki... İndi boyayıb uşağı sevindirmək, əyləndirmək üçün yumurtanı zülmlə alır valideynlər. Böyük Mirzə Ələkbər Sabiri xatırlayaq:

“Ey tökən mollaların kamına şərbət, Novruz!

Əğniyalarla quran məclisi-işrət, Novruz!

Səndə hər kəs sevinir, bəs niyə ancaq füqəra

Çəkir övladını gördükdə xəcalət, Novruz?!”

Drayzerin “Cenni Herhardt” romanında belə bir epizod var: Yeni il ərəfəsində uşaqlarına hədiyyə ala bilməyən Herhardt deyir: “Şaxta baba bu il çox kasıbdı. O, hədiyyə gətirə bilməyəcək.”

***

Yeni ili yola veririk, ardınca Novruz gəlir.

Maşallah, bayramlar çox...bəhanələr ondan da çox...